Yuxarı

ABŞ-da ara qarışdı

ABŞ-da ara qarışdı

Amerikalılar yeni prezidenti tanımadıqlarını bəyan etdilər

Anar Məmmədli: “Federal seçki sistemində nöqsanlar var

ABŞ-da prezident seçkilərinin nəticələrinə etiraz olaraq 10 minlərlə insan etiraz aksiyası keçirib. Bostondan Los-Ancelesə qədər nümayiş iştirakçıları Donald Trampı prezident kimi tanımadıqlarını bəyan ediblər. Ağ Evin qarşısına toplaşan minlərlə amerikalı  Trampın əleyhinə şüarlar səsləndirib, “Bu gün mənim prezidentim deyilsən”- deyə qışqırıblar. Polisin hesabatına görə, Nyu-Yorkda 5000 nəfər etirazçı küçəyə çıxıb. Yürüş iştirakçıları Trampın seçkiqabağı miqrantlar, Meksika ilə sərhəddə divar tikmək və digər mübahisəli məsələlərlə bağlı səsləndirdiyi fikirlərdən narahatlığını ifadə ediblər.

Aksiyaçılar Trampın qələbəsinin seksist baxışları gücləndirəcəyini bildiriblər. NBC-nin məlumatına görə, baş verən qarşıdurmalarda Nyu-York polisi 30 nəfər etirazçını xuliqanlıqda ittiham edərək saxlayıb.

İri şəhərlərdə aksiyalar keçirilib

Ən çox nümayişlər demokratların mövqeyinin güclü olduğu Atlanta, Ostin şəhərlərində, Texas ştatında, Çikaqo, Denver, Filadelfiya, Portlenddə, Oreqon ştatı, San-Fransisko, Sietl və Vaşinqtonda baş verib. Çikaqoda bir neçə min nəfər adam küçələri bağlayıblar.

Siyasi müşahidəçilərin fikrincə, ABŞ-da seçkilərin demokratik keçirilməsinə baxmayaraq, inqilabi situasiyanın yaranmasının başlıca səbəbi seçki sisteminin qüsurlu olmasından  qaynaqlanır. Seçici səslərinin say nisbətinə görə, Hillari Klinton 230 min səslə qalib gəlmiş hesab olunur. Lakin seçkiçilər kollegiyasının qələbə üçün lazım olan 270 səsini Donald Tramp qazana bilib. Onu da qeyd edək ki, səsvermə prosesi hələ tam yekunlaşmayıb. Bu baxımdan, Hillari Klintonun tərəfdarları xanım namizədinin qalib gələcəyinə ümid edir.

Klintonun partiyasında böhran

Donald Trampın qələbəsindən və Respublikaçıların həm “Ağ Ev”də,   həm də Konqresdə üstünlüyü ələ almasndan sonra Demokratlar Partiyası böhranlı duruma düşüb. ABŞ-ın “Politico” nəşrinin yazdığına görə, Demokratlar bundan sonra “Onları kim idarə edəcək? Onların partiyası nəyin uğrunda mübarizə aparacaqlar” sualları ilə qarşılaşıblar. Mənbə qeyd edir ki, Demokratlar Partiyasında yekdillik yoxdur. Prezident Obamanın, Hillari Klintonun və senator Elizabett Uorrenin maraqlarını təmsil edənlər var. Partiyanın mütərəqqi hissəsi isə Berni Sandersin tərəfdarıdır. Berni Sandersin strateqlərindən biri Demokratlar Partiyasının siyasi böhrana yuvarlandığını söyləyib. Partiya daxilində bu qeyri-müəyyənlik və çaxnaşma davam edəcək. Adıçəkilən qəzetin yazdığına görə, Demokratlar Hillari Klintonun ABŞ-ın ilk qadın prezidenti olacağına hələ əmindir. Lakin onlar Klintonun qalib gələ bilmədiyinə görə, məyusluq keçirirlər.

“Aksiyalar səngiyəcək və qarşıdurma olmayacaq”

Seçkilərin Montorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli hesab edir ki, səsvermənin nəticələri artıq ABŞ rəhbərliyi tərəfindən tanınıb. Ona görə də baş verən aksiyalar total xarakter daşımır: “Dünən ABŞ prezidenti Barak Obama da bildirdi ki, Donald Trampı ofisinə dəvət edərək keçid dövrü ilə bağlı bütün prosesi vaxtında həyata keçirmək üçün əməkdaşlarına göstəriş verib. Barak Obama Ağ Evi tərk etməyə hazırlaşır. Müxtəlif şəhərlərdə və ştatlarda baş verən etiraz aksiyaları isə gənclərin seçkinin nəticələrinə sərt reaksiyasıdır. Bu hadisələri seçkinin nəticələrinin siyasi qüvvələr tərəfindən tanınmaması kimi qiymətləndirmək olmaz. Sadəcə olaraq, seçkilər ABŞ  ictimaiyyəti üçün gözlənilməz nəticə ilə başa çatıb. Sağ populist mövqeyə malik və siyasətdə peşəkar olmayan bir şəxs dövlət başçısı seçilib. Bu da insanlarda etiraz doğurur.  Xüsusilə də gənclərin, tələbələrin emosional etirazları bu cür çaxnaşmalara və qarşıdurmalara səbəb olub. Mənə elə gəlir ki, aksiyalar getdikcə səngiyəcək və ciddi siyasətlə məşğul olan insanlar hər hansı qarşıdurmalara yol verməyəcəklər. Hansısa namizədin öz rəqibinin qələbəsini tanımaması ABŞ cəmiyyəti üçün xarakterik deyil. Seçkilər o qədər şəffaf  keçirilir ki, nəticələri heç kimdə şübhə doğurmur”.

“Ştatlar üzrə verilən səslər Klintonun xeyrinədir”

Anar Məmmədlinin fikrincə, ABŞ-ın seçki sistemi ştatların təmsilçiliyi əsasında qurulub. Ona görə də hər bir ştata kvota müəyyən edilib: “Ştatlar üzrə verilən səslər Hillari Klintonun qalib gəldiyini göstərir. Ancaq elə ştat var ki, seçicilərin sayı 40 milyondur, elə ştat var ki, 20 milyon seçicisi var. Ona görə də ümumi kvota qorunmalıdır. Əks təqdirdə, seçkilərin nəticəsi bir neçə ştatda həll oluna bilər və bəzi regionlar üstünlük əldə etmiş olar. Amerika federal dövlətdir və seçki sistemi də federal əsasda təşkil olunub. Kvota da ştatdan ştata dəyişir və yekunda ümumi nəticələr hesablanır. Bununla yanaşı nöqsanlar da var. Məsələn, ABŞ-da elə ştatlar var ki, ora müşahidəçilərin daxil olması qanunla qadağan olunub. Yəni hər bir federativ subyektin öz qanunları var. Əsas problem sağ populizmin ABŞ-da yayılmasıdır. Patriotizm, dini, milli təməlçilik üzərində siyasət quranlar Avropada və digər ölkələrdə üstün mövqe qazanmağa başlayıblar. Belə şəxslərin ABŞ-da siyasi uğur əldə etməsi təəssüf və hiddət doğurur”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları