Yuxarı

Özbəkistan dünyaya açılır

Özbəkistan  dünyaya açılır

 

Yeni prezident Kərimovdan qalan ölkəni dəyişir

Elxan Şahinoğlu: “Türkdilli dövlətlərlə də əlaqələr bərpa olunacaq”

Şövkət Mirziyoyevin prezident seçilməsi Özbəkistanın siyasi həyatında bir sıra yeniliklərlə müşahidə olunub. Mərhum dövlət başçısı İslam Kərimovun hakimiyyəti dövründə qapalı diktatura rejimi kimi tanınan Özbəkistanla ABŞ, Avropa və Asiya ölkələri də daxil olmaqla 27 dövlətlə viza rejimi sadələşdirilib. Bununla da Özbəkistanda dünyaya açıq yeni bir siyasi sistemin əsası qoyulub. 2017-ci il aprelin 1-dən müxtəlif yaş kateqoriyalarına aid 15 ölkənin, habelə 55 yaşa çatan 12 ölkə vətəndaşları Özbəkistana vizasız gedə biləcəklər.

Yerli mətbuatın yazdığına görə, müvafiq fərmanı dekabrın 2-də indiki prezident Şövkət Mirziyoyev imzalayıb. Sənəddə Avstraliya, Avstriya, Böyük Britaniya, Almaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Lüksemburq, Niderland, Koreya Respublikası, Sinqapur, Finlandiya, İsveçrə və Yaponiya sakinlərinə qarşı viza rejiminin qaldırılması nəzərdə tutulur.

Söhbət yalnız 30 günlük vizadan gedir. Həmçinin yaşı 55-ə çatan Belçika, İndoneziya, Çin, Malayziya, ABŞ, Fransa, Vyetnam, İsrail, Polşa, Macarıstan, Portuqaliya və Çexiya vətəndaşları gələn il aprelin 1-dən Özbəkistana 30 günlük vizasız səfər edə biləcəklər. Vizanın qiyməti 50 ABŞ dolları civarında olacaq.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Şövkət Mirziyoyevin hakimiyyəti dövründə Özbəkistanın xarici siyasətində ciddi dəyişikliklər gözlənilir: “Şövkət Mirziyoyev hətta İslam Kərimovun vəfatından sonra, baş nazir olduğu müddətdə bir sıra islahatlar həyata keçirdi. O, uşaqların məcburən pambıq yığımına cəlb olunmasını qadağan etdi. Mirziyoyev baş nazir işləyib və ölkə iqtisadiyyatını yaxşı bilir. Yəqin ki, İslam Kərimovun sağlığında həyata keçirə bilmədiyi islahatları indi reallaşdırmağa çalışacaq. Artıq o, ölkənin birinci şəxsidir və 27 ölkə ilə viza rejimi prosedurunun sadələşdirilməsi Özbəkistanın dünyaya açılması ilə bağlıdır. Bu, xarici sərmayələri Özbəkistana cəlb etmək məqsədi daşıyır. Şövkət Mirziyoyev bu istiqamətdə islahatları daha da genişləndirəcək. Yeni prezident ilk xarici səfərini Rusiyaya edəcək. Böyük ehtimalla İslam Kərimovun xarici siyasətini davam etdirəcək. Çalışacaq ki, neytrallığı qoruyub saxlasın. Tamamilə Rusiyanın əlinin altında da yer almasın, Amerika və Avropa ilə də məsafəli əməkdaşlıq edəcək. Hazırda Şövkət Mirziyoyev üçün ən vacib məsələ Özbəkistanın iqtisadi inkişafını sürətləndirmək üçün dünyaya açılması və investisiyaların cəlb olunmasıdır”.

Politoloq onu da bildirdi ki, Özbəkistan prezidenti ilk xarici siyasətini Rusiyaya etsə də Qərblə də münasibətlərdəki gərginliyi aradan qaldıracaq: “Özbəkistan Rusiya ilə həmsərhəddir. Coxlu sayda özbək Rusiyada çalışır. Amma bu, dövlət maraqlarını qurban verməyə əsas yaratmır. Özbəkistan bir tərəfdən ABŞ və Avropa, digər tərəfdən Çinlə əməkdaşlığı davam etdirəcək. Hətta mən başqa bir yenilik də gözləyirəm. İslam Kərimov prezident olduğu illərdə türkdilli dövlətlərlə münasibətlərə soyuq yanaşırdı. Türkiyə ilə münasibətdə problemi olduğundan türkdilli dövlətləırin forumuna qatılmadı. Düşünürəm ki, Şövkət Mirziyoyev türkdilli dövlətlərlə əlaqələri genişləndirəcək, foruma da qatılacaq. Türkiyə prezidenti bu yaxınlarda Özbəkistana səfər etdi və Şövkət Mirziyoyevlə fikir mübadiləsi apardı. Halbuki, Türkiyənin prezidentləri və baş nazirləri 10 ildən artıq idi görüşmürdü. Bu baxımdan, Şövkət Mirziyoyevin ciddi addımlar atacağını gözləyirəm”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları