Yuxarı

Terror qarşısında aciz türk kəşfiyyatı

Terror qarşısında  aciz türk kəşfiyyatı

 \\Cümşüd Nuriyev: “Bu gün türk kəşfiyyatına “Gülən”çilər başçılıq edir”\\Əli Əliyev: “Terror hadisələri kəşfiyyatın zəif olması demək deyil”\\Türkiyədə baş verən silsilə terror aktları türk kəşfiyyatının işini gündəmə gətirdi. Belə demək mümkündürsə Türkiyədə planlaşdırılan bütün terror aktları hamısı reallaşıb. Siyasilər Türkiyədə baş verən terror aktlarını qlobal güclərin planlaşdırdığını və həyata keçirdiyini bildirirlər. Bəs böyük güclər bu cür rahatlıqla terror aktları təşkil edə bilirsə, türk kəşfiyyatı hara baxır? Nəzərə alsaq ki, son olaraq məşhur “Reyna” gecə klubunda baş verən terror aktı haqqında ABŞ xüsusi xidmət orqanları əvvəlcədən türk kəşfiyyatını xəbərdar edib. Ancaq kəşfiyyatın məlumatlı olmasına baxmayaraq terror aktı baş verdi və çox sayda insan həyatını itirdi.\\Hadisədən sonra Türkiyə hakimiyyəti terror aktlarına “poetik” don geyindirsə də bu nəticəni dəyişmir. Bütün baş verənlər Türkiyənin bu gün yürütdüyü siyasət olsa da, baş verəcək mümkün terror hadisələrinin qarşısını almaq da kəşfiyyat orqanının birbaşa vəzifəsidir. Əgər görüləcək işdə heç bir nəticə yoxdursa, türk kəşfiyyatının strukturu hələ də olduğu kimi qalırsa, burada başqa maraqların olması göz önünə çıxır.\\“Nə qədər ki, Fidan istihbarat şefidir...”\\Politoloq Cümşüd Nuriyev “Cümhuriyət” qəzetinə şərhində deyib ki, bu gün türk kəşfiyyatına FETÖ-çular rəhbərlik edir. Onun sözlərinə görə, Türkiyə kəşfiyyatı kökündən təmizlənməsə, terror hadisələrinin qarşısını almaq mümkün olmayacaq: “Əslində burda söhbət Türkiyə kəşfiyyatının zəifliyindən getmir. Bu gün Türkiyə kəşfiyyatı Amerika Birləşmiş Ştatlarının xüsusi xidmət orqanlarının əlindədir. Necə olur ki, ABŞ 10 gün qabaqdan terror xəbərdarlığı edir və həmin gün də terror hadisəsi baş verir? Bəs Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) nə ilə məşğuldur? Onlar bu günə qədər hələ də bir ciddi iş görməyiblər. Daha doğrusu görmək istəmirlər. Çünki gülənçilər türk kəşfiyyatını bütövlükdə ələ alıblar. Nə qədər ki, Hakan Fidan türk kəşfiyyatının rəhbəridir Türkiyədə terrorun qarşısı alınmayacaq. Bunu tam məsuliyyətlə demək olar. Türkiyəni cəzalandırmaq istəyirlər və həmin cəza sistemi də əsasən ABŞ tərəfindən hazırlanan ssenari üzərindən həyata keçirilir.\\Onlar bu yolnan Türkiyəni çökdürmək istəyirlər. ABŞ Türkiyəni yox, daha doğrusu Ərdoğanı cəzalandırırlar. Çünki Ərdoğan əvvəlcə ABŞ-ın sözünə qulaq asdı, amma sonra onları eşitmədi. Hal-hazırda ABŞ-da da hakimiyyət dəyişikliyi baş verir və ona görə də indi demək olar ki, ABŞ xüsusi xidmət orqanları iflic vəziyyətindədir. Keçmişdəkilər indikiləri qəbul etmək istəmir. ABŞ dövləti tarixində ilk dəfədir ki, xaos vəziyyətinə düşmək üzrədir. Ona görə də ABŞ artıq vəziyyətə nəzarət edə bilmir. Digər tərəfdən Türkiyədə baş verən hadisələr zamanında Ərdoğanın səhvlərinin nəticəsidir. Ərdoğan zamanında nə əkibsə, indi də onu bükür. Bu baxımdan Türkiyədə terror aktlarının qarşısını almaq şansı hələ çox aşağıdır.\\Ya gərək Türkiyə kəşfiyyatı bütövlüklə dəyişilə, ya da yeni Türkiyəni həqiqətən sevən şəxslər kəşfiyyatın başına gətirilə. Türkiyəni sevən kəşfiyyatçılar bir müddət öncə Ergenekon adı altında idarəetmədən kənarlaşdırıldı. Amma indi yeni Türkiyə sevənlər lazımdır. Onlar gəlməyənə qədər Türkiyədə baş verən terror aktları davam edəcək”.\\“Müasir dünyada terrorun qarşısını almaq mümkün deyil”\\Vətəndaş və İnkişaf Partiyası (VİP) sədri Əli Əliyev isə deyir ki, Türkiyədə baş verən hadisələrdə kəşfiyyat orqanını günahlandırmaq olmaz. Onun sözlərinə görə, bu gün Türkiyədə gedən proseslər gözəgörünməz dünya güclərini narahat edir: “Türkiyədə baş verən hadisələrə bir az geniş ölçüdə qiymət vermək lazımdır. Orda baş verən terror aktları da həmin o dəyərləndirmələrdən doğan nəticədir. Türkiyə iqtidarı dünya idarəçilik düzəni qurmaq qərarını verib. Bu baxımdan da özünəməxsus siyasət yürüdür. Türkiyənin gözəgörünməz bütün idarəçilik bağlarının kəsilməsilə məşğuldur. Orda törədilən terror aktları gözəgörünməz dünya hakimiyyətinin sahiblərinə məxsus dəsti-xəttdir. Onlar bu yolla Türkiyənin daxilində çaxnaşma yaratmaq istəyir və əvvəlki idarəçilik şərtlərinə qaytarmağa çalışır. Nəzərə almaq lazımdır ki, türk kəşfiyyatının müəyyən qüsurları olsa da həmin terror aktları Avropanın müxtəlif ölkələrində də törədilir.\\Bu baxımdan müasir dünyada terror aktlarının qarşısını almaq mümkün deyil. Canlı bomba əməliyyatı elə bir üsuldur ki, onun qarşısını almaq bütün hallarda mümkünsüzdür. Həmin adamların psixoloji hazırlanması da, maddi təminatı da kənarda baş verir.\\Ona görə də, baş verənləri bütünlükdə türk kəşfiyyatının üzərinə qoymaq düzgün deyil. Bu bötövlükdə Türkiyə hakimiyyətinin yürütdüyü siyasətin nəticəsidir. 21-ci əsrdə 5 illik Suriya müharibəsinin həlli dünya güclərindən kənarda qalıb. Burada Rusiya, Türkiyə və İran ənənəvi böyük güclərsiz problemi həll etməyə nail olurlar. Təbii ki, bu böyük güclərin xoşuna gəlmir. Burada əsas problem isə Türkiyə görünür. Çünki Rusiya və İranın əvvəlcədən Qərblə münasibəti gərgin olub. Bu baxımdan Türkiyə hələ çox zərbələr alacaq. Hesab edirəm ki, buna dözmək və başlanılan prosesi məntiqi sonluğa çatdırmaq lazımdır”.\\Vilayət Muxtar





Həftənin ən çox oxunanları