Yuxarı

Putinin sevimli generalının azərbaycanlılara “qardaş” müraciətinə cavab

Putinin sevimli generalının  azərbaycanlılara “qardaş” müraciətinə cavab

 

“Adam kişi olar”

Dekabrın 5-də Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri, Rusiya Hava Desant Qüvvələrinin keçmiş komandanı, Rusiyanın Qəhrəmanı, general-polkovnik Vladimir Şamanov maraqlı bir açıqlama verib. Keçmiş SSRİ Silahlı Qüvvələrinin sıralarında xidmət keçmiş hərbçilər arasında kifayət qədər tanınan rus generalı hazırda Dövlət Dumasının ən önəmli komitələrindən birinin rəhbəri kimi o regionla, Azərbaycanla bağlı bir sıra maraqlı məqamlara toxunub.

General Şamanovun sözlərinə görə, Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılması Azərbaycana qarşı deyil və ola da bilməz. O bildirib ki, birləşmiş qoşun qruplaşmasının yaradılması sırf müdafiə məqsədi daşıyır: “Bu, Rusiyanın cənub sərhədlərini qorumaq üçün yaradılıb. Sovet İttifaqı dövründə Bakı Hava Hücumundan Müdafiə Dairəsi vardı və SSRİ-nin cənub sərhədlərini qoruyurdu. Ermənistan Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı müttəfiqidir. Ona görə də Rusiya bu ölkə ilə hava hücumundan müdafiə sistemini birləşdirib”.

Ehtiyatda olan general-polkovnik Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yalnız hava hücumundan müdafiə qoşunlarından ibarət olduğunu da bildirib: “Burada söhbət quru qoşunlarından deyil, hava hücumundan müdafiə qoşunlarından gedir. Bu saziş sırf müdafiə xarakteri daşıyır. Ona görə də Rusiya Dövlət Duması və Müdafiə Komitəsi tərəfindən dəstəklənib. Bu, heç bir halda bizim qardaş ölkə Azərbaycana qarşı ola bilməz”. Cebhe.info xəbər verir ki, hərbi ekspert Üzeyir Cəfərov məsələyə münasibət bildirərkən qeyd edib ki, rus generalının dedikləri ola bilsin mülki, hərbi sahədən bir qədər uzaq olanlar üçün normal, cəlbedici görünsün: “Hətta belə açıqlamadan sonra rusiyapərəst, Azərbaycanın nə yolla olursa-olsun rəsmi Moskvanın orbitinə keçməsini arzulayan şəxslər üçün bir təbliğat vasitəsi üçün işarə rolu da oynaya bilər. Amma həmən yoldaşlara müraciət edirəm ki, siz rus generalının açıqlamasını diqqətlə oxuyun və incələyin. O, çox qeyri-səmimi və reallıqdan uzaq fikirlər söyləyir. Əvvəla, Rusiya Federasiyasının 2049-cu ilədək Ermənistanda yerləşəcək 102-ci Bazası ən müasir silah və texnika ilə hərtərəfli təchiz olunub və bu proses durmadan davam etdirilir. Rusiya və onun Cənubi Qafqazda ən sadiq və birmənalı vassalı olan Ermənistan üçün hansı təhlükə mövcuddur ki, onlar əlavə birləşmə yaradılması haqqında qərar qəbul edirlər? Özü də bu birləşmənin komandanı kimi isə qatı millətçi, erməni generalı, Ermənistan Silahlı Qüvvələrinin 5-ci Ordu Birləşməsinin komandiri general-mayor Arkadiy Makaryanı təyin ediblər. Özü də Rusiya Federasiyası Dövlət Dumasının önəmli şəxslərindən biri, prezident Vladimir Putinin ən sevimli və etibar etdiyi desant generalı V. Şamanov da gözəl bilir ki, o, sadəcə Azərbaycan xalqını aldatmaq və "başımızın altına yastıq" qoymaq üçün bu fikirləri səsləndirib.

Açıqlamasının sonunda, o, "Bu, heç bir halda bizim qardaş ölkə Azərbaycana qarşı ola bilməz” ifadəsini işlədir. Fikir verdinizsə, rus general bizə "qardaş" kəlməsi ilə müraciət edir. Ay yoldaş, İvan, ay yoldaş “tovariş”, sən necə qardaşsan ki, 20 ildən çoxdur sənin "qardaşının Qarabağdakı evini-eşiyini, yurdunu-yuvasını, sənin əsl din və iman qardaşların Ermənistan məhz sənin iştirakınla viran qoyub, sən bu günə kimi bir dəfə də olsun dillənməmisən, səsin çıxmayıb, indi nə baş verib ki, sən Azərbaycandakı "qardaşlarını" yada salmısan?

Yeni partiya, özü də dəyəri milyonlarla olan silah-sursat satmaq haqqında son vaxtlar dolaşan söhbətlərin fonunda sizin "qardaşınızı" yada salmağınız da çox riyakar və qeyri-səmimi hərəkətdir. Keçmiş SSRİ zamanında, hərbçilər, adətən öz əsəblərini, hirslərini bir-birinə izhar etmək üçün, məhz üç məşhur sözdən ibarət cümlələrdən istifadə edirdilər. Şəxsən bütün gördüklərimizin və yaşadıqlarımızın fonunda sizin ünvanınıza indi məhz o məşhur, amma mətbuatda yazılması qeyri-etik çıxan sözləri demək istərdim. Öz payınızı nəhayət ki, götürsəniz, pis olmazdı. Azərbaycan xalqının humanistliyindən yetərincə istifadə etdiniz, bəsdir. Adam kişi olar. Özü də əgər çiynində general paqonu daşıyırsa, onda daha ciddi və əsl kişi olmağa borcludur. Tanrı Azərbaycanımızı geydirmə "qardaşlardan" qorusun!”

Yeganə Oqtayqızı