Yuxarı

Azərbaycanlı oliqarxların London “sevgisi”

Azərbaycanlı  oliqarxların  London “sevgisi”

 

Milyardlarımız İngiltərə paytaxtına necə axır?

Adları korrupsiya və rüşvət almaq məsələlərində hallandırılan azərbaycanlı oliqarxlar, iş adamları və siyasətçilərin İngiltərənin paytaxtı Londonda malikanələrinin olması barədə vaxtaşırı məlumatlar yayılır. İddialar şəklində olan məlumatlar sonradan beynəlxalq hesabatlarda öz rəsmi təsdiqini tapdı. Britaniyanın Cinayətkarlığa qarşı Mübarizə Agentliyinin (National Crime Agency) hesabatına görə, Londonda çirli pulların dövriyyəsi 100 milyard funt sterlinqdən çoxdur. Londonu çirkli pulların yuyulması və qanunsuz daşınmaz əmlakın alınması mərkəzinə çevirən şirkətlər və dövlətlər arasında Azərbaycanın da adı var. Həmçinin digər beynəlxalq hesabatlarda Azərbaycandan yer alan adlar arasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq başçısı Eldar Mahmudov, oğlu Anar Mahmudov, Beynəlxalq Bankın həbs olunmuş keçmiş rəhbəri Cahangir Hacıyev və həyat yoldaşı Zamirə Hacıyevanın adı var.

Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumunun (İCİJ) son hesabatında sui-istifadə hallarına adları qarışmış 37 Azərbaycan vətəndaşı var. Bunlardan biri Ayaz Kərimov adlı şəxsdir. O, Vircin adalarında qeydiyyatdan keçmiş “Stellford LTD” adlı şirkətin səhmlərinin sahibi və direktorudur. Şirkətin isə öz növbəsində Orxan Nağıyev, Ayaz Kərimov, Elmar Əhmədov adlı şəxslərlə, BBP-Baltic LTD şirkəti ilə bağlılığı var. Araşdırmalardan məlum olub ki, A.Kərimov Eldar Mahmudovun oğlu Anar Mahmudovun biznes şəriki olub. “Stellford LTD” şirkətindəki fəaliyyətindən imtina etdikdən sonra Bakıda “Caspian Telekommunications” adlı şirkət yaradıb.

Hökumət adları niyə gizlədir?

Beynəlxalq Şəffaflıq Təşkilatının (BŞT) hesabatına görə, London və ABŞ-ın Nyu-York şəhərində ildə ofşor şirkətlərin xəttilə ildə 2 trilyon dollar pul dövriyyə edir. BŞT qeyd edir ki, G-20 dövlətləri, xüsusilə, İngiltərə, ABŞ və Çin ayrı-ayrı dövlətlərdən, o cümlədən, Azərbaycandan çıxarılan milyardlarla dollar çirkli vəsaitin bu ölkələrdə yuyulmasına şərait yaradırlar. Aparılan beynəlxalq araşdırmalar miqyasına görə əhatəli olsa da Londondakı 1 trilyon dollarlıq daşınmaz əmlakların, malikanələrin sahiblərinin əksəriyyətinin kimlikləri gizli saxlanılır. Adı korrupsiyaya bulaşmış nüfuzlu siyasətçilər və dövlət adamlarının əlaqələri, dövlət büdcəsindən mənimsədiyi pullar hesabına Londonda daşınmaz əmlak, yaxud malikanə almaları İngiltərə tərəfindən hökumət səviyyəsində gizlədilir. BŞT İngiltərə, Çin və ABŞ hökumətlərini adları sui-istifadə hallarına qarışmış siyasətçilərin, dövlət adamlarının London, Şanxay və Nyu-Yorka axın etmələrinin qarşısını almaları üçün tədbirlər planını gücləndirməyə çağırıb.

İnvestisiya qarşılığında qəyyumluq

İngiltərə hökuməti konkret addımlar atacağını bildirsə də, məsələ ilə əlaqədar qanun layihəsi təqdim etsə də son 5 ildə Londonda qanunsuz daşınmaz əmlak alanların sayı 42% artıb. Sui-qəsd nəzəriyyəçiləri ingilis hökumətinin məsələyə etinasız yanaşmasını cinayətkar qruplaşmaların Böyük Britaniya iqtisadiyyatına milyardlarla dollar dəyərində investisiya yatırmalarına bağlayırlar. Rəsmi sənədlərə görə, İngiltərənin 293 milyard dollarlıq əmlakı ofşor şirkətlərin əlindədir. Londonda qeyri-qanuni yollarla daşınmaz əmlak alan ölkələr sırasında Rusiya, Azərbaycan, Türkiyə, Özbəkistan, Gürcüstan, Ukrayna və digər dövlətlərin adları var. Rəsmi hesabatlarda qeyd edilir ki, adı çəkilən və digər dövlətlərdən korrupsiyaya bulaşmış dövlət rəsmilərinin və mütəşəkkil cinayətkar qruplaşmaların üzvlərinin ofşor şirkətlər vasitəsilə İngiltərə iqtisadiyyatına yatırım müqabilində daşınmaz əmlak almaq hallarının sayı genişlənib. Yəni İngiltərə hökuməti investisiya qarşılığında cinayətkarların qəyyumluğunu üzərinə götürür.

Çirkli pulların yuyulması mərkəzi

Londonun getdikcə ofşor zonaya çevrilməsi “Panama sənədləri”ndə də yer alıb. Sənədlər ofşor şirkətlər vasitəsilə İngiltərənin əmlak sektoruna yüz milyardlarla dolların axıdılmasından bəhs edir. Azərbaycanın da adı var. “Guardian” yazır ki, Birləşmiş Krallıqdakı 170 milyard dollarlıq qanunsuz yolla alınmış daşınmaz əmlakın əksəriyyəti Londonda yerləşir. Həmçinin 31 min ingilis şirkəti çirkli pulların yönəldilməsini həyata keçirən Panamanın “Mossack Fonseca” hüquq şirkəti ilə gizli əməkdaşlıq edir. “Mossack Fonseca” “Panama sənədləri”nin gizli fəaliyyətini ifşa etdiyi əsas şirkətdir. Bu şirkətdən KİV-lərə sızdırılan 11.5 milyon məxfi sənəddə 124 min şirkət vasitəsilə Londonda çirkli pulların yönəldilməsi faktları yer alıb. “Mossack Fonseca”nın qurucularından və ortaqlarından biri Ramon Fonseka sənədlərin kiber hücumlar vasitəsilə ələ keçirildiyini bildirib. Lakin o, hücumun haradan olması barədə məlumatı gizli saxlayıb.

BŞT-ın hesabatında London “çirkli pulların yuyulması mərkəzi” adlandırılır. “Korrupsiya qapınızdadır” adlı hesabatda qeyd olunur ki, Londondan qanunsuz yollarla mülk almış korrupsiya hallarına adları qarışmış şəxslərin 75%-i kimliklərini gizlətmək üçün ofşor şirkətlərlə əlaqələrindən istifadə edir. Qanunsuz mülk alışı Londonda evlərin qiymətlərini bahalaşdırıb. Son 2 ildə qiymətlər 13.5% qalxıb. Qiymətlər 208-502 min funt sterlinq arasında dəyişir.

130 min siyasətçi, 32 trilyon dollar

“WikiLeaks” dünyanın ayrı-ayrı dövlətlərindən olan 130 min siyasətçi və iş adamının ofşor sistemdə 32 trilyon dollar vəsaiti var. Pullar vergidənyayınma və dövlət büdcəsindən oğurlanaraq əldə edilib. 140 ölkədə 16 şöbəsi olan “Portcullis TrustNet” və “Commenwealth Trust Limited” şirkətlərinin 2.5 milyon məxfi sənədi Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumuna (İCİJ) sızıdırılıb. Son 30 ilə aid sənədlərdə 170 ölkədən, o cümlədən, Azərbaycandan olan siyasətçi və iş adamlarının ofşor hesablarının olduğu bildirilir.

İngiltərənin “Tax Justice Network” adlı qurumunun hesabatına görə, son 4 ildə ofşor bank hesablarına 21-32 trilyon dollar pul yatırılıb.

Pulların əksər hissəsinin vergidənyayınma yollarıyla əldə olunduğu diqqətə çatdırılıb. Azərbaycanın siyasət adamlarının yer aldığı sənədlər Fransa prezidenti Fransua Olland, Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili və Rusiya baş nazirinin köməkçisi İqor Şuvalovun adları var. Açıqlanan son hesabatlarda Azərbaycandan çıxardığı çirkli pulları ofşor şirkətlər vastəsilə yuyan şəxslərin adları da açıqlandı. Eldar Mahmudov, Anar Mahmudov, Cahangir Hacıyev və Zamirə Hacıyevanın bu adlar arasında yer aldığı bildirilir.

Niyə London?

“Independent” qəzeti yazır ki, İngiltərə hökuməti krallığı qlobal iqtisadi böhrandan zərərsiz çıxarmağın yolunu ofşor şirkətlərin yönəltdiyi çirkli pulların iqtisadiyyata investisiya kimi yatırılmasında tapıb. Mənbə xüsusilə, Londonun son illərdə çirkli pulların yuyulması mərkəzinə çevrildiyini vurğulayıb: “ofşor şirkətlərin Londona güclü axını var. Dünyanın dörd tərəfindən korrupsiya və rüşvətlə əldə etdikləri, dövlət büdcələrindən oğurladıqları çirkli pulları yumaq istəyən nüfuzlu siyasətçilər və dövlət adamları İngiltərəyə axın edir. Həmin şəxslər İngiltərənin əmlak bazarına və iqtisadiyyatına yüz milyardlarla funt sterlinq gəlir qazandırıb. Londonda qanunsuz yollarla, ofşor şirkətlər vasitəsilə daşınmaz əmlak və malikanələr alıblar. Paytaxtda əsl sahiblərinin kimlikləri bilinməyən 36 mindən çox malikanə var”.

Korrupsiya hallarına yol vermiş siyasətçilərin və dövlət adamlarının niyə Londonu seçməsinə gəlincə, bu bir amillər bağlıdır. İngiltərə hökuməti ölkə iqtisadiyyatına investisiya yatırmaq müqabilində həmin şəxslərin adlarını gizli saxlayır. İqtisadçılar İngiltərənin Avropa İttifaqından çıxmasını da bununla əlaqələndirirlər. Dəfələrlə Brüssel rəsmi Londonu ofşor şirkətlərlə mübarizəni kəskinləşdirməyə çağırsa da qarşı tərəf buna o qədər də ciddi yanaşmır. İqtisadçılar iddia edirlər ki, İngiltərə məhz Aİ-nin ittihamlarından yayınmaq və ofşor şirkətlərin Londona axıtdığı yüz milyardlarla dollar maddi vəsaiti iqtisadiyyata yönəltmək üçün ittifaqı tərk edib.

Mənsur





Həftənin ən çox oxunanları