Yuxarı

Dünya savaşın astanasında

Dünya savaşın  astanasında

 

NATO-Rusiya gərginliyi pik həddə çatıb

Elşən Manafov: “Rusiya post-Sovet ölkələrini NATO-ya uduzmaq istəmir”

NATO-Rusiya münasibətləri get-gedə gərginləşir. Rusiya ilə gərginləşən münasibətlər fonunda NATO yüz minlərlə hərbçisini yüksək döyüş hazırlığına gətirib. NATO rəhbərliyi quru qüvvələrini Rusiyanın təcavüzünə qarşı dayanqlı vəziyyətə gətirir. Böyük Britaniyanın NATO-da nümayəndəsi olmuş Adam Tomson söhbətin 300 min hərbi qulluqçudan getdiyini vurğulayıb. Rusiya isə öz növbəsində Baltikyanı ölkələri daima təzyiq altında saxlayır.

NATO-Rusiya münasibətlərini “Cümhuriyət” qəzetinə şərh edən politoloq Elşən Manafov bildirib ki, soyuq mübarizə başa çatdıqdan sonra Qərb və Rusiya arasındakı münasibətlərin ən pik nöqtəsidir: “Təbii ki, hər iki tərəf münasibətlərdə yaranmış gərginliyə görə  bir-birini ittiham edir. NATO-nun ittihamları birbaşa olaraq Rusiyanın razılaşmaları pozması ilə bağlıdır. Bu, NATO rəsmilərinin fikridir. Çünki NATO bəyan edir ki, Rusiya son zamanlar özünü təcavüzkar dövlət kimi aparır. Krımın ilhaq edilməsi, Rusiya Hərbi Dəniz Qüvvələrinin Baltik ölkələri ətrafında hərbi təlimlərini buna sübut kimi göstərir. Rusiya özünün hərbi arsenalına “Armagedon” kimi bir tank daxil edib. 2018-ci ildən sonra Rusiya bu tankların istehsalına başlayacaq. Bununla da Rusiya və Britaniya arasında güc əmsalı bir neçə dəfə Şimal qonşumuzun xeyrinə dəyişəcək. Digər tərəfdən bu konteksdə NATO-nun digər üzv dövlətlərinindən də bu cür ittihamlar var”.

NATO rəsmiləri qorxuya düşüb

Ekspertin sözlərinə görə, münasibətlərin bu səviyyəyə çatmasında əsas səbəb Donetsk ətrafında Rusiya və Ukrayna arasında baş verən problemlərdir: “Digər tərəfdən də Suriyada terrorla mübarizədə NATO və Rusiyanın bəyanatları üst-üstə düşür, ancaq atılan addımlar fərqlidir. Rusiya isə zamanında NATO ilə imzaladığı razılaşmanı kobud şəkildə pozur. Çünki hələ Qorbaçovun dönəmində Rusiya-NATO razılaşmasına Putin iqtidarı əməl etmir. Bu razılaşma Rusiyada nüvə başlıqlarının tamamını və orta ölçülü balistik raketlərinin əhəmiyyətli hissəsinin ləğvini nəzərdə tuturdu. Bunun müqabilində isə NATO Rusiya sərhədlərinə yaxınlaşmayacağı ilə bağlı söz vermişdi. Ancaq SSRİ dağıldıqdan sonra nəinki Baltikyanı ölkələri hətta, Şərqi Avropanın bir qısmi, o cümlədən, Bolqarıstan, Polşa, Ruminya NATO üzvü oldular. Bu fonda NATO Rusiyanın mövcud sərhədlərinə kifayət qədər yaxınlaşmış oldu. NATO prinsip etibarı ilə Rusiyaya münasibətdə “Anakonda” əməliyyatı həyata keçirir. Əməliyyatların da əsas məğzi Rusiyanı NATO bazaları ilə əhatəyə almaq və Rusiyanın daxilində separatizmə dəstək verməkdir. Amma Rusiyanın “nüvə sipəri” NATO-nun qarşısında böyük bir problemdir. Digər tərəfdən Putin iqtidarı dövründə neft əldə olunan milyardlar Rusiya Silahlı Qüvvələrinin modernləşdirilməsinə yönəldilib. Bunun  nəticəsində Rusiya ordusunu NATO gücləri qarşısında duruş gətirəcək gücə çevrilib. Bu da NATO-nu ciddi şəkildə narahat edir və hətta bəzi NATO rəsmilərini qorxuya salır”.

III Dünya Müharibəsi başlayır?

Elşən Manafov əlavə edib ki, Rusiyanın hərbi qüdrəti Qərbi narahat edir: “Bu gün Rusiyanın “Sapanna 2” ballistik raketləri bir neçə saniyə ərzində Nyu-York şəhərini dağıtmaq iqtidarındadır. Təbii ki, bütün bunların kontekstində Rusiya-NATO münasibətlərin hansı yöndə inkişaf edəcəyini söyləmək üçün ABŞ-da baş tutacaq prezident seçkilərinin nəticəsini gözləmək lazım olacaq. Əgər seçkilərdə Klinton qalib gələrsə, bu gərginlik yüksək həddə çatacaq. Klinton  Rusiya-NATO münasibətlərinin daha da gərginləşməsində maraqlı olacaq. Rusiyanı Suriya və Mərkəzi Asiya ölkələrində münaqişəyə çəkməyə çalışacaqlar. Rusiyanın da indiki dövrdə hər-hansı bir münaqişəyə cəlb olunması milyardlarla vəsaitin xərclənməsi deməkdir. Bunu Putin özü də çox gözəl başa düşür. Ona görə də güman edirəm ki, Rusiya Suriya problemini qısa zaman kəsiyində hərbi-güc tətbiq etməklə öz maraqları kontekstində həll etməyə çalışacaq. Elə buna görə də, Rusiya Hərbi Dəniz Qüvvələrinin böyük bir hissəsini Aralıq Dənizində saxlayır. Bütövlükdə Rusiya artıq revanş götürmək üzrədir. Moldovada baş tutan prezident seçkilərində hər kəs qərbyönümlü şəxsin qalib gələcəyini düşünürdü, ancaq ikinci turda rusyönümlü şəxsin qalib gəlmək şansları daha yüksəkdir. Gürcüstanda da eynilə ruspərəst qüvvələr qalib gəldi. Rusiyanın əsas məqsədi post-Sovet ölkələrini NATO-ya uduzmamaqdır. Digər mühüm vəzifə isə Türkiyə, İran və xüsusilə də ABŞ-ı Suriya məsələsinin çözülməsində geri çəkilməyə vadar etməkdir. Rusiya əgər Suriya məsələsində geri addım atarsa NATO post-Sovet ölkələrində də daha kəskin hücüma keçəcək. Amma bütün bunlara baxmayaraq hesab edirəm ki, hər iki tərəfdə də praqmatik siyasət üstün gəlməlidir. Çünki Rusiya və NATO arasında III dünya müharibəsinin başlaması dünyanın sonu deməkdir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları