Yuxarı

Putin geri addım atır

Putin geri addım atır

Rusiya xarici siyasət kursunu dəyişir

İlham İsmayıl: “Kremlin mövqeyində yumşalma ABŞ-ın yeni prezidenti ilə bağlıdır”

Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasına müraciətində ölkəsinin yeni xarici siyasət konsepsiyasını elan edib. Əsasən 2018-ci ildə keçiriləcək prezident seçkilərinə qədər olan dövrü əhatə edəcək bu konsepsiya bəzi prioritetləri ilə əvvəlkindən fərqlənir. Ekspertlər yaxın aylarda Rusiyanın xarici siyasətində ciddi dəyişikliyin baş verəcəyini istisna edirlər. Yəni, Kremlin yürüdəcəyi diplomatiya Qərblə münasibətlərin 2017-ci ildəki səviyyəsindən asılı olacaq. Moskva ABŞ-ın təxribatlarına qarşı sərt və assimetrik cavab verəcəyini vəd edir.

Sənəddə Suriya və İŞİD-lə mübarizə başlıca yer tutduğu halda, Ukrayna əsas prioritet elan edilməyib. Halbuki 2013-cü il fevralın 12-də qəbul olunmuş əvvəlki konsepsiyada Ukrayna da Rusiyanın MDB məkanındakı priorotet tərəfdaşı adlandırılmışdı. 2013-cü ilin noyabr ayında baş vermiş “Maydan hərəkatı” və Rusiya ilə müharibə bu münasibətlərə öz mənfi təsirini göstərib. Amma 2014-2015-ci illərdən fərqli olaraq, Ukrayna problemi yaxın perspektivdə Rusiyanın xarici siyasətində əsas məsələ kimi qoyulmur. Bu baxımdan, Rusiya mediası yeni konsepsiyaya “Putin Krımı yaddan çıxarıbmı” sualı ilə münasibət bildirib. Prezident Putin öz çıxışı zamanı Krımla bağlı heç bir siyasi fikir söyləməyib: “Ümummilli əhəmiyyətli federal yolların və Krım körpünün tikintisinə zəruri diqqət yetirəcəyik. Onun tikintisi qrafik üzrə gedir”- Bu sözlər Putinin Krımla bağlı söylədiyi yeganə cümlə olub. Hətta beynəlxalq sanksiyalardan danışan Rusiya prezidenti Krımı səbəb kimi qeyd etməyib. O bildirib ki, beynəlxalq sanksiyaların səbəbi Rusiyanın işğalçı, təxribatçı olması barədə mifin yaradılmasıdır.

Sonuncu konsepsiya isə reallıqları əks etdirir. Kiyev prioritet istiqamətlərindən sırasından çıxır. Orada qeyd edilir ki, Rusiya və Ukraynadaxili münaqişəni həll etmək üçün Ukrayna və digər maraqlı dövlətlərlə qarşılıqlı əlaqələri inkişaf etdirməyə hazırdır. Analitiklərin rəyinə görə, Rusiya bununla Ukraynanın siyasi və iqtisadi cavabdehliyini öz üzərinə götürməyə hazır olduğuna dair Qərbə mesaj verir. Beynəlxalq terrorizmlə mübarizə məsələsində İŞİD-in adının konsepsiyaya daxil edilməsi diqqəti cəlb edir. Rusiya Federasiyasının Suriya Ərəb Respublikasının ərazi bütövlüyünü və müstəqilliyini tanıması xüsusi vurğulanır.

Post-sovet məkanındakı münaqişələrlə bağlı Rusiyanın xarici siyasət prioritetləri belə ifadə olunub: “Rusiya Dnesryanı, şərqi Ukrayna və Dağlıq Qarabağ münaqişələrinin həllində məsul vasitəçi kimi çıxış etməyə hazırdır”.  Putin bir tərəfdən Gürcüstanla münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı olduğunu bəyan etsə də paralel olaraq, xarici siyasət konsepsiyasında Abxaziya və Cənubi Osetiyanı müstəqil demokratik dövlət kimi təqdim edir. NATO-nun şərqə doğru genişlənməsi barədə Rusiyanın mövqeyi belə izah edilir: “Hər hansı bir dövlətin və dövlətlər qrupunun raket əleyhinə müdafiə sisteminin məhdudlaşdırılmaması beynəlxalq hüququ və sabitliyi pozur”. 

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl hesab edir ki, Vladimir Putinin Federasiya Şurasının böyük hissəsi daxili siyasətə həsr olunub. Bu da Rusiyada daxili ictimai gərginliyin artması ilə bağlıdır: “Xarici siyasət konsepsiyasında isə Putinin əvvəlki sərtliyi görünmürdü. Rusiyanın mövqeyində yumşalma müşahidə olunur. Bunun bir əlaməti ABŞ-ın yeni prezidenti ilə bağlıdır. Donald Trampın Rusiya ilə hansı münasibətlərdə olacağı bəlli deyil. Ona görə də Putin çox ehtiyatlı münasibət bildirdi. Digər tərəfdən, Putin Rusiyanın ənənəvi dostu kimi Yaponiyanın, Çinin adını çəkdi. Amma Türkiyənin, ABŞ-ın adını çəkmədi. Amerika ilə yeni münasibətlər saxlamağın Trampdan asılı olduğunu dedi. 

Putin bildirdi ki, biz ABŞ-la dost olmaq istəyirik, bizə düşmən lazım deyil. Onun bu fikri Qərbdə geniş təhlil olunub və Rusiyanın geri çəkilməsi anlamına gəlir. Yəni Putin başa düşür ki, həm Ukraynada, həm Suriyadakı hərbi əməliyyatlar güclü silahlanma tələb edir və ölkə iqtisadiyyatını ağır vəziyyətə salır. O da bu silahlanma siyasətini davam etdirə bilməz. Ona görə də çalışdı ki, yeni xarici siyasətdə “Rusiyanın maraqları əzilməmək şərtilə” sülh şəraiti ilə hərəkət etsin. Putinin Federal Məclisdə göndərdiyi əvvəlki müraciətlərdən fərqli olaraq, bu dəfə yumşalmaya meyllilik hiss olunurdu”. 

“Rusiya sanksiyalardan canını qurtarmaq istəyir”

İlham İsmayılın sözlərinə görə, Rusiya rəhbərliyi Ukrayna məsələsində geri çəkilməli olduğunu başa düşür. Çünki Rusiya vətəndaşları da Putinin Ukrayna siyasətindən narazıdır: “Amma bu Putinin tezliklə Ukrayna siyasətindən imtina edəcəyi anlamına gəlmir. Sadəcə olaraq, Rusiya Ukrayna münaqişəsinə görə tətbiq olunmuş sanksiyalardan canını qurtarmaq istəyir. Donald Trampın fəaliyyətə başlamasından və Fransadakı prezident seçkilərindən sonra Rusiya ilə bağlı bir çox məsələlərə aydınlıq gətiriləcək. Rusiyanın həm iqtisadi, həm də xarici siyasət konsepsiyasında may ayına qədər sanki bir fasilə götürülüb. 2017-ci ilin may ayından etibarən vəziyyətə aydınlıq gələcək”. 

Dağlıq Qarabağ və digər separatçı münaqişələrlə bağlı Rusiyanın mövqeyinə gəlincə, ekspert bildirdi ki, həmin problemləri Kreml özü yaratdığı üçün xarici siyasət konsepsiyasında növbətçi cavablar əks olunub: “Rusiya səmimi deyil. Əgər sülh tərəfdarı olsaydı, Ermənistanla birləşmiş hərbi qruplaşma yaratmazdı”- İlham İsmayıl belə dedi.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları