Yuxarı

Öz orqanınızı bağışlayarsınızmı?

Öz orqanınızı bağışlayarsınızmı?

Dünyada hər il minlərlə insan orqan çatışmazlığından vəfat edir   xestexanaOrqan köçürülməsi bir insanın orqanının bir qismi və ya hamısının həyati funksiyasını itirmədiyi təqdirdə ikinci bir şəxsə köçürülməsi deməkdir. Əslində məntiqlə orqan nəqlinin qan nəqlindən fərqi yoxdur. Hər ikisi həyat qurtarır. Yetkinlik yaşına çatmış istənilən şəxs öz orqanını başqasına bağışlaya bilər. Ölüm ayağında olan və orqanları sağlam olan istənilən şəxs öz orqanlarını ehtiyacı olanlara bağışlayaraq bir neçə insanın həyatını xilas edə bilər.       Tarixin ilk orqan köçürməsi: harada və necə? Tibb tarixinə görə orqan nəqli ilk dəfə milladdan öncə V əsrdə reallaşdırılıb. Orqan köçürülməsinin yeni tarixi isə XVII əsrdə yazılıb. Həmin əsrdə ilk dəri nəqli həyata keçirilib, XX əsrin başlanğıcında isə ilk dəfə heyvanlar üzərində orqan nəqli həyata keçirilib. 1912-ci ildə fransız həkim Aleksis Karrel toxuma nəqli sahəsində uğurlarına görə Nobel Tibb Mükafatını alıb. İlk böyrək taransplantasiyası isə 1933-cü ildə macar həkim Voronoy tərəfindən həyata keçirilib, amma bədən böyrəyi qəbul etmədiyi üçün xəstə ölüb. 1942-ci ildə ingilis zooloq Piter Brayn sübut etdi ki, bunun səbəbi imnunitet sistemidir. 1944-cü ildə isə holland həkim Villem Kolf tərəfindən “dializator” adı verilən süni böyrək yaradıldı, bu böyrəyin sayəsində böyrək xəstəsi olan insanlar yaşaya bilirdi. Tibb tarixində ən uğurlu orqan transplantasiyasını 1954-cü ildə Çikaqoda Cozef Murray həyata keçirdi. Orqanını bağışlayan xəstənin əkizi idi, buna görə də bədən yeni böyrəyinə tez alışdı. Beləliklə tibb aləmi uğurlu transplantasiyaları ilə bir çox insanın həyatını qurtarmağa başladı. Təxmini hesablamalara görə bu günə qədər bütün dünyada yarım milyonadək böyrək köçürülüb.   Azərbaycanda orqan transplantasiyası 44 il qabaq reallaşıb Azərbaycanda ilk orqan transplantasiyası əməliyyatı  akademik Mirməmməd Cavadzadənin adı ilə bağlıdır. O Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə olaraq 1971-ci il martın 4-də pasiyentinə böyrək köçürüb. Elə bu nailiyyətinə görə də 1974-cü ildə SSRİ dövlət mükafatına layiq görülən akademik 1983-cü ilə kimi Azərbaycanda 30-a yaxın anoloji əməliyyat həyata keçirib. Hazırda Azərbaycanda orqan köçürülməsi 2011-ci ildə qəbul edilmiş “İnsan orqan və ya toxumalarının transplantasiyasi haqqında Azərbaycan Respublikasının qanunu”na görə tənzimlənir. Orqan transplantasiyası iki halda reallaşa bilər. Birincisi, könüllü donor tapıldıqda mümkün olur, ikincisi isə vəfat etmiş insanın öz orqanlarını bağışladığını vəsiyyət etdikdə və ya ailəsi icazə verdikdə. Bir insandan digərinə köçürüləcək orqanlar ürək, ağ ciyər, böyrəklər, qara ciyər, mədəaltı vəzi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası, kornea təbəqəsi ola bilər.  Məlumat üçün qeyd edəki, adıçəkilən qanun reproduksiya vasitələrinə və bu məqsədlə istifadə edilən orqanlara, onların hissələrinə, yəni yumurta hüceyrələri, sperma, yumurtalıq və ya embriona, eləcə də qan və onun komponentlərinə aid edilmir. Dünya ölkələrində olduğu kimi Azərbaycan qanunlarına görə də yetkinlik yaşına çatmayan insanlar orqan bağışlaya bilməz. Həmçinin qanunlarımıza görə həbsdə olan, hərbi xidmət keçən, ruhi xəstələrdən orqan köçürmək qəti qadağandır. Amma qanunlarımız həyatını itirmiş bir insanın orqanının başqasına köçürülməsi prosesini tənzimləyir. Ölüm ayağında olan insandan donor olması barədə razılığı hələ sağlığında alına bilər, əgər bu mümkün olmazsa, birinci dərəcəli qohumlarının razılığı ilə həyatını itirmiş şəxs donor ola bilər.   