Yuxarı

Türkiyə-Rusiya əlaqələrinə sıxılan güllə

Türkiyə-Rusiya  əlaqələrinə  sıxılan güllə

 

Səfirin qətlindən sonrakı FETÖ izi

Elxan Şahinoğlu: “Məqsəd münasibətləri gərginləşdirmək olub”

Natiq Miri: “FETÖ-nun Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqələri artıq 10 illərdir”

Dekabrın 19-da Ankarada rəsm sərgisinin açılışında iştirak edən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov sui-qəsd nəticəsində öldürüldü. Diplomatı qətlə yetirən şəxs 1994-cü il təvəllüdlü, Ankara Çevik Qüvvət Müdirliyində işləyən polis əməkdaşı Mövlud Mert Altıntaşdır. Mövlud Mert səfirə atəş açdıqdan sonra “Biz Suriyada hər gün ölürük, qətliamda rolu olan hər kəs cavab verəcək”, “Hələbdə uşaqları öldürürsünüz, bunun intiqamını alacağıq” kimi mesajlar verib. Öldürülən səfirin qətli ilə bağlı müəyyən versiyalar səsləndirilir.

Qətlin sifarişçilərinin böyük güclər tərəfindən törədildiyi və baş verən hadisənin gələcəkdə Rusiya-Türkiyə münasibətlərində gərginliyin yaranması üçün hesablandığı bildirilir. Ekspertlərin fikrincə, Türkiyədə Rusiyanın səfirinin öldürülməsi təxribatdır. Bu terror Türkiyə-Rusiya münasibətinə mənfi nəsə gətirə bilər. Hamı çox gözəl bilir ki, Türkiyə hökuməti özü istəməz ki, belə bir hadisə baş versin və Rusiya ilə münasibətinə xələl gəlsin. Bu mənada belə hadisələrin olması həm Rusiya, həm Türkiyəni qorxutmaq marağı daşıyır.  Bəzi politoloqlar da hesab edir ki, Andrey Karlovun qətlə yetirilməsi məlum Rusiya təyyarəsinin vurulmasının və 15 iyul tarixindəki dövlət çevrilişinə cəhdin növbəti qanlı davamıdır. Yəni, bu sui-qəsdin konkret məqsədləri var. Bu da ondan ibarətdir ki, rus-türk münasibətlərini pozmaq, Suriyada  atəşkəsin əldə olunmasına dair Moskva danışıqlarını əngəlləmək və Türkiyənin nüfuzuna zərbə vurmaqdır.

“Atlas” Araşdırmalar Mərkəsinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Rusiyanın Ankaradakı səfirinin öldürülməsiylə bağlı müxtəlif versiyalar səslənir: “Dünəndən həm Rusiyanın, həm də Türkiyənın siyasi ekspertlərinin və siyasətçilərinin rəylərini izləyirəm. Bu rəylərdə üst-üstə düşən başlıca məqam ondan ibarətdir ki, terroru planlaşdıranların məqsədi Türkiyə-Rusiya münasibətlərini yenidən gərginləşdirmək olub. Türkiyə-Rusiya münasibətlərinin yenidən gərginləşməsində maraqlı olan dövlət və güclər bəllidir: ABŞ, Fətullah Gülən, PKK, YPG, PYD, DAİŞ. Ancaq bəlkə bunların heç birinin terrorçu ilə əlaqəsi olmayıb. İnsan amilini unutmaq lazım deyil. Məsələn, polisdə işləyən Mert Altıntaş hər gün ölkəsinin televiziya kanalllarının xəbərlərində Hələbdəki dəhşəti, uşaqların qətlini, Rusiyanın bombardmanlarını və Ankarada Rusiya səfirliyi qarşısında etirazı izləyirdi. Beyin dözməyib, polisdə çalışsa da Mert Altıntaşda psixoloji pozğunluq əmələ gəlib və o qərara gəlib ki, intiqam almaq lazımdır və onun üçün ən əlçatan iş Rusiya səfirini öldürməkdir. Əlbəttə, mən iddia etmirəm ki, Mert Altıntaş təkbaşına plan qurub və arxasında heç bir güc yoxdur. Ancaq mənim yazdığım versiya da istisna deyil. Buna baxmayaraq, “Rusiya səfirinin qətli kimlərin maraqlarına uyğun idi” sualı hələ uzun müddət səslənəcək”.

Qeyd edək ki, məlum təyyarə olayından sonra Rusiya cəmiyyəti birbaşa olaraq məsələyə müdaxilə etdi. Məhz bu müdaxilədən sonra iki ölkə arasındakı münasibətlər gərginliyə doğru hədəfləndi. Müəyyən iqtisadi və turizm əlaqələri pozuldu və bununla da ölkələrin ictimai-siyasi həyatında müəyyən dəyişikliklər baş qaldırdı. Amma sonradan bu münasibətlər bərpa olundu və Rusiya-Türkiyə arasındakı əməkdaşlıq sıx müstəviyə doğru dəyişdi. Son baş verən qətl hadisəsindən sonra iki ölkə arasında yenidən münasibətlərin pozulacağına dair müəyyən fikirlər səsləndirilir. Hətta bildirilir ki, yenidən Rusiya cəmiyyəti bu məsələyə müəyyən qədər müdaxilə etməklə ölkəsinin Türkiyə ilə əlaqələrinin kəsilməsinə çalışacaq.

“Ortaya böyük risk qoydular”

Politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə bildirib ki, bu hadisə birbaşa Rusiya-Türkiyə arasındakı münasibətlərin pozulmasına görə törədilmiş terror hadisəsidir: “Bunun alternativi yoxdur. Bu bəllidir ki, bəzi dünya gücləri Rusiya-Türkiyə yaxınlaşmasında çox narahatdır. Çünki bu münasibətlərin yaxınlaşması artıq Yaxın Şərqdə baş verən proseslərdə Türkiyənin həlledici bir rola malik olmasına şərait yaradıb. Bundan əlavə Suriya və digər münaqişələrin artıq dünya güclərisiz də həll oluna biləcəyi ehtimalını artırıb. Ona görə də bu məsələdə çox ciddi bir narahatlıq var. Baş verən bu terror hadisəsi də birbaşa Rusiya-Türkiyə yaxınlaşmasına görə törədilib. Ancaq onu da nəzərə almaq lazımdır ki, bu hadisə bunu sifariş verən və təşkil edən güclərin bir növ vabank addımıdır. Bu gün bilirsiz ki, Moskvada Suriya problemini müzakirə etmək üçün Rusiya, Türkiyə və İranın xarici işlər nazirlərinin görüşü planlaşdırılmışdı. Burada gələcəyə yönəlik çox strateji məsələlər müzakirə olunacaqdı. Görüşdən də  ciddi narahat olan güclər vardı. Məhz bu görüş öncəsi hadisənin törədilməsi qətiyyən təsadüf olaraq görülə bilməz. Düşünürəm ki, bu cür vabank etməklə ortalığa çox böyük risk qoydular”.

“Rusiya ilə Türkiyə daha da yaxınlaşacaq”

Natiq Mirnin qənaətinə görə, bu Rusiyanın və ya Türkiyənin törətdiyi bir iş deyil: “Əksinə, iki dövlətin yaxınlaşmasını və onların münasibətlərini yenidən pozmaq üçün tətbiq olunan bir təxribatdır. Ona görə də bu gerçəyi həm Rusiya, həm də Türkiyə hakimiyyəti çox ciddi surətdə anladığı üçün münasibətlərə yeni bir gərginlik notlarının gələcəyini qətiyyən düşünmürəm. Artıq informasiyalar var ki, həm Rusiya, həm də Türkiyə rəhbərliyi xüsusi xidmət orqanlarına tapşırıqlar veriblər ki, bu məsələ çox ciddi araşdırılsın və qətlin arxasındakı güclər müəyyənləşdirilsin. Fikrimcə, bu terror hadisəsinə hər iki ölkədə adekvat və ciddi addımlar atılacaq. Gələcəkdə nəinki münasibətlərin pozulması, terrora qarşı birgə mübarizə strategiyasının formalaşması da ortalığa gələ bilər. Çünki dəfələrlə, xüsusilə dəKayseridəki son terror hadisəsindən sonra Rusiya prezidenti Putin şəxsən Türkiyə prezidenti Ərdoğana müraciət etmişdi ki, bu məsələdə hər cür yardıma Rusiya dövləti hazırdır. Bir növ bu terrora qarşı birgə mübarizə stradegiyasını və yardımların olmasını özündə ehtiva edirdi. Bu hadisədən sonra düşünürəm ki, nəinki uzaqlaşmaq, bu iki ölkə hələ getdikcə bir-birinə daha da yaxınlaşacaqlar”.

Türkiyə-Rusiya daha da yaxınlaşacaq...

Politoloq qeyd edib ki, bu hadisənin arxasında olan güclər çox böyük bir yaınışa yol verdilər: “Çünki hadisənin ilk dəqiqələrindən sonra Rusiyanın münasibətində Türkiyəyə qarşı hər hansı bir soyuqluq müşahidə olunmadı. Əksinə, Rusiya anladı ki, bu birbaşa Türkiyə ilə Rusiya münasibətlərinə açılmış bir atəşdir. Regionda, bütövlükdə Avrasiyanın göbəyində olan əhəmiyyətli bir ölkə olan Türkiyə ilə Rusiya bundan sonra münasibətləri pozmaq istəməz və bunun pozulması da mümkün olmayacaq. Həmçinin, onu da nəzərə almaq lazımdır ki, artıq  Rusiya bir gerçəyi də anladı. Anladı ki, zamanında Türkiyə -Rusiya münasibətlərini pozmaq üçün Rusiya qırıcı təyyarəsini vuran güclər bu gün məhz həmin güclərin əmri və sifarişləri əsasnda terror törədilib. Mənə elə gəlir ki, izi də təxminən bu yöndə axtaracaqlar. Bu da Türkiyənin “strateji müttəfiqi” olan ABŞ-dan və ölkənin mərkəzi kəşfiyyat idarələrindən qaynaqlanır. Yoxsa ki, bu qərarın müstəqil qaydada FETÖ-çülərin və yaxud da Fətullah Gülənin özünün müstəqil qərar verə bilməsi mümkün deyil. Bu cür qərarlar adətən, xüsusi xidmət orqanları ilə razılaşdırılır. FETÖ-nun Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqələri artıq 10 illərdir. Ona görə də illər və bir növ hədəf müəyyən olunduğu üçün Rusiya-Türkiyə münasibətlərində hər hansı bir pozulmalar olmayacaq. Əksinə bu məsələdən birgə mübarizə stradegiyası və daha da yaxınlaşma ola bilsin ki, müşahidə olunacaq”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları