Yuxarı

Birgə ordu Azərbaycana qarşı

Birgə ordu  Azərbaycana qarşı

 

Rusiya və Ermənistanın yaratdığı hərbi ittifaq ölkəmizə qarşı çevrilir

Ermənistanın müdafiə naziri Viqen Sarkisyanın Rusiyaya səfəri başa çatıb. Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Viqen Sarkisyan arasında hər iki ölkənin vahid qoşun birləşmələrinin yaradılmasına dair müqavilə imzalayıb. Sənəd Rusiya Federasiyası və Ermənistan dövlət sərhədlərinin quru hissəsinin qorunmasını, o cümlədən, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində birgə güc və vasitələrdən istifadəni nəzərdə tutur. Müqaviləyə əsasən, Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102-ci hərbi baza da Ermənistanın tabeçiliyinə verilir. Viqen Sarkisyan bildirib ki, 102-ci hərbi bazanın daxil olduğu qoşun birləşməsi zəruri hallarda birgə tapşırıqları yerinə yetirəcək. Qeyd edək ki, 102 saylı hərbi bazaya xeyli müddət Ermənistan ordusunun generalı Andranik Markaryan komandanlıq edir.

Sonuncu müqavilə ilə bu məsələ sadəcə dövlətlərarası əlaqələr səviyyəsinə qaldırılıb və hüquqi müstəviyə keçirilib. Beləliklə, Gümrüdəki 102-ci Rusiya hərbi bazası da daxil olmaqla Ermənistan silahlı qüvvələrinin bir sıra hissələri vahid qoşun birləşməsinin tabeçiliyinə keçəcək.

Sözügedən razılaşma, əlavə hərbi-siyasi xarakterli 50 sənəd də daxil olmaqla Rusiya Federasiyasının Ermənistan ərazisində hərbi baza saxlamaq və qarşılıqlı hərbi yardım göstərilməsinə dair müqavilə əsasında imzalanıb.

Vahid hərbi birləşmənin sülh və müharibə şəraitində komandanlıq formatına dair müqavilə bir qədər fərqlidir. Əgər sülh şəraitində qoşun birləşməsi birtərəfli qaydada Ermənistanın idarəçiliyində olacaqsa, hərbi vəziyyətdə Rusiyanın komandanlığına veriləcək: “Yaranmış vəziyyətdən asılı olaraq iki dövlətin ali baş komandanlarının qərarı ilə vahid hərbi birləşmələrin komandanlıq Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahından Rusiya Federasiyası Cənub Hərbi Dairəsinə keçir”. Sənəddə göstərilir ki, hərbi qruplaşmanın qarşısındakı vəzifə iki dövlətin təhlükəsizliyini təmin etmək, onların hava və quru sərhədlərinin mühafizəsini həyata keçirməkdir. Rusiya və Ermənistan arasında bağlanmış bu müqavilənin mətni regionda geosiyasi qarşıdurmanın dərinləşməsi üçün yeni mərhələ açır. İlk növbədə, Ermənistanla vahid qoşun birləşmələrinin yaradılması Cənubi Qafqazda hərbi balansı Rusiyanın xeyrinə dəyişməsinə şərait yaradır. Son dövrlər Gürcüstanın NATO-ya inteqrasiyası prosesi ilə əlaqədar Rusiyanın Ermənistanda hərbi fəallığını artırması müşahidə olunur. Bu baxımdan, uzaqmənzilli “İskəndər” raketlərinin Ermənistan ərazisində yerləşdirilməsi diqqəti cəlb edir. Bir sıra ekspertlər NATO-Rusiya qarşıdurması müstəvisində Gürcüstanın və Ermənistanın daha gərgin zonada yerləşdiyini, Azərbaycanın isə bitərəf xarici siyasət kursu yürütməklə nisbətən təhlükəsiz vəziyyətdə olduğunu bildirirdilər. Ancaq 2016-cı ilin aprel ayında cəbhənin Dağlıq Qarabağ istiqamətində baş vermiş “4 günlük müharibə”də Azərbaycanın hərbi uğurlar əldə etməsi Kreml bölgəsində status-kvonu saxlamaq üçün daha təhlükəli planlar üzərində işləməyə başladı. Bu, həm danışıqlar prosesində, həm də Rusiyanın Cənubi Qafqazdakı hərbi fəaliyyətində özünü göstərirdi. Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə vasitəçilik missiyasını ələ alan Kreml Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun qaytarılması müqabilində rəsmi Bakıya Avrasiya İqtisadi Birliyinə daxil olmağı təklif etdi. “Kazan formulu”na görə, öncə 5 rayonun Azərbaycana qaytarılacağı haqda məlumat yayılsa da sonradan Rusiyanın cəmi 2 rayonun (Cəbrayıl və Füzuli) boşaldılmasına razılıq verdiyi məlum oldu. Moskva Azərbaycanı AİB-ə və Gömrük İttifaqına daxil etməklə yanaşı, həm də Rusiya silahlı qüvvələrinin sülhməramlı mandatı ilə Dağlıq Qarabağa yerləşdirilməsini təklif edir. Bu isə Dağlıq Qarabağın və digər 5 rayonun qeyri-müəyyən müddətə işğal altında qalması deməkdir. Rəsmi Bakının bu təklif razılıq verəcəyi halda Azərbaycan ordusunun münaqişəni hərbi yolla həll etmək imkanı isə tamamilə aradan qalxa bilər. Azərbaycanın hərbi əməliyyatlara başlaması Rusiyanın silahlı müqaviməti ilə qarşılaşması demək idi. Ona görə də rəsmi Bakı Rusiya prezidenti və xarici işlər naziri ilə dəfələrlə müzakirələrin aparılmasına baxmayaraq, “Lavrov planı”na razılıq vermədi. Cəbhə xəttində atəşkəsin pozulması hallarının qismən azalmasına baxmayaraq, payız aylarından etibarən Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyət danışıqların dayanması və Ermənistanın Rusiya tərəfindən fəal silahlandırılması ilə müşahidə olunur. Ermənistanın hava məkanının birgə mühafizəsinə dair Rusiya ilə əldə olunmuş razılşamanın ardınca sentyabr ayında işğalçı ölkəyə ağır silahların verilməsi, erməni tanklarının “Uralvaqonzavod” şirkətində modernləşdirilməsi və nəhayət iki dövlət arasında vahid hərbi birləşmələrin yaradılması baş verdi.

Bu səbəbdən Rusiya və Ermənistan müdafiə nazirlərinin imzaladığı sonuncu müqavilənin maddələri Azərbaycan üçün ciddi təhlükəli şərtləri özündə ehtiva edir. Birincisi, qeyd edilən sənədlə yaradıldığı bəyan edilən birgə hərbi birləşmələr Ermənistanın dövlət quru sərhədlərinin mühafizəsinə cəlb edilməsini nəzərdə tutur. Bu o deməkdir ki, Azərbaycanın Ermənistanla həmsərhəd olan Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının döyüş mövqelərinə Ermənistan silahlı qüvvələri ilə yanaşı, Rusiya hərbçiləri də cəlb edilə bilər. Həmin bölgələrdə baş verən atışma zamanı Rusiya hərbi birləşmələrinin iştirakı Azərbaycanın daha ağır hərbi potensiala malik düşmənlə üzbəüz qalması deməkdir. Cəbhənin Dağlıq Qarabağ istiqamətindən Rusiyanın münaqişəyə qoşulmaq imkanı olmasa da Ermənistanla həmsərhəd rayonlardan Azərbaycana hərbi təzyiq vasitəsi kimi istifadə edə bilər.

İkincisi, müqavilədə əksini tapan ən problemli məqam hərbi birləşmələrin idarəçiliyi ilə bağlı maddədir. Həmin maddə kifayət qədər təzadlı olmaqla yanaşı, Azərbaycan üçün birbaş təhdid məqsədi daşıyır. Belə ki, birgə hərbi birləşmələrin yalnız sülh şəraitində Ermənistanın komandanlığı altında, müharibə vəziyyətində isə Rusiyanın komandanlığına verilməsi göstərilir. Məlumdir ki, Ermənistan 1988-ci ildən bəri Azərbaycanla silahlı münaqişə vəziyyətindədir və bu proses davam edir. Kreml aprel ayında olduğu kimi istənilən an Ermənistanın əli ilə cəbhə xəttində irimiqyaslı təxribat törətmək və vahid hərbi qruplaşmaların Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin tabeliyinə keçdiyini elan etmək imkanına malikdir. Yaxın gələcəkdə Ermənistanın belə təxribatlara əl atacağı istisna deyil. 102-ci bazanın hesabına hərbi potensialını genişləndirən Ermənistanın yaxın vaxtlarda Azərbaycana qarşı belə təxribata əl atacağı istisna deyil. Çünki söhbət birbaşa Rusiyanın strateji maraqlarına xidmət edən plandan gedir. Həmin plan Azərbaycanın Avrasiya İqtisadi Birliyinə cəlb olunmasını və Rusiya silahlı qüvvələrinin sülhməıramlı adı altında Qarabağa gətirilməsini nəzərdə tutur. Ermənistanla bağlanmış müqavilə Rusiyaya yalnız hərbi deyil, eyni zamanda ciddi geosiyasi təzyiq imkanları yaradır. Bu baxımdan, Moskvanın sözügedən şərtlərini Azərbaycana qəbul etdirmək üçün fəallaşacağı gözləniləndir. Azərbaycan Rusiyanın təkliflərinə növbəti dəfə “yox” cavabı verərsə, o zaman cəbhə xəttində Ermənistan-Rusiya hərbi birləşmələrinin ciddi təxribatı ilə üzləşə bilər. Rəsmi Bakı yaranmış vəziyyətin nə qədər ağır olduğunun fərqindədir. Regionda isə gərginlik hər an artır.

Müşfiq Abdulla