Yuxarı

İran-Rusiya ittifaqı Azərbaycanı təhdid edir

İran-Rusiya  ittifaqı  Azərbaycanı  təhdid edir

 

Əli Əliyev: “Rusiya keçmiş SSRİ ərazilərinə iddialıdır”

Elxan Şahinoğlu: “Azərbaycan üçün ciddi təhlükə gözləmirəm”

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Rusiyaya tətbiq etdiyi sanksiyalar və Qərb dövlətlərinin də bu sanksiyalara qoşulması Moskvanı yeni dövlətlərlə yaxınlaşmağa vadar etdi. Siyasi şərhçilər hesab edirlər ki, Rusiya əslində bu müharibədən güclü çıxdı. Rusiya son günlərdə İran və Türkiyə ilə münasibətlərin daha da yaxşılaşdırmaq üçün effektli addımlar atır. Bunun nəticəsi kimi, yaxın vaxtlarda Rusiya ilə İran arasında turist qruplarının vizasız səfərləri barədə hökumətlərarası sazişin imzalanacağı gözlənilir. Bundan əlavə, iki ölkənin işgüzar dairələrinə, hüquqi şəxslərə, şirkətlərə və müəssisələrə tərəfdaşlarını qarşılıqlı şəkildə dəvət etmək imkanı veriləcək. Bu iki ölkənin yaxınlaşmasına və ətraf ölkələrə qarşı birgə fəaliyyətinə təkan verə bilərmi?

“Bakı Türkiyə ilə yaxınlaşmalıdır”

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev “Cümhuriyət” qəzetinə şərhində bildirib ki, bu yaxınlaşma Azərbaycan üçün ciddi təhdiddir. Onun sözlərinə görə, Azərbaycan balanslı siyasətini davam etdirmək üçün Türkiyə ilə daha da yaxınlaşmalıdır: “İran və Rusiya təbii müttəfiqlərdir. Bu gün İran və Rusiyanın maraqları demək olar ki, bütün məsələlərdə üst-üstə düşür. Suriya da birgə fəaliyyəti, əməkdaşlığı, fəaliyyətlərinin koordinasiyası bunun ən bariz nümunəsidir.

Vizasız rejimin tətbiqi də Rusiyanın üzləşdiyi belnəlxalq təzyiq şəraitində İranın da öz üzərində hiss etdiyi təhdidlər fonunda hər iki dövlət üçün çox cəlbedici addımdır. Hesab edirəm ki, bu İran və Rusiya arasında münasibətlərin daha da dərinləşməsinə gətirib çıxaracaq. Bölgə dövlətlərinin fəallaşmasına gəldikdə isə İran və Rusiya Dağlıq Qarabağ probleminə görə Azərbaycan üçün təhdid rolunda çıxış edir. Rusiya Ermənistanın siyasi-hərbi müttəfiqi, İran isə iqtisadi-siyasi baxımdan ermənilərə kifayət qədər dəstək verən bir dövlətdir. Azərbaycan üçün də bu baxımdan Rusiya-İran yaxınlaşması çox ciddi təhdiddir. Rusiyanın da Azərbaycanla bağlı planları var və keçmiş SSRİ-nin siyasi-coğrafi ərazisinə iddialıdır. Bu yaxınlaşma da birmənalı olaraq bizim strateji maraqlarımıza fayda vermir. Azərbaycan bu günə qədər balanslı siyasət aparıb.

Son illərdə İran və Rusiyanın təşəbbüsü ilə üçlü format formalaşdırılıb və Azərbaycan da ora cəlb edilib. İndi isə Azərbaycanın ənənəvi xarici siyasət kursundan imtina etmək ehtimalı gündəmə gəlir. Çünki Rusiya və İranın belə yaxınlaşması Azərbaycana təhdid xarakteri daşıya bilər.

Bu baxımdan Azərbaycan öz balanslı siyasətini qorumaq üçün Türkiyə ilə münasibətləri daha da yaxşılaşdırmalıdır. Ümumiyyətlə, bölgədə olan bütün türk dövlətləri Azərbaycanın təbii müttəfiqi kimi qiymətləndirilməli və onlarla münasibətlər strateji səviyyəyə daşınmalıdır. Azərbaycan diplomatiyası da bu baxımdan daha çevik və ardıcıl fəaliyyət göstərməlidir”.

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə isə Rusiya və İran yaxınlaşması uzun zamandır ki, müşahidə edilir. O, hesab edir ki, bu yaxınlaşma yalnız Dağlıq Qarabağ məsələsinə görə Azərbaycanı narahat edə bilər: “Siyasi və hərbi müstəvidə bu əməkdaşlıqlar uzun zamandır davam edir. Digər tərəfdən də Suriyada gedən müharibədə hər iki dövlət Əsəd rejiminə birbaşa fiziki dəstək verir. İki dövlət arasında münasibətlərdə də yaxınlaşma var. Hesab edirəm ki, bu yaxınlaşmanın Azərbaycana mənfi təsiri yoxdur.

Əksinə, Azərbaycan özü çalışır ki, bölgədə Rusiya, İran və Azərbaycan formatında bir əməkdaşlıq üçbucağı yaransın. Burada əsas enerji və nəqliyyat layihələri nəzərdə tutulur. Bütün bunlarda İran və Rusiya da maraqlıdır. İran ona görə maraqlıdır ki, öz mallarını Azərbaycan və Rusiya üzərindən Avropaya çıxarsın.

Azərbaycan üçün narahatçılıq yaradan yeganə məqam İran və Rusiyanın işğalçı Ermənistanla əlaqələrinin olmasıdır. Rusiya Ermənistana silah verir, birgə ordu yaradır, İran isə ermənilərə nəfəslik verir. Onlarla müəyyən xırda və orta layihələr həyata keçirir. Bu günlərdə İran prezidentinin də Ermənistana səfəri nəzərdə tutulur. Bu aspektdə İran Rusiya yaxınlaşması Azərbaycan üçün narahatçılıq yaradır. Amma bütün hallarda bu iki dövlət əgər Azərbaycanın daxili işlərinə qarışmırlarsa, iqtisadi əməkdaşlıqda maraqlıdırlarsa, bu yaxınlaşmadan Azərbaycan üçün ciddi təhlükə gözləmirəm”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları