Yuxarı

Yeni prezidentdən Qarabağ gözləntisi

Yeni prezidentdən  Qarabağ gözləntisi

 

Sülhəddin Əkbər: “Münaqişə ətrafında ABŞ-Rusiya qarşıdurması  dərinləşəcək”

Noyabrın 8-də ABŞ-da prezident seçkiləri keçiriləcək. Hazırda namizədlər arasında debatların sonuncu mərhələsi keçirilir. Siyasi ekspertlər hakimiyyət dəyişikliyindən sonra ABŞ-ın xarici siyasətini proqnozlaşdırmağa çalışır. Politoloqların rəyinə görə, Hillari Klintonun və ya Donald Trampın seçilməsindən asılı olmayaraq, ABŞ sərt xarici siyasət kursu götürəcək. ABŞ-ın yeni prezidenti dönəmində Ermənistan-Azərbaycan münaqişəsinin həllinə də hansı münasibətin formalaşacağı diqqət mərkəzindədir.

Qeyd edək ki, Demokratlar Partiyasından prezidentliyə namizəd Hillari Klintonun seçilmək şansı daha yüksək hesab edilir. Xanım Hillari isə Rusiyaya qarşı daha sərt mövqe tutduğundan Dağlıq Qarabağ problemi ətrafında da ATƏT-in Mİnsk Qrupuna daxil olan bu iki həmsədr dövlətin ortaq mövqeyə gələ biləcəyinə ümidlər azdır. Bu isə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini bir neçə il də uzada bilər.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin sözlərinə görə, Cənubi Qafqaz regionunda Rusiyanın hərbi-siyasi üstünlüyü davam etdikcə, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın milli maraqlarına uyğun həlli mümkün olmayacaq. Buna görə də bölgədə Rusiyanın dominantlığına son qoyulmalıdır: “Münaqişənin həllindən əvvəl onun nizamlanması üçün əlverişli beynəlxalq şərait yaranmalıdır. Seçkilərdə kimin qalib gəlməsindən asılı olamayaraq, beynəlxalq və regional vəziyyətin dəyişməsi münaqişənin həlli ilə bağlı qəti fikir söyləməyə imkan verə bilər.

Ukrayna böhranından sonra beynəlxalq geopolitik vəziyyət qarşıdurma mərhələsinə daxil olub. İkincisi, həm ABŞ, həm Avropa Birliyi, həm də NATO-nun milli təhlükəsizlik strategiyaları dəyişdirilib və Rusiyanın təcavüzünün qarşısını almağa yönəldilib. Bu məqsədlə 2015-ci ilin fevral ayında ABŞ milli təhlükəsizlik strategiyasını dəyişib. Üçüncüsü, Rusiyanın qarşısını almaq strategiyasına əsasən iki illik hazırlıq dövrü var idi. Bu dövr NATO-nun bu il iyulun 8-9-da Varşavada keçirilən sammitində başa çatdı. Bu hazırlıqlar NATO-nun Şərqi Avropada, ilk növbədə Baltikyanı ölkələrdə və Polşada fəaliyyətinin artırılmasını, NATO-nun Baltik dənizində, Arktikada və Qara dənizdə hərbi mövcudluğunun genişləndirilməsini nəzərdə tutur. Bu proses Azərbaycanı da yaxından maraqlandırmalıdır. Beynəlxalq geopolitik qarşıdurma sərtləşən bu özünü beynəlxalq geopolitik sınma xətləri üzərində göstərir. Bu sınma xətlərinin postsovet məkanında keçdiyi birinçi region Baltik-Qara dəniz xəttidir. Orada həm Dnestryanı, Ukrayna, Krım, Donbas münaqişələri var. İkincisi, GUAM xəttidir. Bu sınma xəttinin üzərində Moldova, Ukrayna, Gürcüstan və Azərbaycan ərazilərindəki münaqişələr yerləşir. Həmin ölkələrin ərazisində Rusiyadan qaynaqlanan regional münaqişələr var. Deməli, ABŞ-la Rusiya arasında qarşıdurma dərinləşəndə özünü Baltik-Qara dəniz xətti üzərində göstərəcək. Ya həmin münaqişələrin özü, ya da onların ətrafındakı vəziyyət gərginləşəcək. Ona görə də Amerikada kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, həm Birləşmiş Ştatların, həm də NATO-nun xarici siyasət kursu sərt formaya keçəcək. Bu baxımdan, yaxın üç ildə Rusiya məsləsi öz həllini tapmalıdır. Ermənistan-Azərbaycan münaqişəsi də geosiyasi sınma xəttinin üzərində yerləşir. Bu baxımdan, Dağlıq Qarabağ probleminin gərginləşəcəyi gözlənilir. Qara dəniz regionunda baş verən geosiyasi qarşıdurma Cənubi Qafqaza, o cümlədən, Azərbaycana təsir göstərəcək. ABŞ-ın Rusiya ilə anlaşmaya gələcəyi hələ real görünmür. Bu dövlətlər üçün hazırda Suriya, İraq münaqişələri daha önəmlidir və Dağlıq Qarabağ problıemi periferik məsələdir”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları