Yuxarı

ABŞ-da seçki sistemi dəyişdirilə bilər

ABŞ-da seçki sistemi  dəyişdirilə bilər

 

Zərdüşt Əlizadə: “Amma Tramp hakimiyyətdə qalacaq”

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Virciniya, Nyu-H’empşir və Kaliforniya ştatlarında keçirilən prezident seçkilərinin ciddi fırıldaqçılıqla saxtalaşdırmaya yol verildiyini bəyan edib. Cebhe.info xəbər verir ki, 45-ci prezident bunu böyük problem adlandırıb. Qeyd edək ki, həmin ştatlardakı səsvermənin nəticələrinə görə, Hillari Klinton qalib gəlib.

“Virciniya, Nyu-Hempşir və Kaliforniyada ciddi fırıldaqçılıq baş verib. Kütləvi İnformasiya Vasitələri nə üçün məlumat vermir? Ciddi qərəz-böyük problemdir”-Bu barədə Tramp özünün “Twitter” səhifəsində yazıb. Ancaq o, hər hansı təfərrüatlar göstərməyib. Ona görə də “Assosiated Press” agentliyi və “New York Times” qəzeti Trampın iddialarını əsassız adlandırıb.

Donald Tramp Yaşıllar Partiyasının namizədi Cill Staynı da fırıldaqçılıqda ittiham edib. Donald Tramp seçkilərdə milyonlarla insanın qanunsuz səs verdiyini iddia edib. Milyarder dövlət başçısının yazdığına görə, o, Seçicilər Şurasının qərarı ilə prezident seçilib: “Mən həm də seçicilərin səsi ilə seçilmişəm. Əgər qanunsuz verilən səsləri çıxsaq...”

Xatırladaq ki, ümumi nəticələrə əsasən Hillari Klinton Donald Trampı 2 milyon səslə qabaqlayıb. Tramp Seçicilər Şurasının 306 üzvünün səsini alaraq qalib olub. Klinton isə 232 səs alıb. Ancaq səsvermədə Klintona 64 milyon, Trampa isə 62 milyon nəfər səs verib. Amerika seçki sisteminə əsasən bu səslər prezidentin seçilməsində rol oynamır. Prezident Seçicilər Şurasının səsi ilə seçilir və bunun üçün 270 səs lazımdır. Tramp özü seçkidən əvvəl çox sayda qanun pozuntusu olacağına dair xəbərdarlıq etmişdi. Seçkidən sonra isə bir müddət susqunluğunu qoruyan Klinton cəbhəsi dünən yayılan açıqlama ilə nəticələrə Rusiyanın təsiri barədə iddia ilə çıxış edib. Qərargahın yaydığı açıqlamada bildirilir ki, seçkilərin nəticəsinə kiberhücumların təsiri araşdırılmalıdır. Bununla yanaşı, 3 ştatda səslərin yenidən sayılması tələb olunur.

Analitiklər belə hesab edir ki, Trampın bu bəyanatı onu gözləyə biləcək problemlərə indidən hazırlaşmaq cəhdidir. Yəni Hillari Klintonla yanaşı, Donald Trampın da digər üç ştatda səsvermənin düzgün hesablanmaması barədə açıqlama verməsi artıq ABŞ-da seçkilərin nəticələrinə dair şübhələri artırıb. Səslərin sayılması ilə bağlı müahisəli ştaların sayı 6-a çatıb. Donald Tramp isə milyonlarla seçicinin Hillariyə qeyri-qanuni səs verdiyini idda etməklə ya özü də bilmədən seçkilərin legitimliyini şübhə altına salıb, ya da bilərəkdən bu gedişi etməklə məğlubiyyətini etiraf etməyə hazırlaşır. Məsələyə münasibət bildirən Barak Obama adminstrasiyası isə seçkilərin nəticəsinin Amerika xalqının siyasi iradəsini əks etdirdiyini bəyan edib. Bununla da ABŞ hökuməti H.Klintona səsvermənin nəticələri ilə barışmağı təklif edib. Amerikalı seçki mütəxəssisləri Conatan Allen və Eno Parnos noyabrın 8-dən sonra yazdıqları kitabda qeyd ediblər ki, Hillari Klinton prezident Obamanın təzyiqindən sonra geri çəkilməli olub.

Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, səsvermə prosesində aşkar olunan nöqsanlar Donald Trampın hakimiyyətdə qalmasına mane olmayacaq: “Tramp prezident kimi qalacaq. Bu onu xatırladır ki, 2000-ci ildə keçirilən prezident seçkilərində Corc Buş Al Qorla rəqabətdə 100 min az səs toplamışdı. Amma prezident Corc Buş oldu. İndi də Hillari Klinton Donald Trampdan 2 milyon artıq səs qazanıb. Lakin Tramp prezident seçilib. Bu kimi faktlar Amerikanın seçki sistemi, Amerika demokratiyası adlanır. Bir adam-bir səs bərabərliyi prinsipinə uyğun olaraq, nə vaxtsa, Amerika seçki sistemi islah edilməyə hazır olacaq. ABŞ federativ dövlətdir və hər bir ştatın özünün istəyi, hüququ var. Ancaq bütövlükdə indiki halda bu sistem görünür, kamil deyil və qüsurları var. Amerika cəmiyyəti 5-10 ildən sonra bəlkə də bu dəyişikliklərə hazır olacaq, konstitusiyaya dəyişiklik edəcək. Ona görə də də bu seçki sisteminin naqisliyi problemidir. Seçki sisteminin qeyri-şəffaf olduğu ölkələrdə belə faktlar üzə çıxanda belə faktlar müzakirə olunur və həmin dəyişiklikləri tətbiq edən addımlar atılır. Trampın hakimiyyətdə qalacağı isə şübhə doğurmur”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları