Yuxarı

Dünya nüvə təhlükəsi ilə üz-üzə

Dünya nüvə  təhlükəsi  ilə üz-üzə

 

Üzeyir Cəfərov: “Nüvə silahının dünyada baş verən hadisələrə mütləq təsiri var”

Dünyada 10-a yaxın nüvə dövləti var. Bu silahın yarada biləcəyi təhlükənin isə sərhədləri yoxdur. Bunu bilə-bilə nüvə ölkələri zaman-zaman nüvə silahlarını sınaqdan keçirir, güc nümayiş etdirirlər. Qeyd edək ki, bu günə qədər nüvə silahının məhdudlaşdırılması haqqında bir sıra konvensiyalar qəbul olunub. Ancaq Şimali Koreya kimi nüvə silahına sahib ölkələr bu konvesiyalara əməl etmir, mütəmadi olaraq nüvə silahını sınaqdan keçirir.

Bəs nüvə silahının sınaqdan keçirlməsi zamanı dünya üçün hansı təhlükələr yaradır? “Cümhuriyət” qəzetinə şərhində hərbi-ekspert Üzeyir Cəfərov deyib ki, nüvə silahına sahib güclər bundan şantaj kimi istifadə edirlər. Onun sözlərinə görə, nüvə silahının dünyada baş verən hadisələrə mütləq təsiri var: “Əslində nüvə silahına malik dövlətlər özlərini bir qədər qanundan kənar kimi hiss edirlər. Onlar fikirləşirlər ki, əgər nüvə silahları varsa, onlara hər şey olar və istədikləri an o silahdan öz məqsədləri üçün istifadə edə bilərlər. Nüvə silahının sınaqdan keçirilməsinin bəzi məqamlarla bağlıdır. Şimali Koreya iri dövlətləri təhdid etmək üçün bu sınaqları həyata keçirir. Bu gün nüvə silahına malik dövlətlər məsuliyyətlərini bir qədər artırmalıdırlar. Çünki dünyada baş verən hadisələr onu deməyə əsas verir ki, hansısa bir rəhbər hər hansı bir məsələdə bu gücdən, şantajdan istifadə edə bilər. Əlbəttə ki, bu da istifadə olunan silahların bir növüdür. O silah elə-belə istifadə olunmur. Onun imkanları nəzərdən keçirilir, real tətbiqi hesablanır, müsbət və mənfi amillər araşdırılır. Nüvə silahının dünyada baş verən hadisələrə mütləq təsiri var”.

“Onlar BMT-ni saya salmırlar”

Hərbi-ekspert əlavə edib ki, nüvə silahına nəzarət gücləndirilməlidir. Ü.Cəfərov deyib ki, nüvə silahına sahib ölkələr BMT-nin qətnamələrini saymır: “Bu gün təbiətdə anomal hadisələr baş verir. Yayda qar yağır, qışda isti olur və sairə bir çox halların şahidi oluruq. Bu da insan amili ilə bağlı məsələdir ki, ona verilən ağıldan bəzən yaxşı, bəzən isə tamamilə fərqli məqamlar üçün istifadə edir. Bu gün nüvə silahına təcrübəsi, yaşı çatmayan insanların əli çatır deyə biri digərinə hədə  gəlir, dünyanı təhdid altında saxlayır. Keçmiş Sovetlər dönəmində Birləşmiş Millətlər Təşkilatının nüfuzu daha böyük idi. XXI əsrdə isə məsuliyyətli olmağa borcu olan insanlar, ölkə başçıları heç BMT-ni də saya salmırlar. BMT-nin qəbul etdiyi qətnamələri də özlərinə lazım olan istifadə edirlər, lazım olmayanda yox. Halbuki qeyri-qanuni nüvə silahlarına görə istənilən ölkəyə sanksiyalar tətbiq olunmalıdır. Təəssüflər olsun ki, biz bunun şahidi olmuruq. Günlərin birində gözlənilmədən hansısa nüvə silahına malik dövlətin ağılsız rəhbəri bundan istədiyi kimi istifadə edə bilər. Bu da yüz minlərlə, hətta milyonlarla insanın həlak olması ilə nəticələnə bilər. Hesab edirəm ki, bu silahlar ciddi nəzarət altında olmalıdır. Nüvə silhının saxlanılması, istifadəsi, qorunması ilə bağlı nəzarət artırılmalıdır. Çünki bu dünyanın düzənini dəyişə biləcək silahdır. Buna xüsusi diqqət və məsuliyyət göstərilməlidir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları