Yuxarı

Tramp devrilə bilər

Tramp devrilə bilər

Sözə baxmasa, respublikaçılar onu istefaya göndərəcək

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın həmkarı Vladimir Putinlə görüşünü Rusiyada maraqla gözləyirlər. Qarşılıqlı rəsmi səfərlərin nə vaxt baş tutacağı hələ məlum olmasa da dövlət başçılarının 2017-ci ilin əvvəlində Serbiyada keçiriləcək beynəlxalq tədbir çərçivəsində görüşəcəyinə dair xəbər yayılıb. Donald Trampla Vladimir Putin arasında telefon danışığından sonra tərəflər arasında münasibətlərin qaydaya düşəcəyinə Kremldə ümidlə yanaşırlar. Lakin okeanın o tayından alınan xəbərlər prezident Trampla onun komandası arasında Rusiya məsələsinə münasibətdə ciddi fikir ayrılığının yarandığını göstərir. Aydın olur ki, Ağ Evin rəhbəri üçün Rusiyaya güzəştə getmək, yaxud sanksiyaları ləğv etmək o qədər də asan olmayacaq.

O, Respublikaçılar Partiyasının, Konqresin, Avropadakı müttəfiqlərin milli təhlükəsizlik xidməti üzrə təcrübəli mütəxəssislərin, ətrafındakı bir çox məmurların və NATO-nun müqaviməti ilə qarşılaşacaq.  Bu barədə ABŞ-ın Rusiya üzrə siyasi eksperti Stiven Koen “Politico” nəşrinə açıqlamasında bildirib ki, Tramp Vaşinqtonla Moskva arasında əlaqələrin genişləndirilməsinə dair birətəfli qaydada qərar verə bilməz: “Ümumiyyətlə, biz bilmirik, Rusiya ilə əməkdaşlıq olacaqmı”- mütəxəssis öz fikirini belə şərh edib. Bu söhbətlər Putinin NATO-nun öz ölkəsi üçün təhlükə törətdiyini bəyan edərək Rusiyanın Avropadakı anklav ərazisi sayılan Kalininqradda nüvə başlıqlı raketləri yerləşdirməsinə dair noyabrın 21-də verdiyi bəyanatdan sonra aparılır.

Tramp bu gərginliyi azaltmaq üçün Putini məkrli və təhlükəli rəqib hesab edən xarici siyasət elitasına Rusiya lideri ilə yola getməyi söz verib. Tramp İŞİD-lə mübarizədə ABŞ-ın Moskva ilə birliyini təklif edir və 2014-cü ildə Ukraynaya qarşı müdaxiləsindən sonra Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaları ləğv etməyi düşünür. Üstəlik, Tramp dəfələrlə Putinə heyranlığını bildirib. Aparıcı dairələr onun Rusiya prezidenti ilə dostluğunu təhlükəli hesab edir.

Bir çox analitiklərin fikrincə, Putin Trampa İŞİD-ə qarşı birgə mübarizə təklif edəcək. Halbuki, bu, Rusiyanın Suriyada başlıca vəzifəsi deyil. Bunun qarşılığında isə Putin 2014-cü ildə Krımın ilhaqından sonra Rusiyaya qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasını və ABŞ-ın şərqi Avropada və Mərkəzi Asiyada hərbi iştirakının azaldılmasını istəyəcək. Bir müddət öncə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da “Sərhədlərimiz yaxınlığında NATO-nun mövqeyinin və hərbi ponesialının zəifləməsi Avropadakı situasiyanı yaxşılaşdıra bilər”-deyə açıqlama vermişdi. “Ancaq buna nə hərbçilər, nə Dövlət Departamenti, nə Respublikaçılar Partiyası, nə də müttəfiqlərimizdən hər hansı biri inanmır”- ABŞ-ın NATO-dakı sabiq xüsusi nümayəndəsi İvo Daaler belə deyib. "Bir ölkə kimi Rusiyaya yanaşmaq çox çətindir. Biz öz prinsiplərimizdən əl çəkmədən Rusiya ilə saziş imzalaya bilərik”-Məsələyə münasibət bildirən çexiyalı general, NATO-nun hərbi komitəsinin rəhbəri Pyotr Pavel belə fikir söyləyib.

Pens üçün yol açılır

Onun sözlərinə görə, bu yaxınlaşmada Trampa birinci maneə onun əhatəsindəki baş müşavirləri tərəfindən yarana bilər. Xalq tərəfindən seçilmiş vitse-prezident Mayk Pens oktyabr ayında keçirilən debatlarda Putini lağa qoyub və onu “balacaboy və davakar” adlandırıb. Mayk Pens bəyan edib ki, yaxın vaxtlarda Rusiya tərəfindən ediləcək hər hansı təxribata Amerika güc yolu ilə cavab verməlidir. Trampın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzivəsinə təyin etdiyi Mayk Pompeo isə Pusiyanın Ukraynadakı işğalına ABŞ-ın reaksiyasının çox zəif olduğunu deyib. Milli təhlükəsizlik məslələsi üzrə müşaviri vəzifəsinə gətirələcəyi gözlənilən Maykl Flinn prezident Trampı bu yoldan çəkindirməyə çalışaraq Putinə bağlanmamağı məsləhət görür. İstefada olan general 2015-ci ilin dekabr ayında Moskvada islam terrorizminə qarşı ABŞ və Rusiyanın birgə mübarizəsi ilə bağlı müzakirələri zamanı Putinlə şam yeməyində yanaşı əyləşmişdi. O, oktyabr ayında Rusiya prezidentinin ünvanına qarşı acı sözlər söyləməklə qalmaqal yaratmışdı. Maykl Flinn Putini “maraqlarımıza cavab verməyən avtoritar diktator və quldur”-adlandırıb.

Ekspertlərin fikrincə, Trampın təyin edəcəyi dövlət katibinin kimliyi onun niyyətinin nə olduğunu nümayiş etdirəcək. Bu posta əsas namizəd prezidentliyə sabiq namizəd Mitt Romnidir. O, Putini davakarlıqda itiham edib və 2012-ci ildə Rusiyanı Amerikanın bir nömrəli düşməni adlandırıb. Flinnin dövlət katibi olacağı təqdirdə, Moskva ilə münasibətlərdə mövqeyini kəskin şəkildə dəyişəcəyi inandırıcı görünmür. Əgər Tramp Rusiya ilə yaxınlaşmaq siyasətini davam etdirsə, Konqresin müqaviməti ilə qarşılaşa bilər.

Putinin Krımın ilhaq etməsinə və Ukraynanın şərqində minlərlə insanın ölümünə səbəb olmuş silahlılara yardım göstərməsinə Respublikaçılar Partiyasının liderləri Barak Obamanı bir neçə ay Konqresdə Barak Obamanı laqeydliyinə görə, tənqid ediblər. İndi onların Trampın yumşaq siyasətinə etinasız yanaşması heç də asan deyil. Respublikaçılar Partiyasının iyul ayında keçirilən qurultayında Trampın seçki qərargahı ABŞ-ın Ukrayana silah satışını qadağan edəcəyini bildirib. Donald Tramp isə Krımı Rusiyanın tərkib hissəsi hesab etdiyini söyləyib. Ancaq bu məsələdə Respublikaçılar Partiyasının mövqeyi haçalanır. Belə ki, 2015-ci ilin mart ayında ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Barak Obamaya Ukraynanı silahla təchiz etmək səlahiyyəti verən qətnamə qəbul edib. Sentyabr ayında isə Nümayəndələr Palatası “Krımın Xəritəçəkmə və digər sənədlərdə Rusiyanın ərazisi” kimi göstərilməsini qadağan edən növbəti sənəd qəbul edib. Ona görə də prezident Tramp Rusiya ilə əlaqələri bərpa etmək və sanksiyaları ləğv etmək üçün yalnız Barak Obamanın fərmanlarını deyil, həm də Konqresin qərarlara qarşı çıxmaq məcburiyyətindədir. Konqresdəki Respublikaçıların əksəriyyəti isə Putinə mənfi münasibət bəsləyir. Sentyabr ayında Nümayəndələr Palatasının respublikaşı sədri Pol Rayan Putini “Maraqlarımıza ziyan vuran işğalçı” adlandırıb.

Senatda respublikaçı çoxluğun lideri Mitç Makkonel isə Ukrayna hakimiyyətinə silah göndərməyin və şərqi Avropada raketdən müdafiə sistemini genişləndirilməsinin Putində qəzəb doğurduğunu deyib.

Seçkilərdən dərhal sonra Senatın Hərbi Məsələlər Komitəsinin sədri Con Makkeyn Trampa Putinə güvənməmək barədə xəbərdarlıq edib. Senatın Xarici  Əlaqələr Komitəsinin sədri Bob Korker CNN telekanalına açıqlamasında Putinin yaltaqlığının ona təsir etmədiyini söyləyib.

Nümayəndələr Palatasının Xarici Əlaqələr Komtəsinin rəhbəri Ed Roys “Politico”da dərc olunmuş bəyanatında Tramp administrasiyası ilə Rusiya təxribatını dayandıracağı, NATO-nun genişlənməsini təqdim edəcəyi və güc mövqeyindən çıxış edəcəyi təqdirdə işləməyə hazır olduğunu qeyd edib.

Göründüyü kimi, prezident Trampın xarici siyasəti ilə bağlı Respublikaçılar Partiyası ilə ciddi fikir ayrılığı yaranıb. O, ya partiyanın mühafizəkar siyasi kursuna uyğun diplomatiya yürütməli, ya da Putinlə “duz-çörəyi ayaqlamamaq” üçün ABŞ-ın mövcud qanunlarını pozmalıdır. Sonuncu varianta əl atılması və hakim elitanın siyasi xəttinə zidd fəaliyyət Donlad Trampın Demokratlar tərəfindən deyil, elə Respublikaçıların özünün əli ilə istefaya göndərilməsi ilə nəticələnə bilər. Qanunvericiliyi və ABŞ Konstitusiyasını pozmağa görə, Konqres prezident Trampa etimadsızlıq göstərə bilər ki, bununla da dövlət başçısı postunun hakimiyyətin əsas sükanı hesab olunan vitse-prezident Mayk Pensə ötürülməsi təmin olunar.

Müşfiq Abdulla

 





Həftənin ən çox oxunanları