Yuxarı

Azərbaycan ABŞ-a silah satır?

Azərbaycan ABŞ-a silah satır?

Ramil Məmmədli: “Hərbi təyinatlı məhsullar dedikdə təkcə hücum silahları və raketlər nəzərdə tutulmur”

Ötən gün müdafiə sənayesi naziri Yavər Camalovun nazirliyin bir çox ölkələrə hərbi təyinatlı məhsullar satması barədə dediyi fikirlər cəmiyyətdə birmənalı qarşılanmadı. Nazir bildirmişdi ki, həmin ölkələr sırasında ABŞ, Cənubi Koreya və Afrika ölkələri var: "Bu da onu göstərir ki, Azərbaycanın istehsal etdiyi hərbi təyinatlı məhsullar ən yüksək standartlara cavab verir”.

Nazir qeyd edib ki, hazırda Müdafiə Sənayesi Nazirliyinin tərkibində hərbi zavodlar fəaliyyət göstərir: “Bu zavodlarda bu günə qədər 1160 adda hərbi təyinatlı məhsul istehsal olunub". Yavər Camalov həmçinin bildirib ki, hərbi təyinatlı məhsulların satışı ilə bağlı ümumi dəyəri 110 milyon dollar olan müqavilələr imzalanıb, bu müqavilələrin 61 milyon dollar dəyərində olan qismi icra olunmaqdadır.

Maraqlıdır, Azərbaycan ABŞ-a hansı hərbi təyinatlı məhsullar satır?

Hərbi-ekspert Ramil Məmmədli “Cümhuriyət” qəzetinə bildirib ki, ümumiyyətlə, hərbi təyinatlı məhsullar dedikdə təkcə hücum silahları və raketlər nəzərdə tutulmur: “Burda istehlakçı dövlətə lazım olan həmin texnologiyanın komponentləri də nəzərdə tutulur. NATO ölkələri arasında rəsmi və ya qeyri-rəsmi bir razılaşma var. Tutaq ki, Almaniyanın istehsal etdiyi tankın müəyyən komponentləri Fransa, Britaniya və NATO-ya daxil olan digər ölkələrdə istehsal edilir. Bildiyimə görə, ABŞ və NATO ölkələrinin istehsal etdiyi hərbi texnikaların müəyyən komponentləridir ki, onlar Azərbaycanın müdafiə sənayesi müəssisələrində istehsal olunur. Bura Rusiyanı da aid etmək olar. Azərbaycanın müdafiə sənayesində həm də Rusiya üçün müəyyən hərbi texniki komponentlər istehsal edilir. Azərbaycanın ABŞ-a, Cənubi Koreyaya və Afrika ölkələrinə hərbi təyinatlı məhsullar satması həm də bir əməkdaşlıq jestidir. Amerika həmin komponenti başqa ölkədən də ala bilər. Amma Azərbaycanın Amerika ilə təhlükəsizlik məsələsi ilə bağlı əməkdaşlığı var. Onlar da bu əməkdaşlığı nəzərə alaraq hansısa hərbi komponentin Azərbaycanda istehsalı ilə bağlı bir jest razılaşması əldə ediblər. Amma həmin hərbi təyinatlı məhsulların hansı silah üçün istehsal olduğu açıqlanmır”.

Yeganə Oqtayqızı

 





Həftənin ən çox oxunanları