Yuxarı

Rusiyadan sonra sırada Ermənistan var?

Rusiyadan sonra sırada Ermənistan var?

BMT-dən “işğalçı” qətnaməsi çıxa bilər

Mübariz Əhmədoğlu: “BMT-nin çıxaracağı qərara Rusiya veto qoyacaq”

Hikmət Hacızadə: “Bu qərar müsbət presedent yarada bilər”

BMT Baş Assambleyasında Ukraynanın təşəbbüsü ilə “Krım Muxtar Respublikasında və Sevastopol şəhərində (Ukrayna) insan haqları ilə bağlı vəziyyət” adlı qətnamə qəbul edilib. Məlum qətnamə ilə BMT-nin sənədlərində ilk dəfə olaraq, Rusiya işğalçı dövlət, Krım və Sevastopol isə işğal edilmiş ərazi adlandırılıb. Bundan əlavə, qətnamədə Urkaynanın ərazi bütövlüyü və yarımadanın işğalının tanınmadığı təsdiq edilir. Analitiklər BMT-nin qərarının Azərbaycan üçün müsbət presedent yaradacağını deyirlər. Bu, tendensiya formasını alacağı halda bunun Azərbaycana məxsus Dağlıq Qarabağ və ətraf rayonları işğal edən Ermənistanın da BMT tərəfindən işğalçı dövlət kimi tanınacağını istisna etmirlər. Məlumdur ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında Ermənistanın işğalında olan ərazilərin Azərbaycana məxsusluğu vurğulanır və çağırış edilir ki, erməni silahlı birləşmələri bu bölgələrdən çıxsın. Lakin sənəddə Ermənistan işğalçı kimi qeyd olunmur. BMT-nin digər sənədlərində də bu məsələlər yer alır. Analitiklər qeyd edirlər ki, bu baxımdan rəsmi Bakı qətiyyət göstərib, məlum 4 qətnaməni BMT-nin müzakirəsinə çıxarılmasına nail olacağı halda, bu əsasda məsələnin müsbət nəticə verəcəyi istisna deyil. Qənaətə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün qurulmuş ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Rusiyanın işğalçı kimi tanınması da onu vasitəçilik missiyasından məhrum edə bilər.

“Kimlərsə Rusiyaya nifrətini ortaya qoyub”

Politoloq Mübariz Əhmədoğlu “Cümhuriyyət”ə açıqlanmasında BMT-nin müzakirəsinə çıxarılmış bu məsələnin Dağlıq Qarabağ münaqişəsinə təsir imkanlarının olmadığını bildirib. M.Əhmədoğlu hesab edir ki, bunlar iki ayrı məsələdir:

“Düşünmürəm ki, BMT Rusiyanı işğalçı kimi tanıdı. Ola bilsin ki, jurnalistlər, hansısa ekspertlər Rusiyaya qarşı olan emosiyasını bu şəkildə ortaya qoyublar. Çünki bu sənəd BMT Baş Assambleyasının bir komitəsində qəbul olunub. Digər yandan BMT heç vaxt Rusiyanı işğalçı kimi tanıya bilməz. Çünki BMT bu haqda çıxaracağı qərara Rusiya veto qoyacaq. BMT-də veto qoymaq hüququ olan 5 dövlətdən biri Rusiyadır. Sadəcə kimlərsə Rusiyaya olan nifrətini ifadə edir. Rusiyanın işğalçı kimi tanınıb-tanınmamasının Azərbaycana heç bir aidiyyatı yoxdur. Biz müstəqil dövlətik, for-post deyilik. Lakin elə məsələlər var ki, Rusiya və Azərbaycanın ortaq maraqlarına daxildir. 20-30% elə məsələlər var ki, baxışlar kəskin formada haçalanır. Əgər Rusiyanın dediyi ilə Azərbaycan razılaşsa, sabah Qarabağı Azərbaycana qaytarır. Amma Rusiyanın öz yolu var, bizim də öz yolumuz var”.

“Rusiyanı sıxa bilsələr...”

Politoloq Hikmət Hacızadə “Cümhuriyət”ə bildirib ki, BMT-nin Rusiyanı işğalçı kimi tanıması Ermənistanın da işğalçı olaraq tanınması üçün müsbət presedent yarada bilər: “Bu, Azərbaycan üçün müsbət tendensiya hesab olunmalıdır. Lakin Qarabağ məsələsi böyük dövlətlər və Qərb üçün təəssüflər olsun ki, o qədər vacib deyil. Hələ ki, onların prioriteti Rusiyadır.

Onlar Rusiyanı sıxa bilsələr bu, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın lehinə həlli üçün müsbət hal olacaq. Çünki biz arxasında Rusiyanın dayandığı Ermənistanla vuruşuruq. Amma Rusiyanı istənilən variantdan istifadə edərək dayandıra bilsələr bu zaman Rusiya zəifləyəcək və biz Ermənistanı yerində oturdacağıq. Hər halda Rusiyanın işğalçı kimi tanınması lehimizədir”, - deyə H.Hacızadə qeyd edib.

Mənsur





Həftənin ən çox oxunanları