Problem hər ölkədə var Orqan transplantasiyasının daha çox insanı ölümdən qurtarmasının qarışısını alan ən böyük problem isə orqan bağışlanmasının olduqca az olmasıdır. İnkişaf etmiş ölkələrdə də bu  problem var, inkişaf etməkdə olan ölkələrdə də. Beynəlxalq statistikaya nəzər salsaq görərik ki, orqan bağışlanmasının faizi bütün ölkələrdə eyni deyil. İspaniyada 1 milyon əhaliyə 34,6, Amerikada 20,0, Türkiyədə cəmi 2,0, Rumıniyada isə 0,4 faizdir. Bir çox ölkədə orqan bağışlanması faizini artırmaq üçün bağışlayanlara və ailələrinə bəzi imtiyazlar verilir. Məsələn, Amerikada orqan bağışlanmasını artırmaq məqsədilə xüsusi vergi endirimləri tətbiq olunur. Azərbaycandakı mövcud qanuna görə orqan bağışlanması genişləndirilmiş könüllülük prinsipi əsasında həyata keçirilməlidir. Bu orqan bağışlanmasının 4 prinsipindən biridir. Digər 3 prinsip isə etiraz prinsipi, genişləndirilmiş etiraz prinsipi, könüllülük prinsipidir. Orqanını bağışlamaq üçün donorun özünün könüllü yazılı razılığı olmalıdır. Bu mümkün olmasa birinci dərəcəli yaxın qohumu buna razılıq verməlidir.   Millət vəkili orqanlarını bağışlayıb Bir neçə il əvvəl Millət vəkili Qənirə Paşayevanın öz orqanını bağışlaması haqqında yazdığı vəsiyyət mətbuatın gündəmindən uzun müddət düşmədi. Vəsiyyətnamədə deyilirdi: “Vəsiyyət yazaraq ölümümdən sonra bəzi orqanlarımı bağışladım, həm də tam pulsuz, məndən bir hədiyyə olacaq köçürüləcək insanlara. Əgər bir gün hər hansı bir qəza keçirərsəm və ölüm ayağında olarsam və ya hər hansı bir xəstəlik nəticəsində artıq beyin ölümü prosesini yaşasam heç bir tərəddüd etmədən başqa insanları yaşada bilmək adına orqanlarımı götürüb həyatla ölüm arasında olan və orqan nəqlinə ehtiyacı olan insanlara köçürə bilərlər. Bu işi həyata keçirəcək qurumu da müəyyən etmişəm”. Dini tərəfindən baxılsa orqan bağışlanması və transplantasiyası İslam dininə görə savab əməl sayılır, Qurani-Kərimin Maidə surəsinin 32-ci ayəsində bildirilir ki: “bir insana həyat bağışlamaq, bütün insanlara həyat bağışlamağa bərabər savabdır”. Biz məsələnin dini tərəfini şərqşünas alim Hacı Seyid Camal ilə də müzakirə etdik, müsahibimiz dini əsas gətirərək bildirir ki, insanın başqa birinə öz orqanını  gözəllik və zövq baxımından verilməsi qətiyyətlə haram hesab edilir: “Lakin hər hansı bir şəxsin həyatda var olması üçün o orqanın köçürülməsi vacibdirsə, bunun üçün heç bir əngəl yoxdur. Millət vəkili Qənirə Paşayeva da öz orqanlarını bağışladığı barədə vəziyyətini yayımlamışdı, hesab edirəm ki, belə bir addım atmaq  dərin mənəviyyatın göstəricisidir”.   Hüquqşünaslar ehtiyyatlı olmağı məsləhət görür Hüquqşünas Leyla İsmayılova deyir ki, insanlar həyatda ikən orqanlarını bağışlaya bilər, əgər onun ölümündən sonar həyati əhəmiyyətli orqanları öz funksiyasını yerinə yetirə biləcək durumdadırsa, ehtiyacı olan insanlara köçürülə bilər: “Ancaq orqan bağışlanması, köçürülməsi məsələsində maksimum diqqətli olmaq lazımdır. Son illər orqan transplantasiyası əməliyyatları üçün donorluğa məruz qalan çox sayda insan alveri qurbanı var. Orqanını pulsuz bağışlamaq da olar, müəyyən məbləğə satmaq da mümkündür. Amma hər şey qanun çərçivəsində olmalıdır”. Müsahibimiz deyir ki, orqanını könüllü satmaq prosesi notariat və səhiyyə orqanının nəzarəti altında həyata keçməlidir. Orqanını satmağın cinayət məsuliyyəti olması barədə sualın cavab isə belədir: “Əgər kimsə orqanını satırsa onu qanunla təqib etmirlər. Amma bunun tənzimlənməsi məsələsi də var. Çünki elə şəxslər var ki, ona orqanını satmaq qadağan oluna bilər, yoluxucu xəstəlik daşyıcısı ola bilər və s. Onun sonrakı səhhətinə əsaslı təsir edəcəksə, orqanını sata bilməz. Eyni zamanda insan alverinin qurbanına çevrilmək təhlükəsi də var ki, bu daha təhlükəlidir. Çünki orqan ticarəti edənlər donorun bütün orqanlarını alaraq ölümünə səbəb olurlar”. Orqanlarımız bizim ölümümüzdən sonra bu dünyada qoya biləcəyimiz ən böyük mirasımızdır. Onlarla insana həyat verib yaşadacağımızı bilə-bilə orqanlarımızın torpaq altında çürüməsi kimə xeyir verəcək?   Lalə Mehralı  





Həftənin ən çox oxunanları