Yuxarı

ABŞ və Rusiya arasında şok anlaşma

ABŞ və Rusiya  arasında şok anlaşma

 

Ukrayna üçün “yol xəritəsi” hazırlandı

ABŞ-ın sabiq dövlət katibi, 93 yaşlı Henri Kissencer “The Atlantic” jurnalına müsahibəsində Rusiya ilə münasibətlərin perspektivinə dair maraqlı açıqlamalar verib. Dünya şöhrətli siyasətçi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın da prezident kimi fəaliyyətinin istiqamətlərini şərh edib. Müsahibədə H.Kissencerin Ukrayna böhranı barədə söylədiyi fikirlər D. Trampın Rusiya ilə münasibətlərinin gələcəyinə dair tezislərini təxmin etməyə imkan verir:

“Ukrayna faktiki olaraq böhran simvolu olub. Biz gələcəkdə münaqişənin hərbi yolla həllindən çəkinməkdə qətiyyət nümayiş etdirməliyik. Ancaq o zaman diplomatik həll variantlarından istifadə etmək lazımdır. NATO-nun şərq tərəfdən sərhədini Ukraynada çəkmək olmaz. Bu, Moskvadan cəmi 300 mil məsafədədir və Moskva üçün dramatik döngədir. Ukrayna NATO və Rusiya arasında körpü olmalıdır, daha hər iki tərəfin forpostu yox. Ukraynanın dünya sistemindəki rolu Finlandiya və ya Avstriya kimi olmalıdır. Avropa və ya Rusiya ilə müstəqil siyasi-iqtisadi əlaqələr qursun, nəinki hansısa hərbi-siyasi alyansa üzv olsun. NATO-nun genişlənməsinə tərəfdar olanlar deyir ki, Rusiya bundan narahatlıq keçirməməlidir, NATO Moskvaya hücum etməyəcək. Ancaq tarixi təcrübə rus liderləri məcbur edir ki, qonşularla münasibətə diqqət yetirsin. Amma əgər Moskvaya gedib desən ki, bizim planımız budur, buna nail olmaq olmayacaq. Rusiya ilə istənilən razılaşma rus ruhu və tarixini anlamaqdan keçir. Və eyni zamanda kifayət qədər hərbi gücdən”.

Henri Kissencer Donald Trampın tərəfdarı kimi tanınmır. Ancaq onun irəli sürdüyü təkliflər bəzi məqamlarda ABŞ-Rusiya münasibətlərinin gələcək bərpasına dair bir sıra suallara cavab tapmağa kömək edir. Kissencerin fikirlərini Ukraynanın və Gürcüstanın NATO üzvlüyünə qəbul edilməsi planından imtinaya dair 2008-ci ildə ABŞ-la Rusiya arasındakı əldə olunmuş razılaşmaya qayıdılması kimi başa düşmək olar. Bu təklif Ukraynanın bitərəf dövlət status alması müqabilində qarşılıqlı güzəştlər hesabına Krım böhranının həllini nəzərdə tutur.  ABŞ-ın “The National İnterest” nəşri Donald Trampın Ukrayna strategiyasının detallarını açıqlayan məqalə dərc edib. Cefri Bert, Ceyms Hiç, Piter Pettiboun və Tomas Şillinqlounun hazırladığı analitik məqalədə bildirilir ki, D.Tramp Rusiya ilə əlaqələrin bərpasını üç mərhələdə həyata keçirmək niyyətindədir.

Birinci mərhələdə Qərb və Rusiya Krımın razılaşdırılmamış statusunu qeyri-müəyyən müddətə qədər razlaşdırırlar. Belə bir təcrübə 1940-cı illərdən başlayaraq SSRİ-nin dağılmasına qədər Baltikyanı respublikaların statusuna tətbiq edilib.

İkincisi, tərəflər Donbasda status-kvonu Ukraynanın tərkibində qalmaqla və atəşkəs rejiminə səmərəli şəkildə əməl etməsi barədə razılığa gəlirlər.

Üçüncüsü, ABŞ, Rusiya və Avropa Birliyi və Ukrayna bu ölkədə iqtisadiyyatın birgə bərpası və dirçəldilməsi işini qiymətləndirməlidir. Bu proses xarici işlər nazirləri səviyyəsində həyata keçirilir. Ukraynanın iqtisadi və siyasi əhəmiyyətinin artırılması bütün tərəflərin, o cümlədən Rusiyanın maraqlarına cavab verməlidir. Ekspertlər həmçinin Ukrayan münaqişəsinin həllinə dair ABŞ-ın yaxın gələcəkdə Rusiyaya edəcəyi təklifləri də açıqlayıblar. Şərti olaraq Tramp-Putin bəyannaməsi addlandırılan “yol xəritəsi”nə ümumilikdə aşağıdakı təkliflər daxildir.

  1. Krım neytral zona elan edilir və müvəqqəti olaraq Rusiyanın idarəçiliyində qalır. Azad və ədalətli seçkilərin keçirilməsi daxil olmaqla, oranın gələcək taleyi beynəlxalq müşahidə altında həll ediləcək.
  2. Rusiya Donbasdakı separatçılara dəstəyindən imtina etməlidir. Ukraynadan ayrılan Donbas sakinləri öz istəkləri ilə Rusiyaya birləşə bilər. Ukrayna özünün beynəlxalq hüquqla tanınmış sərhədlərinə Krımı çıxmaqla tam nəzarət edə biləcək.
  3. Ukrayna özünün neytrallığını saxlayacaq və nə NATO-ya, nə də Rusiya alyansına daxil olmayacaq.
  4. Ukrayna Avropa Birliyinin yalnız iqtisadi blokuna daxil olacaq.
  5. Rusiyaya qarşı bütün sanksiyalar ləğv ediləcək.
  6. Ukrayna nə NATO-dan, nə də Rusiya hərbi alyansından hücum silahları almayacaq və satmayacaq.
  7. İqtisadi yardım paketini Avropa Birliyi və Rusiya təmin edəcək.
  8. NATO və Rusiya Ukraynanın daxili işlərinə qarışmayacaq.
  9. Bu müqavilənin möhkəmləndirilməsi üçün Ukraynada yeni azad seçkilər və konstitusiya islahatı həyata keçiriləcək.
  10. Şampan açırıq və dünyanı əldə edirik.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları