Yuxarı

Rusiya Qarabağda “birgə ordu” yarada bilər

Rusiya Qarabağda  “birgə ordu”  yarada bilər

 

Cümşüd Nuriyev: “Bu, Azərbaycan üçün də çox böyük təhlükədir”

Elçin Mirzəbəyli: “Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqi olmaqla onsuz da tərəfdir”

Rusiya prezidenti Vladimir Putin bir müddət öncə Ermənistanla birgə ordu qrupunun yaradılması ilə bağlı sərəncama imza atdı. Bu günlərdə isə Rusiya daha bir ordu yaratmaq fikrinə düşüb. Amma bu dəfə separatçılarla birgə ordu yaradılır. Belə ki, Rusiya Abxaziyada separatçı ordu birləşməsinin yaradılması qərarına gəlib. Rusiya gələcəkdə Dağlıq Qarabağda erməni separatçıları ilə birlikdə bu tip ordu yarada bilərmi?

“Rusiya istənilən vaxt bizi şantaj edə bilər”

“Cümhuriyət” qəzetinə şərhində politoloq Cümşüd Nuriyev deyib ki, Rusiya bununla imperiya maraqlarını ortaya qoyur. Onun sözlərinə görə, bu Azərbaycan üçün də kifayət qədər təhlükəli məsələdir: “Rusiya hələ bir neçə il bundan qabaq belə bir qərar qəbul edib ki, Rusiya ilə həmsərhəd olmayan istənilən muxtar qurum Rusiyaya birləşdirilə bilər. Krımı da elə həmin qərara əsasən özlərinə birləşdirdilər. Rusiyada belə bir tendensiya var. Ona görə də, bu təbii ki, çox təhlükəli məsələdir. Abxaziyada nə baş verir və Rusiya bu cür ordunu nəyin əsasında yaradır? Hal-hazırki şəraiti götürsək, belə bir ordunun yaradılması mümkünsüzdür. Ona görə də Rusiya birdən-birə niyə bu qədər sərt mövqe tutub bunu demək çətindir, amma artıq Rusiya öz imperiya ambisiyalarını ortalığa qoyub. Rusiya Ermənistanla birgə ordu yaratdıqdan sonra təbii ki, Dağlıq Qarabağda da belə bir təhlükə baş verə bilər. Amma Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir və belə bir addım atması inandırıcı görünmür. Buna baxmayaraq Rusiya istənilən vaxt bizi bununla şantaj edə bilər”.

Politoloq Elçin Mirzəbəylinin sözlərinə görə isə Rusiyanın məqsədi başqadır. E.Mirzəbəyli bildirib ki, Rusiyanın Qarabağda iştirakı onu birbaşa işğalın iştirakçısı edəcək: Bunları bir-birilə əlaqəli hadisə hesab etmirəm. Abxaziya Rusiya tərəfindən bilavasitə işğal olunub və faktiki olaraq orda Rusiyanın hərbi kontingenti yerləşir. Bunun adını nə qoysan da mahiyyəti dəyişmir. Azərbaycanın işğal olunmuş ərazilərində isə Ermənistanın hərbi birləşmələri yerləşir. Bu hərbi birləşmələrə də Ermənistan uzun illərdir müxtəli adlar qoymağa çalışır amma nəticə dəyişmir. Sarkisyan açıqlamasında da bildirir ki, Dağlıq Qarabağ probleminin iki həll yolu. Dağlıq Qarabağ ya Ermənistana birləşdirilməlidir, ya da müstəqil olmalıdır. Bu da faktiki olaraq işğal faktının davam etdirilməsi deməkdir. Rusiyanın Ermənistanla hərbi birləşmə yaratmasının bir neçə səbəbi var. Bu Azərbaycanla bağlı olan məsələ deyil. Əgər Azərbaycan Dağlıq Qarabağda öz ərazilərini işğaldan azad etmək üçün hər hansı addım atarsa, Ermənistanl Rusiyanın birgə yaratdığı hərbi kontingentin bu münaqişədə iştirakı onsuz da qeyri-qanuni sayılacaq. Bu beynəlxalq hüquqların pozulması kimi qiymətləndiriləcək.

Rusiyanın mahiyyətindən asılı olmayaraq hər hansı bir şəkildə istər Ermənistanla birgə yaratdığı ordunun tərkibində, istər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvi kimi, istərsə də digər bir səbəblə Dağlıq Qarabağda hərbi əməliyyatlara qoşulması Rusiyanın işğal faktının iştirakçısı olma ehtimalını gücləndirir. Rusiya onsuz da Ermənistanın hərbi-siyasi müttəfiqi olmaqla tərəfdir. Amma Qarabağ münaqişəsində 1 rus əsgərinin iştirakı belə Rusiyanı işğalda birbaşa iştirakını təsdiq edəcək”.

“Dünyada zor ədaləti üstələyib”

Elçin Mirzəbəyli hesab edir ki, bu gün dünyada beynəlxalq hüquq anlayışı ayaqlar altına atılıb: “Yaranmış bu vəziyyətdən Rusiya və Qərb dövlətləri də yararlanmağa çalışırlar. Zor gücü ədaləti üstələyib. Rusiya onsuz da bu günə qədər Gürcüstanda, Ukraynada həyata keçirdiyi hərbi əməliyyatlarda beynəlxaql hüquq və prinsipləri nəzərə almayıb. Krımı, Cənubi Osetiyanı və Abxaziyanı ilhaq edib. Buna kimin nə ad qoymasından asılı olmayaraq artıq proses baş verib. Dünya artıq elə bir vəziyyətə gəlib ki, vəziyyəti beynəlxaq hüquq normalarından dəyərləndirmək obsurddur. Əgər bir dövlət hər-hansı bir dövlətin ərazisinə müdaxilə edirsə və kifayət qədər gücə sahibdirsə ona qoymağa ad onsuz da tapacaq. Güclü deyilsə də təbii ki, onu vurub ordan çıxaracaqlar”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları