Yuxarı

PKK-dan sonra növbə ASALA-da

PKK-dan sonra  növbə ASALA-da

 

Cümşüd Nuriyev: “Qərb Türkiyədə qarışıqlıq yaratmağa çalışır”

Elçin Mirzəbəyli: “PKK-nın terror təşkilatı siyahısından çıxarılmasının arxasında ABŞ dayanır”

Belçika və Almaniya məhkəmlərinin PKK terror təşkilatının üzvlərini buraxmaq qərarından sonra bu qurum haqda yeni məsələ gündəmə gəlib. Belə ki, Avropa Ədalət Məhkəməsi PKK-nı terror təşkilatları siyahısından çıxarmağı düşünür. Artıq məhkəmə məsələni müzakirəyə çıxarıb. Məhkəmə Avropa Komissiyasından PKK-nın terror təşkilatları siyahısına salınmasının səbəbləri ilə bağlı sənəd tələb edib. Komissiya isə göndərdiyi sənədlərdə PKK-nın silahlı toqquşmalar yaratdığını bildirib. Məlumatlara görə, PKK terror təşkilatı olan İŞİD-lə mübarizə apardığını bildirərək terror təşkilatları siyahısından çıxarılmasnı tələb edib.

Məsələnin gündəmə məhz PKK-nın bu tələbi ilə gətirildiyi təsdiqlənib. Beləliklə PKK üzvləri haqqında məhkəmə proseslərinin dayandırılması və maddi yardımdan tutmuş silah təminatına qədər bir çox məsələlərin qanuni yolla həllinə nail olmağa çalışır. Hesab olunur ki, Avropa Ədalət Məhkəməsinin məsələni müzakirəyə çıxarması - Türkiyəyə qarşı təzyiq vasitəsidir. Çünki məsələ o vaxt gündəmə gəlir ki, bu fonda Türkiyə Qərbə inteqrasiya xəttindən imtina edərək Rusiyaya yönəlir və Suriya problemində mövqeyini dəyişir. Paralel olaraq, ABŞ-dan hərbi çevriliş etməkdə ittiham etdiyi FETÖ lideri Fətullah Gülənin ekstradisiyasını tələb edir. İraqda İŞİD-in mövqelərinə qarşı təktərəfli formada əməliyyatlara başlamaq istəyir, digər yandan da Suriya və İraqda kürdlərin yaşadığı bölgələrə nəzarəti ələ keçirməyi planlaşdırır. ABŞ və Avropa İttifaqı bu baxımdan PKK məsələsini gündəmə gətirməklə, Türkiyəni geriyə addım atmağa məcbur etmək barədə düşünə bilər. Çünki belə bir qərar qəbul olunsa, Qərb faktiki olaraq, Türkiyənin cənub sərhədlərində “Kürdüstan dövləti”nin qurulmasına legitim şərait yarada bilər. Türkiyənin də bu məsələni nəzərə alaraq, Qərbə qarşı daha yumşaq mövqedən çıxış edəcəyi də bir sıra analitiklər tərəfindən istisna edilmir.

“Böyük bir proyektdən söhbət gedir”

BAXCP sədrinin müavini Elçin Mirzəbəyli “Cümhuriyət”ə bildirib ki, bu, Türkiyəyə təzyiq vasitəsidir. E.Mirzəbəyli fikrini onunla izah edib ki, Avropa İttifaqında təmsil olunan aparıcı dövlətlərin bu məsələni tənzimləmək imkanları yoxdur: “Böyük bir layihədən söhbət gedir. Bu proyektin arxasında ABŞ dayanır. Məsələnin özü də Amerikanın iradəsindən asılıdır.

ABŞ-ın bu yöndəki siyasəti yəqin ki, gələn ilin yanvar və fevral aylarından sonra bəlli olacaq. Çox güman ki, bu, Avropa Parlamentinin qəbul etdiyi qərarın davamıdır. Eyni zamanda qərarı Türkiyə rəsmilərinin Avropa İttifaqına qarşı səsləndirdikləri sərt bəyanatların cavabı kimi də qiymətləndirmək olar”.

