Yuxarı

Terrorda qərb izi və rus silahı

Terrorda qərb izi və rus silahı

Elşən Manafov: “Türkiyədə baş verən hadisələr Rusiyanın planı deyil”\\Türkiyədə baş verən terror aktlarının adətən, Rusiya istehsalı olan silahlarla törədilməsi fərqli görüntü yaradır. Belə ki, ilkin baxışdan terror hadisələrində rus silahlarının istifadə olunması həmin hadisələrdə Rusiya izinin olması görünür. Ancaq Türkiyə siyasi elitasını təmsil edən şəxslər bütün açıqlamalarında törədilən terraktların ABŞ xüsusi xidmət orqanları tərəfindən planlaşdırıldığını deyir. Bəs Türkiyədə baş verən terror aktlarında Rusiyanın hər hansı bir rolu ola bilərmi?\\Məsələni “Cümhuriyət” qəzetinə şərh edən politoloq Elşən Manafov deyir ki, nə birbaşa, nə də bilavasitə Türkiyədə baş verən terror hadisələrində Rusiyanın əli yoxdur. Onun sözlərinə görə, rus silahı ilə terror aktlarının törədilməsi terror aktlarının məhz Rusiyanın sifarişi olduğu kimi qəbul olunmamalıdır:\\“Məlumdur ki, dünya bazarında geniş ölçüdə silah satan ölkələrdən biri də Rusiyadır. Rusiya bu baxımdan ABŞ-la ilk sıraları bölüşdürür. Ona görə də Türkiyədə rus silahları ilə terror aktlarının törədilməsində FETÖ və ABŞ xüsusi xidmət orqanlarının da marağında ola bilər. Əslində, Türkiyədə yaşanan terror aktlarının səbəbini ötən gün Türkiyə prezidenti Ərdoğan özü açıqladı. \\Ərdoğan deyir ki, ayrı-ayrı ölkələr Türkiyə ilə açıq savaşa girməyə qorxduğundan və ya cəsarət etmədiyindən Türkiyənin xarici siyasət kursunu dəyişməsi üçün terror və təhdid dili ilə danışmağa çalışırlar. Bu basqıların arxasında duran xüsusi xidmət orqanları da bununla Türkiyənin müəyyən etdiyi xarici kursdan geri çəkilməyə məcbur etmək istəyir. Bütün bunlar da Türkiyənin maraqlarını Qərb müstəvisi üzərinə keçirməkdən irəli gəlir. Nəzərə alsaq ki, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsinin arxasında da Qərbin xüsusi xidmət orqanları dayanır, bu baxımdan da terror hadisələrində Rusiyanın əlinin olması birmənalı şəkildə istisna olunur”.\\Politoloq hesab edir ki, Qərbin bütün cəhdlərinə baxmayaraq Rusiya və Türkiyə yaranan gərginliyin aradan qaldırımasında maraqlı oldular. Məhz münasibətlərin bərpasından sonra Suriya probleminin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasında qəti, effektiv addımlar atıldı: “Bununla yanaşı İŞİD-ə qarşı mübarizədə də müəyyən qədər uğur əldə olundu. Nə ABŞ, nə də Avropa Birliyinə daxil olan ölkələr Suriya məsələsinin ərazi bütövlüyü çərçivəsində həllində maraqlı deyillər.\\Hesab edirəm ki, Rusiyanın, İranın və Türkiyənin bu hadisələrə birbaşa müdaxiləsi olmasaydı, Suriyada da Liviya ssenarisi baş verəcəkdi. Qəddafinin ölümündən sonra bu günə qədər Liviyada legitim hakimiyyət yoxdur. Ölkədə müxtəlif tayfalar arasında, klanlar arası mübarizə gedir. Təbii ki, bunun da arxasında Qərbin müxtəlif xüsusi xidmət orqanları dayanır. Bu mənada da düşünürəm ki, Rusiyanın Türkiyədəki məlum hadisələrə heç bir aidiyyatı yoxdur. Bir müddət öncə rus səfirinin Türkiyədə güllələnməsinin arxasında da Gülənin çıxması bir daha sübut etdi ki, Türkiyədə baş verənlərdə Qərbin xüsusi maraqları var. Əslində Türkiyədə baş verən terror aktlarında da əsas məqsəd elə Rusiya Türkiyə münasibətlərində gərginlik yaratmaqdır”.\\“Bu teraktlar həm də İrana qarşı yönəlib”\\E.Manafovhəmçinin bildirib ki, Rusiya, Türkiyə və İran arasında Suriya məsələsinin həllində müəyyən fikir ayrılıqları yaranacaq: “Keçid dövrü üçün Əsədin legitimliyi dövlətlərin siyasi elitası tərəfindən qəbul olunsa da Rusiya və İrandan fərqli olaraq Türkiyə heç bir halda Əsədin hakimiyyətdən getməsində maraqlı olacaq. Ancaq problemin çözülməsi üçün Türkiyə bir müddət Əsəd hakimiyyətinin qalmasında maraqlı olacaq. \\Rusiya özü də başa düşür ki, Əsədin uzun müddət hakimiyyətdə qalması mümkün olmayacaq. Artıq tərəflər yaxın prespektivdə Əsədi əvəzləyəcək lider axtarışına çıxıb. Burada da tərəflərin maraqları üst-üstə düşmür. İran yenə də ələvilərin, Rusiya Əsəd rejiminin mahiyyətini saxlamaqda, Türkiyə isə sünni qruplaşmaların hakimiyyətə gəlməsində maraqlıdır. Hesab edirəm ki, tərəflər arasındakı məhz bu mehriban düşmənçilik münasibətlərindən Qərb istifadə etməyə çalışacaq. Bu baxımdan da Türkiyədəki terror aktları təkcə onlara hesablanmayıb, həm də Rusiya və İrana qarşı yönəlib”.\\Vilayət Muxtar





Həftənin ən çox oxunanları