Yuxarı

Şimaldan gələn islahat “küləyi”

Şimaldan gələn  islahat “küləyi”

 

Oliqarx nazirlər həbs oluna bilər

Sabir Rüstəmxanlı: “İnanıram ki, hakimiyyət tezliklə islahatlara gedəcək”

Araz Əlizadə: “Əslində keçirilənlər islahat deyil, təkmilləşmədir”

Rusiya iqtisadi inkişaf naziri Aleksey Ulyukayev rüşvət alarkən yaxalanıb və saxlanılıb. Cinayət işi açılan nazirə qarşı həbs qətimkan tədbiri seçiləcək. Ulyukayev “Rosneft” şirkətinə “Başneft”-in aksiyalarını əldə etmək üçün verdiyi müsbət rəyə görə, 2 milyon dollar rüşvət alıb. Rusiya KİV-ləri prezident Vladimir Putinin yenidən idarəetmə sistemində “oliqarx ovu”na başladığını yazır. 2003-cü ildən oliqarxların hakimiyyətdəki mövqelərini zəiflədən Putin oliqarxiyanın siyasətdəki başçısı Mixail Xodorovskini də həbs etdirdi.

O, ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeyni ilə məxfi görüşündə imzalanan anlaşmaya görə, həbs olunmuşdu. Vaşinqtonda Çeyni ilə görüşən Xodorovski Rusiyanın Dövlət Neft-Qaz Şirkətinin (“Yukos”) 40%-ni İngiltərə və ABŞ şirkətlərinə satmağa razılaşmışdı. “Yukos”un 40%-i ABŞ-ın nəzarətinə keçəcəyi halda Vaşinqton Rusiyanın neft-qaz layihələrinə veto qoymaq hüququnu əldə edəcəkdi. Yəni, Xororovski və Çeyninin əldə etdiyi anlaşma Rusiyanı daxildən işğal etməyi nəzərdə tuturdu. İndi Putin hakimiyyətdə qalmış korrupsioner oliqarxların total böhranın sosial partlayış astanasına gətirdiyi Rusiya üçün təhlükə hesab edərək, islahatların tərkib hissəsi kimi onları vəzifəsindən uzaqlaşdırmağa və həbs etdirməyə başlayıb.

Rus kəşfiyyatından xəbərdarlıq

Mütəxəssislər siyasi sistem və qanunvericiliyində oxşarlıq olan Azərbaycanda da eyni halların təkrarlanacağını istisna etmirlər. Rusiya ilə yanaşı Azərbaycanda da total sosial-iqtisadi böhran var və siyasi sistemdəki oliqarxların monopoliya siyasəti ölkəni sosial partlayışa sürükləyir. Qlobal siyasi güclərin ölkədə yaranmış həssas situasiyadan istifadə edərək, oliqarxların fəaliyyətlərindən yararlanacağını göz önünə alan hakimiyyətin yaxın vaxtlarda idarəetmə sistemində islahatlara başlayacağı istisna edilmir. Hələ Azərbaycanda Konstitusiya dəyişikliyini nəzərdə tutan referendumun baş tutmasından dərhal sona iqtidarın islahata gedəcəyi bildirilirdi. Lakin aradan xeyli vaxt keçməsinə baxmayaraq, heç bir əməli addım atılmayıb.

Mütəxəssislər Rusiyada baş verənlərin artıq Azərbaycan hakimiyyətini də hərəkətə gətirdiyini bildirirlər. Rusiya KİV-lərində yayılan məlumatlara görə, Putin adiministrasiyasındakı oliqarxların federasiyanı xarici siyasi qüvvələrin hədəfinə gətirmək üçün hazırladıqları süni iqtisadi-maliyyə böhranı planından xəbər tutan kəşfiyyat bu barədə Kremli məlumatlandırıb. Putin də təxirəsalınmaz tədbirlər planı kimi islahat paketini ortaya atıb. Təhlükənin qonşu Rusiyaya qədər inkişaf etdiyini nəzərə alan analitiklər rus kəşfiyyatının əldə etdiyi məlumatlarda Azərbaycanın adının olmasını da istisna etmirlər. Bu barədə Bakıya müəyyən məlumat da verilə bilər. Maraqlıdır ki, Azərbaycanda maliyyə və iqtisadi böhranın ilkin mərhələsində baş verənlərin təsadüf olmadığı, xarici dövlətlərlə gizli əlaqələri olan, siyasi, maliyyə və iqtisadi sektorda fəaliyyət göstərən yetkili şəxslərin planı olduğu bildirilirdi. Gələn məlumatlara görə, Azərbaycan sərhədlərinə yaxınlaşan təhlükədən özünü sığortalamaq istəyən hakimiyyət xarici dövlətlərlə gizli münasibətlərinin olduğu iddia olunan oliqarx nazir və məmurların vəzifələrinə xitam verməyə hazırlaşır. Artıq vəzifəsindən uzaqlaşdırılacaq şəxslərin adlarının məlum olduğu və tərtib olunan siyahıya salındığı bildirilir.

“Kortəbii olacaqsa, xeyrini görməyəcəyik”

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı “Cümhuriyət”ə açıqlamasında islahatların qaçılmaz olduğunu deyib. S.Rüstəmxanlı hesab edir ki, islahatlar olmasa, indiki idarəetmə sistemi ilə heç nəyə nail olmaq mümkün deyil: “Hakimiyyətin islahatlara gedəcəyinə inam var. İnanırıq ki, bu yaxın vaxtlarda baş tutacaq. Lakin bir çox hallarda bu islahatların xeyrindən çox, ziyanını görürük. Məsələn, başa düşə bilmirəm ki, rayonlarda mədəniyyət şöbələri niyə ləğv olunmalıdır? Belə olmamalıdır, mədəniyyət sahəsi daha da inkişaf etdirilməlidir. Guya rayonlardakı mədəniyyət şöbələri ləğv olunub, əvəzində regional şöbələr yaradılacaq. Rəsmi olaraq, Azərbaycanda bölgə anlayışı yoxdur. Niyə bir idarə bir rayondan alınıb, qonşu rayona verilir? Qonşu rayon hansı statusuyla fərqlənir? Yaxud vilayət mərkəzi kimi bir rayona 5-6 rayon verilir. Kortəbii şəkildə belə birləşmələr, ayrılmalar, yerdəyişmələr olacaqsa, bunun heç bir xeyri olmayacaq. Əksinə, müəyyən sahələr getdikcə, zəifləyə bilər”.

VHP sədrinin sözlərinə görə, son vaxtlarda kənd təsərrüfatı sahəsində islahatlar keçirilir: “Bunun da xeyrini inanıram ki, yaxın vaxtlarda görəcəyik. Qalan sektorlada keçirilən islahatların xeyrini isə hələlik görməmişik”.

“Əsas məsələ sizin yox, prezidentin nə gözlədiyidir”

Millət vəkili Araz Əlizadə “Cümhuriyət”ə idarəetmə sistemində və iqtisadi sektorda islahatların keçiriləcəyini istisna etməyib. A.Əlizadənin sözlərinə görə, prezident artıq islahatlara start verib: “Siz islahat gözləyə bilərsiniz, amma bu prezidentin işidir. İdarəetmə prezidentin səlahiyyətinə daxil olan sahədir. Siz çox şey gözləyə bilərsiz, əsas bu deyil. Əsas odur ki, prezident nə gözləyir. Prezident də artıq bir neçə struktur dəyişikliyi edib. Qalan hissəsini də nə zaman həyata keçirəcəyini özü bilir. Yəqin ki, götür-qoy edirlər. İslahatların keçirilmədiyi haqda səsləndirilən fikirlərlə razı deyiləm. Əslində keçirilənlər də islahat deyil, təkmilləşmədir. Referendumda qoyulan bütün məsələlərin həllinə ehtiyac var. Bunların da nəticəsini biz görəcəyik”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları