Yuxarı

Rusiyanın seçki hakerləri - ART28 və ART29

Rusiyanın seçki  hakerləri - ART28 və ART29

 

Qərb  kiberterrorun qarşısını ala bilmir

Qərbdə Rusiyanı kiberterrorizmdə ittiham edən bəyanatların sayı artır. ABŞ-da və Avropada keçirilən seçkilər üçün Rusiyanın haker hücumları siyasi kabusa çevrilib. Noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkilərinin mübahisəli nəticələri Rusiyanın səsvermə prosesinə kibermüdaxilə etməsi barədə iddiaları ortaya çıxartdı. Demokratlar Partiyasının namizədi Hillari Klintonun seçki qərargahı Rusiyanın hakerlərinin köməyi ilə səsvermənin nəticəsini Donald Trampın xeyrinə dəyişdiyini açıqladı.

Əslində, Rusiyanın ABŞ-dakı seçkilərə zərbə planı hazırladığı barədə məlumatlar əvvəlcədən yayılmışdı. Avqust ayında ABŞ Federal Təhlükəsizlik Bürosu bununla bağlı xəbərdarlıq etmişdi. Prezident seçkilərinə 2-3 ay qalmış İlinoys ştatında 200 min seçiçinin şəxsi informasiyaları hakerlər tərəfindən oğurlanmışdı. Arizona ştatında isə seçicilərə aid məlumat bazasına hakerlər virus buraxmışdılar. Rizona, İlinoys ştatlarındakı olayları incələyən Federal Təhlükəsizlik Bürosu açıqlamasında "Rusiyanın dəstəklədiyi haker qrupları"na diqqət çəkmişdi.

Pentaqon, Dövlət Departamenti, Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) kimi qurumlar Rusiyanı araşdıran beyin mərkəzlərinə edilən hücumların arxasında Moskvanın durduğunu açıq ifadə etmişdilər. Bütün bunlardan aydın olurdu ki, seçki zamanı kiber hücumlar daha intensiv hal alacaqdı. Kiber müdaxilələrin arxasında Rusiyanın durması vitse-prezident Co Bayden tərəfindən də etiraf edilmişdi. Hücumların nəticəsində internet şəbəkəsinin kəsildiyi və elektron bazada qırılmaların meydana gəldiyi vurğulanır. Seçkidən iki həftə sonra isə Hillari Klintonun seçki qərargahı Miçiqan, Vinskonsin və Kaliforniya ştatlarında Rusiyanın kiberhücumlar vasitəsilə Donald Trampın qələbəsini təmin etmək üçün kompüterlərə müdaxilə etdiyini bəyan etdi.

Bir neçə gün öncə isə prezident Barak Obama seçkilərə haker hücumların olması barədə faktların araşdırılması və səlahiyyət müddəti başa çatana qədər ona məruzə olunması barədə sənəd imzalayıb. Məsələni araşdıran Portuqaliyanın “Expresso” saytının yazdığına görə, bu məlumatların Rusiya hakimiyyətinə yaxın olan “WikiLeaks”-in əməkdaşları tərəfindən Demokratlar Partiyasının üzvlərinin elektron poçtunu sındırmaq yolu ilə ötürüldüyünə dair ciddi şübhələr var.

Mənbə qeyd edir ki, əsas şübhələrdən biri Eduard Kasperskinin üzərində dayanır. 1987-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ali məktəbinin 4-cü texniki fakültəsini bitirən Kasperski riyaziyyat, kriptoqrafiya, kompüter texnologiyalarını öyrənib. Eduard Kasperski dünyada informasiya təhlküəsizliyi üzrə məşhur mütəxəssis, piratçılıqla mübarizə üçün proqramı və proqram təminatı yaradan dörd ən iri şirkətlərindən birinin sahibidir. Lakin onun əsas xidmət sahəsi Rusiya kəşfiyyat xidmətidir. Çünki DTK-ya daxil olan oranı tərk edə bilmir.

“Heç bir şübhə yoxdur ki, Demokratlar Partiyasına bağlı olan təşkilatların və şəxslərin informasiya sistemlərinə kiberhücumları təşkil edənlər Rusiyanın “Fancy Bears” (yaxud APT28) və “Cozy Bear” ( yaxud APT29) haker qruplarıdır. Birinci qrup Rusiya Federal Təhlükəısizlik Xidmətinə, ikinci isə Rusiya Hərbi Kəşfiyyat Xidmətinə işləyir. Bir şeyi dəqiq demək olar: Həmin haker qrupların heç biri Rusiya hakimiyyətinin icazəsi olmadan fəaliyyət göstərə bilməz. Hamımız bilirik ki, Putinin onun nəzarətindən kənar olmayanlara və ya muxtar olanlara qarşı allergiyası var”. Adıçəkilən nəşr qeyd edir ki, bu hadisələr beynəlxalq münasibətlər sistemində yeni mərhələdir. Bu dövr sirrlərin qorunmasının və informasiya axının qarşısını almağın çətinliyi ilə müşahidə olunur. Almaniya Konstitusiyasının müdafiəsi üzrə Federal idarənin rəhbəri Hans Georq Masen internet üzərindən həyata keçirilən dezinformasiya xarakterli təbliğatı, kiberhücumları, casusluğu və kibersabotajı Qərb demokratiyası üçün hibrid təhlükə adlandırır. Masenin əsas narahatlığı 2017-ci ildə Almaniyada keçiriləcək parlament seçkiləri ilə bağlıdır. Onun sözlərinə görə, kibercasusluğun ən aqressiv formaları siyasi sahədə qeydə alınır. Haker hücumları nəticəsində əldə edilən informasiyalar siyasətçiləri nüfuzdan salmaq məqsədilə seçkiqabağı təbliğat kampaniyasında da üzə çıxa bilər. Masenin qiymətləndirməsinə görə, birinci risk qrupuna federal hökumət, parlamentin deputatları və partiya aparatının əməkdaşları daxildir.

“Son aylar klassik siyasi məqsədlərlə dəfələrlə hücumlar müşahidə olunub. Hücumlar avqustda Bundestaqın, may ayında isə hakim Xristian-Demokrat Partiyasının kompüter şəbəkəsinə edilib. Hər iki hücumun qarşısı alına bilib”. Ekspetlər güman edirlər ki, bu təxribatda Rusiyanın ART28 şifrəli “Advanced Persistent Threat” (Göndərilən davamlı təhlükə) haker qrupunun əli ola bilər. 2015-ci ildə Almaniya Bundestaqının şəbəkəsinin sındırılmasında və bir sıra sənədlərin oğurlanmasında məhz bu qrupdan şübhələnirlər. Konstitusiyanın müdafiəsi üzrə Federal idarənin rəyinə görə, bu qrupun əsas üsulu dezinformasiyadan istifadə olunmasıdır. Onların müstəqil haker olması görüntüsü yaradılır. Bu baxımdan, internet istifadəçiləri kimin hücuma məruz qalacağı barədə çox çətin problemli sualla üzləşirlər.

Rusiyanın adı daha bir vacib seçkiyə müdaxilədə hallandırılır. «The Indenendent»in yazdığına görə, Rusiya Britaniyanın Avropa Birliyindən çıxması («Brexit») ilə bağlı keçirilən referenduma da müdaxilə etmiş ola bilər. Bu bəyanatla Britaniya parlamentinin deputatı Ben Bredşou çıxış edib.

Rusiyanın seçkilərə kiber müdaxilənin olması ilə əlaqədar ABŞ-da başlanan dərin araşdırmalar Avropada da siyasi həyəcan yaradıb. Fransada 2017-ci ilin aprel ayında Fransada keçiriləcək prezident seçkilərinə Rusiya hakerlərinin müdaxiləsi ehtimalı indidən gündəmə gəlib. Fransanın Beynəlxalq Müdafiə və Təhlükəsizlik Agentliyi siyasi partiyalara bununla bağlı ehtiyatlı olmağı tövsiyə edib. "Le Monde" qəzeti yazır ki, adıçəkilən qurum ABŞ-dakı olayı əsas götürərək, Fransa Parlamentində təmsil olunan siyasi partiya mənsubları ilə görüşlər keçirib və kiber hücumların gözlənildiyinə dair xəbərdarlıq edib.

Müşfiq Abdulla