Yuxarı

Türkiyə NATO-dan çıxır?

Türkiyə  NATO-dan  çıxır?

 

Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına üzv olarsa, NATO-dan çıxmalıdır. Şanxay Əməkdaşlıq Təşkilatı Türkiyəni üzv kimi qəbul edərsə, bu öhdəliyi yerinə yetirməlidir. Bəs görəsən Türkiyə hansı yolu seçəcək? Millət vəkili, politoloq Elman Nəsirlinin Cebhe.info-ya bildirdiyinə görə, Türkiyənin NATO-dan çıxması gözlənilən addım deyil:

“Türkiyə 1952-ci ildə NATO-ya qəbul olunub. 1953-cü ildə Koreya müharibəsində böyük rəşadət göstərən türk əsgərlərinin bu fədakarlığını nəzərə alan BMT belə qərara gəldi ki, Türkiyə NATO-da olmalıdır. Öncədən proqnoza görə, Türkiyənin NATO-da olması təşkilatı daha da gücləndirə bilər. Bu gün dünyada ən güclü hərbi-siyasi təşkilatın NATO olması heç kimə sirr deyil. Ona alternativ olacaq ikinci hərbi-siyasi təşkilat yoxdur”.

Deputatın fikrincə, Kollektiv Təhlükəsizlik Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı NATO ilə müqayisə oluna bilməz: “Şanxay hərbi siyasi təşkilat deyil. Məsələyə bu konteksdən yanaşsaq, deyə bilərik ki, Türkiyənin NATO-dan çıxaraq Şanxay Əməkdaşlıq Təşkilatına daxil olmasını populizm kimi qiymətləndirmək olar. Türkiyə Avropa Birliyinə daxil olmaq istəyir, buna icazə verilmir. Bununla yanaşı NATO-dan da könüllü çıxması məsələyə səthi yanaşma ola bilər. Türkiyədə ümumiyyətlə, məsələyə bu aspektdən yanaşılmır. Belə bir gözləntinin reallaşma əmsalı sıfıra bərabərdir”.

Millət vəkilinin sözlərinə görə, Türkiyənin NATO-dan çıxması ilə bağlı səsləndirilən fikirlər ABŞ prezidenti seçilən Trampın yeni siyasətindən irəli gəlir: “Tramp qeyd edib ki, onun hakimiyyəti illərində NATO ölkələri təhlükəsizliklərinə töhfə versinlər, maliyyə vəsaiti ayırsınlar. Bu addımda məqsəd bütün yükün ABŞ-ın üzərinə düşməsinin qarşısını almaqdır. Çünki bu gün NATO-nun büdcəsinin üçdə ikisini ABŞ ödəyir. NATO ilə bağlı ABŞ-ın yeni siyasəti fonunda hesab edirəm ki, belə fikirlər yaranıb. Türkiyənin NATO-dan çıxaraq Şanxaya daxil olmaq kimi iddiaları yoxdur. NATO nizamnaməsinin 5-ci maddəsində də göstərilir ki, NATO-ya üzvi olan hansısa ölkəyə hücum olarsa, bütün üzv dövlətlər onun arxasında olacaq. Yəni, Türkiyəyə də hansısa siyasi hücum olarsa, bütün NATO ölkələri bu ölkənin arxasında olacaq. Bu, sadəcə olaraq siyasi populizmdir”.

Nigar Məhərrəm





Həftənin ən çox oxunanları