Yuxarı

Saakaşvili Poroşenkoya qarşı

Saakaşvili  Poroşenkoya  qarşı

 

Qabil Hüseynli: “Prezident Qərblə münasibətlərə zərbə vurdu”

Ukrayna hakimiyyəti ilə Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili arasında yaranmış ziddiyyət açıq müstəviyə keçib. Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili istefa verib. Saakaşvili bu qərarını hakimiyyətin korrupsiya ilə mübarizə aparmaqda maraqlı olmaması ilə əlaqələndirib: "Belə bir çətin vəziyyətdə getməyə və yeni mübarizə mərhələsinə başlamağa qərar verdim. Ukraynada hakimiyyət dəyişsə də, ölkədə hələ də korrupsiya "çiçəklənir"".

Onunla birlikdə, Ukrayna Milli Polisinin Odessa vilayəti üzrə Baş İdarəsinin rəisi Georgi Lordkipanidze də istefa verib.

Mixail Saakaşvilinin vəzifədən getməsinə prezident Pyotr Poroşenko ilə fikir ayrılığının dərinləşməsinin səbəb olduğu bildirilir. Sabiq qubernatorun bundan sonra hansı addımları atacağı hələ məlum deyil. Saakaşvili hələ Ukraynanı tərk etmək fikrində olduğunu söyləməsə də korrupsiya ilə mübarizə sahəsində “yeni layihələr”dən söz açıb. Bəzi siyasi ekspertlər isə Mixail Saakaşvilinin fəal müxalifətə keçəcəyini və hakimiyyətə gəlmək uğrunda mübarizə aparacağını proqnozlaşdırır.

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Saakaşvili ilə Pyotr Poroşenko arasında fikir ayrılığının yaranmasının əsas səbəbi dövlət başçısının oliqarxları müdafiə etməsi və islahatlara mane olmasıdır: “Nəticə etibarı ilə keçmişi oliqarx olan Poroşenko indi bütün milyarderlərin yanında yer alır. Xalq da ciddi problemlər içərisində üzülür. Əsas səbəb isə odur ki, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə aparılmır, üstəlik Qərbə vəd edilmiş islahatlar həyata keçirilmir. Ona görə də Qərb Ukraynaya ayırdığı 17 milyard dollarlıq vəsaiti ödəmək istəmir. Prezident Poroşenko öz vəzifəsinin öhdəsindən gələ bilmir və Saakaşvili kimi bir adamı itirməklə Ukraynanın Qərblə münasibətlərinə böyük bir zərbə vurub”.

Lakin Qabil Hüseynli hesab edir ki, Saakaşvilinin Ukraynada hakimiyyətə iddialı olması barədə deyilənlər inandırıcı görünmür: “Saakaşvili Ukraynada uzaqbaşı ikinci şəxs olar, hökumət başçısı ola bilər, amma dövlət başçısı ola bilməz”.

Müşfiq

 





Həftənin ən çox oxunanları