BAXCP yetkilisi hesab edir ki, Türkiyə Qərbin bu təzyiqləri qarşısında tab gətirəcək: “Çünki Türkiyənin kifayət qədər iqtisadi potensialı var. Son dövrlərdə həmçinin hərbi sənaye kompleksini də inkişaf etdirməyi bacarıb. Digər yandan türk ordusu dünyanın ən güclüləri sırasındadır. Digər məsələ isə türk cəmiyyətinin gücüylə, baş verənlərə aktiv reaksiya vermək bacarığının olmasıyla bağlıdır. Unutmaq lazım deyil ki, Türkiyə tarixində Çanaqqala savaşı var. Həmin savaşda silahsız Türkiyə cəmiyyəti ittifaq dövlətlərinə  qalib gəldi. Düşünürəm ki, Türkiyə bu çətin proseslərin içindən zərərsiz çıxa biləcək. Nəzərə alsaq ki, Rusiya və Çinin maraqları Qərb və ABŞ-ın nəhəng geosiyasi proyektləri ilə toqquşur. Bu baxından Türkiyənin Çin və Rusiya ilə birgə hərəkəti də mümkündür. Bua görə də hesab etmirəm ki, Türkiyə təklənib”.

“ASALA-nı da “qara siyahı”dan çıxara bilərlər”

Politoloq Cümşüd Nuriyevin “Cümhuriyət”ə dediyinə görə, Türkiyəyə təzyiq vasitəsi olmaqla yanaşı, bu ölkəyə qarşı hazırlanmış daha böyük planlardan da söhbət gedir. O, hesab edir ki, məsələnin müzakirəyə çıxarılması ABŞ-ın sifarişidir: “Amerika adətən, “ilanı Seyid Əhməd əli”ylə tutur. Avropa Məhkəməsi məsələni ona görə gündəmə gətirdi ki, Ərdoğan sərhədlərin açılacağı bəyanatını verib. Yunanıstan artıq 2 min əsgərini sərhədlərə toplayıb və bölgədəki hərbi qüvvələrinin sayını artırmağı planlaşdırır. Bolqarıstan da eyni addımları atıb. Qərb bir növ PKK məsələsini gündəmə gətirməklə Türkiyəni qorxutmağa çalışır. Türkiyə rəhbərliyinə çatmır ki, Albaniya müsəlman dövləti olaraq, Avropanın göbəyindədir, onu ittifaqa qəbul etmirlər. Bosniya-Hersoqovna və Kosovaya da münasibət eynidir. Avropa İttifaqı xristian klubudur. Türkiyə bundan başqa nə gözləyə bilər? 50 ildir ki, ora can atır, hər dəfə də aşağılayırlar. İndi bu məsələni dondurmaqla növbəti dəfə aşağıladılar”.

Cümşüd Nuriyev qeyd edib ki, Avropa İttifaqı “qırmızı bülleten”lə axtarılan PKK terrorçularını saxladı, sonra buraxdı: “Onları buraxmaq - Türkiyəyə təzyiq vasitəsi olmaqla yanaşı, bu dövləti aşağılamaqdır. Bütün bunların arxasında ABŞ-ın maraqları durur. Türkiyəni həm qıcıqlandırırlar, həm qızışdırırlar, həm də daxilində narazılıq yaradırlar.

Yaxın Şərqdən olan qaçqınların Türkiyədən birdən-birə çıxarılması da narazılığı artıra bilər. Bu zaman Türkiyədə silsilə terror aktları törədilə bilər, xaos yarana bilər. Ümid edək ki, Ankara bunlara getməyəcək. Açığını desək, bütün bunları görməmək “siyasi korluq”dur. Qərb bütün hallarda Ankaranın bu “korluğundan” istifadə edərək, Türkiyədə qarışıqlıq yaratmağa çalışır. Dəqiqdir ki, bunun davamı olaraq PKK-nın adı Avropa İttifaqının “qara siyahı”sından çıxarılacaq. Qərb PKK-nı terror təşkilatı kimi yox, kürdlərin “azadlıq hərəkatı”nın aparıcı “siyasi partiya”sı kimi qəbul edəcək. Bunun arxasından ermənilərin ASALA terror təşkilatını da elə tanıya bilərlər”.

Mənsur





Həftənin ən çox oxunanları