Yuxarı

Qarabağ üçün Kosovo presedenti

Qarabağ üçün  Kosovo presedenti

 

Ermənistan Kosovonun müstəqilliyini tanıdı

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Frankofoni təşkilatının Madaqaskarda keçirilən sammiti çərçivəsində Kosovonun xarici işlər naziri Ənvər Xoca ilə görüşüb. Ermənistan XİN-nin mətbuat xidmətinin verdiyi məlumata görə, tərəflər onları maraqlandıran məsələlər ətrafında müzakirələri davam etdirməyi qərara alıblar.

Qeyd edək ki, Ermənistan indiyə qədər Kosovonun müstəqilliyini tanımayıb. Bundan başqa, 2015-ci ilin noyabr ayında Ermənistan Kosovonun UNESKO-ya daxil olmasının əleyhinə səs verib. Son vaxtlar Ermənistanda Kosovo presedentinin Dağlıq Qarabağın statusuna tətbiq edilməsinə dair fikirlər səslənməyə başlayıb. Edvard Nalbandyanın Kosovolu həmkarı ilə görüşməsi rəsmi İrəvanın bu ölkənin müstəqilliyini tanıması kimi dəyərləndirilir.

Xatırladaq ki, sentyabr ayında Dağlıq Qarabağ separatçılarının nümayəndəsi, özünü qondarma DQR-in deputatı adlandıran Rudik Usnunts da mediaya açıqlamasında Dağlıq Qarabağa Kosovo presedentinin tətbiq olunmasını təklif etmişdi. “Gec-tez Kosovoda olduğu kimi, dünya bizim özünüidarəetmə hüququmuzu tanıyacaq. Çünki geriyə yol yoxdur”-deyə erməni separatçısının bu təlimatı İrəvandan aldığı şübhə doğurmur.

Halbuki, Kosovonun 2008-ci il fevralın 17-də dövlət müstəqilliyi elan ediləndə, bütün beynəlxalq dövlətlər, o cümlədən, ATƏT-in Minsk Qrupuna daxil olan ABŞ, Rusiya və Fransa birmənalı şəkildə bu qərarın Dağlıq Qarabağ üçün presedent yaratmadığını bəyan ediblər. Yəni, Kosovonun müstəqil dövlət kimi tanınması Dağlıq Qarabağa şamil edilə bilməz. İkincisi, ABŞ, Avropa Birliyi, Avropa Şurası, Rusiya da daxil olmaqla bütün dünya Dağlıq Qarabağı hüquqi cəhətdən Azərbaycanın ərazisi kimi tanıyıb.

Üçüncüsü, Dağlıq Qarabağ beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazisi kimi tanınıb. Ermənilərin 1988-ci ildə Dağlıq Qarabağda başlatdığı separatçılıq və terrorizm Azərbaycanın Ermənistan tərəfindən işğalı ilə nəticələnib. Kosovo isə keçmiş Yuqoslaviya Federativ Sosilast Respublikasının tərkibinə daxil olan digər respublikalarla bərabərhüquqlu statusa malik olub.

1971-ci ilə Broz Tito Kosovoya Yuqoslaviya Federasiyasının digər üzvləri ilə bərabərhüquqlu status verilməsi barədə bütün ölkə ərazisində referendumun keçirilməsinə dair fərman imzalayıb. Referendumun nəticələrinə görə, Kosovo albanları qalib gəldilər. Həmin vaxtdan etibarən Kosovo və Metoxiya Yuqoslaviyanın 6-cı bərabərhüquqlu federal subyektinə çevrildi. Ona görə də Yuqoslaviyanın dağılması prosesi SSRİ-dən fərqli olaraq çox gec başa çatdı. Beynəlxalq ictimaiyyət yalnız Kosovonun müstəqillik əldə etməsindən sonra Yuqoslaviyanın dağılması prosesini yekunlaşmış hesab etdi. SSRİ-nin parçalanması isə 1991-ci ildə ittifaqa daxil olan 15 respublikanın müstəqillik əldə etməsi ilə başa çatıb. Həmin vaxt Azərbaycan beynəlxalq hüququn subyekti kimi tanınarkən Dağlıq Qarabağ da onun tərkibində tarixi ərazisi kimi qəbul olunub. Eyni zamnda Dağlıq Qarabağ Kosovodan fərqli olaraq, SSRİ-nin bərabərhüquqlu federativ subyekti olmayıb. O, Azərbaycanın tərkibində Muxtar Vilayət statusu daşıyıb. Bu status da 1991-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə ləğv edilib. Kosovo isə 1999-cu ildən BMT Təhlükəsizlik Şurasının qərarı ilə bu təşkilatın idarəçiliyinə verilib və 2008-ci ildə müstəqilliyini əldə edənə qədər Serbiyanın yurisdiksiyasından çıxarılıb. Kosovo albanları Serbiyanın millətçi diktatoru Slabodan Miloşeviç və Kosovo albanlarının lideri Radavan Karaciç tərəfindən Bosniyada olduğu kimi qanlı soyqırıma məruz qalıblar. Dağlıq Qarabağ münaqişəsində isə soyqırıma məruz qalan ermənilər deyil, azərbaycanlılar olub.

Ermənistan prezidenti Serj Sarkisyan 2010-cu il aprel ayının 30-da Serbiyaya rəsmi səfər edərkən Kosovonun müstəqilliyini tanımadığını, bu torpaqların Serbiyanın ərazisi olduğunu söyləmişdi. Çünki Serbiya Avropada Rusiyanın ən yaxın strateji müttəfiqi sayılır. Ermənistan isə “böyük qardaşı” Rusiyanın strateji maraqlarına zidd hərəkət edib Kosovonun müstəqilliyini tanıya bilmirdi. Son dövrlər İrəvanın Kosovo presedentini gündəmə gətirməsi görünür, Moskva ilə razılaşdırılıb.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları