Yuxarı

Türkiyədə ikinci çevriliş cəhdi

Türkiyədə ikinci çevriliş cəhdi

Elşən Manafov: “Məqsəd Ərdoğanı Mosul əməliyyatından çəkindirmək olub”

Türkiyə silahlı qüvvələri xaricdə antiterror əməliyyatları apardığı bir vaxtda ölkə daxiıində siyasi gərginliyin artması bu prosesi poza bilər. İraqın Mosul və Suriyanın Raqqa şəhərlərinin İŞİD-dən azad edilməsi əməliyyatında iştirak etməyə hazırlaşan Türkiyədə HDP sədri Səlahəddin Dəmirtaşın və digər funksionerlərin saxlanılması daxil sabitlik üçün təhlükə yaradıb. Belə vəziyyətdə Ankara paralel olaraq kürd terrorçuları ilə həm ölkə daxilində, eyni zamanda İraq və Suriyada döyüşmək problemilə üzləşib.

Bu baxımdan, AKP iqtidarının Türkiyədə sabitliyi bərpa etmək üçün Mosul, Sincər, Raqqa və Minbiçdə həyata keçirmək istədiyi  əməliyyatları təxirə salmaq ehtimalı var.

Planın arxasındakı güclər

Yaranmış vəziyyəti  şərh edən politoloq Elşən Manafovun sözlərinə görə, Türkiyəni İraq və Suriyadakı əməliyyatlardan çəkindirmək istəyən ABŞ  tərəfindən növbəti dövlət çevrilişi hazırlanırmış. HDP liderlərinin saxlanılması Türkiyədə növbəti dövlət çevrilişinin qarşısını almaq məqsədi daşıyır:

“Türkiyədə həyata keçirilən həbslər  Mosul əməliyyatı ərəfəsində ölkədə sabitliyin qorunub saxlanılması və dövlət çevrilişinə edilə biləcək cəhdlərdən sığortalanmaq istəyindən irəli gələ bilər. İlk baxışdan hər şey nəzarət altında idi. Ancaq Türkiyə parlamentinin vitse-spikerinin və PKK-nı dəstəkləyən HDP-nin liderlərinin həbsindən sonra artıq müxalifətə yaxın mətbu orqanlarda prezident Ərdoğanı insan haqlarını pozmaqda ittiham edirlər. Maraqlıdır ki, Avropa institutları da Türkiyədə keçirilən həbslərə reaksiya verməyə başlayıblar. Avropa institutlarının Türkiyədə baş vermiş terror aktlarına münasibəti indiki bəyanatları ilə müqayisəyəgəlməz dərəcədə zəifdir. 

Heç şübhəsiz ki, Türkiyənin daxilində sabitliyin pozulmasında,bu ölkənin  Mosuldakı hərbi  əməliyyatından və Suriyadan çəkilməsində maraqlı olan qüvvələr var. Qərbin məlum dairələrinin sifarişi ilə  artıq “5-ci kolon” fəaliyyətə başlayıb. İstisna etmək olmaz ki, bu arada gülənçilər də fəallaşacaq və daha radikal çağırışlar səsləndirəcəklər. Türkiyənin daxilində sabitliyi pozmaq üçün düşünülmüş bu ssenarilər Ankaranı İraqda fəal  əməliyyatlara qoşulmaq şanslarının qarşını almağa yönəldiləcək. Rəcəb Tayyib Ərdoğan da başa düşür ki, Türkiyə Mosul  əməliyyatına qoşulmayacağı təqdirdə, İraq  ərazisində Kürdüstan dövlətinin yaradılması məsələsi gündəmdə olacaq. Hətta məlumdur ki, Ərdoğan Atatürkü 1923-cü ildə Mosulun statusu ilə bağlı Lozanna danışıqlarında güzəştə getməkdə ittiham edib. Mosul yalnız təhlükəsizlik məsələsi deyil.  

Bu bölgənin  zəngin təbii neft və qaz yataqları uğrunda mübarizə yeni mərhələyə qədəm qoyur. Belə vəziyyətdə Türkiyə gözəl anlayır ki, Mosul əməliyyatında təmsil olunmaması onu əldən edə biləcəyi paydan kənarda qoya bilər.  Ona görə də Türkiyəni Mosul əməliyyatından çəkindirmək üçün bu addımlar düşünülüb. Hazırda Türkiyənin daxilində kifayət qədər gərginlik yaşanmaqdadır.  Regional məsələlərin həllində Türkiyə ilə qarşılıqlı anlaşmanı əldə etmiş və sabitliyin pozulmasında maraqlı olmayan digər region dövlətləri var. Bunlar İran və Rusiyadır. Həmin dövlətlər əlbir hərəkət etsələr, Qərbin Ərdoğanı devirmək cəhdlərinin qarşısını almaq olar. İyul hadisələri də göstərdi ki, Ərdoğan iqtidarı kifayət qədər loyaldır”.

Ankaranın başını daxili problemlə qatırlar

Elşən Manafov onu da bildirib ki, Türkiyədə hakimiyyəti dəyişməyə çalışan qüvvələr bu hadisədən faydalanıb revanş götürməyə çalışacaqlar. Bu mümkün olmasa, Ərdoğan hakimiyyətinin diqqətini daxili sabitliklə bağlı problemlərə yönəltməyə çalışacaqlar ki, Türkiyəni İraq və Suriyadakı əməliyyatlardan çəkindirə bilsinlər: “Bu ssenari paralel şəkildə həyata keçirilir və bu yolla “paralel dövlət” məsələsini gündəmə gətirməklə Ərdoğanı İraq və Suriyadakı əməliyyatlardan geri çəkilməyə vadar etsinlər”.

Müşfiq Abdulla

 





Həftənin ən çox oxunanları