Yuxarı

Güney Azərbaycana tarixi fürsət?

Güney Azərbaycana  tarixi fürsət?

 İran böyük silkələnmə ərəfəsindəCənub qonşumuz SSRİ-nin aqibətini yaşaya bilərSədrəddin Soltan: “ABŞ çox gözəl bilir ki, İran millətlər həbsxanasıdır”İranla ABŞ arasında gərginlik pik həddinə çatıb. Son günlər hər iki dövlətin bir-birinin əleyhinə səsləndirdiyi bəyanatlar bölgədə yeni bir gərginliyin əsasını qoya bilər. ABŞ prezidenti Donald Tramp İranı bir nömrəli terrorçu dövlət adlandırıb. Prezident Obama iqtidarının Tehranla imzaladığı müqaviləni həyatında gördüyü ən pis müqavilə adlandıraraq tənqid edib. Söhbət Obama administrasiyasının P5+1 ölkələri və İranla imzaladığı nüvə müqaviləsindən gedir. Trampın fikrinə görə, bu müqavilə səbəbsiz yerə imzalanıb. Qeyd edək ki, yeni seçilmiş prezident Donald Tramp seçilər seçilməz İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalamışdı.Eyni zamanda Donald Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırmışdı. Ancaq sonradan Birləşmiş Ştatların Daxili Təhlükəsizlik Nazirliyinin nümayəndəsi Gillian Kristensan açıqlamasında prezidentin fərmanının icrasının müvəqqəti olaraq dayandırıldığını bildirdi.İran Donald Trampın gəlişi ilə ABŞ-la pisləşən münasibətlərə nüvə başlıqlı ballistik raketin buraxılışı ilə cavab verib. Yanvarın 29-da Tehrandan 225 km şərqə doğru poliqonda ortamənzilli raketin sınaq buraxılışı həyata keçirilib. Məlumata görə, raket 600 km-ə yaxın uçub. İranda raket sınaqları Amerika KİV-ləri tərəfindən birmənalı qarşılanmadı. Vaşinqton bu məlumatı İranın BMT TŞ-nın 2231 saylı qətnaməsini pozmağının sübutu kimi dəyərləndirib. Nüvə sazişinin yekunları üzrə qəbul edilmiş və 2015-ci ildən qüvvəyə minmiş bu sənəd İranın 8 il ərzində nüvə döyüş başlığı daşıya biləsi raketləri sınaqdan keçirməməyini nəzərdə tutur. Qeyd edək ki, (Tehranın 2015-ci ildə “altılıq” ölkələri ilə bağladığı) nüvə sazişinin özü İranın ballistik raketləri sınaqdan keçirtməsinə qadağanı nəzərdə tutmur. Ekspertlər hesab edirlər ki, ABŞ-ın İrana təzyiqləri artdıqca bölgədə yaşayan qeyri-fars milli hərəkatının aktivləşməsinə səbəb ola bilər. Maraqlıdır, Tramp administrasiyası milli hərəkata dəstək verə bilərmi?“İran sürətlə silahlanır”Orta Doğu Araşdırmalar Mərkəzinin sədri Sədrəddin Soltan “Cümhuriyət” qəzetinə bildirib ki,İran davamlı şəkildə sürətlə silahlanma yolunu tutub: “Hətta bu yaxınlarda İran ayətullahlarından biri bəyanat verdi ki, nə qədər dünyada ABŞ kimi canavar var, biz silahlanmalıyıq. Heç şübhəsiz bu şəkildə silahlanma beynəlxalq gərginliyi artırır və bölgədəki bir sıra münaqişə ocaqlarının sönməsini əngəlləyir. Burada da ən çox günahkar İran hakimiyyəti görünür. İranın bu yaxınlarda etdiyi raket sınağı BMT-də də müzakirə olunub. İran tərəfi bu raketlərin istehsalını davam etdirəcəyini bəyan edib. Doğrudur, bəzi Qərb mətbuatı və rəsmiləri bildirdi ki, İranın raket sınağı uğursuz nəticələnib. Bütün hallarda görünən odur ki, İran hakimiyyəti kütləvi qırğın silahlarının istehsalını və sürətlə silahlanmanı davam etdirir”.“Molla rejimi beynəlxalq normalara saymazlıq edir”Bu şəkildə silahlanmanın İrandakı qeyri-fars milli hərəkatlarına təsiri məsələsinə gəlincə, ekspert deyib ki, İran hakimiyyətinin bu sayaq davranışı dünya ictimaiyyətinə bir mesajdır: “Bu da ondan ibarətdir ki, terrorçuluğu dəstəkləyən, bölgədə gərginliyi artırmağa başçılıq edən bir dövlətin ərazisində fars olmayan millətlərin yaşaması daha təhlükəlidir. Qeyri-fars millətlər bu sayaq hərbi diktatura və şovinist düşüncəli hərbi rejimin əlində girovdur. İranın dünyadakı beynəlxalq normalara bu sayaq laqeyd yanaşması, onu deməyə əsas verir ki, bölgədəki milli haqların təmin olunmasını istəyən qüvvələr problemlərlə üz-üzədir. Milli müqəddəratını təmin edən Azərbaycan türkləri öz milli haqlarına yiyələnmək əvəzinə, onların qazancları məhbəslər, ardıcıl siyasi-ictimai təzyiqlər, hədə-qorxulardan ibarətdir. Başqa sözlə, silahlanan İran hakimiyyəti ölkə daxilində öz Konstitusiyasına uyğun milli haqlarına naxələflik edir. İran hakimiyyəti beynəlxalq hüquq və normalara saymazlıq edir. Ölkə daxilində fars olmayanların milli haqların təmin olunması məsələsindəki istəkləri də vecə alınmır. Müraciət edənləri isə təzyiq altında saxlayır, onları həbs edir, az qalır ölkədən qovub çıxarsın”.“Qeyri-fars millətlərinin haqqı tapdalanır”Sədrəddin Soltan vurğulayıb ki, İranda qeyri-fars millətlərin  milli haqları təmin olunmur və bu haqların təmin olunması istiqamətində mübarizə gedir: “Bu, ABŞ-ın bilmədiyi məsələ deyil. Yəni, ABŞ çox gözəl bilir ki, İran millətlər həbsxanasıdır. ABŞ-ın sabiq prezidenti Bil Klinton hələ prezident olmadığı dövrdə bəyan etmişdi ki, İranda 20 milyondan çox Azərbaycan türkü var, onların milli haqları tapdanır və təmin olunmur. Söhbət ondan gedir ki, dünyanın aparıcı gücləri, hətta bizə qarşı düşmən olan dövlətlər İranda Azərbaycan türklərinin milli haqlarının təmin olunmadığın bilir və bu istiqamətdə mübarizənin getdiyindən də xəbərdardır. Odur ki, ABŞ-da siyasəti təkcə prezident yeritmir. Prezident bu siyasətin ifaçısıdır. Əgər Donald Tramp İranı bir nömrəli terrorçu dövlət olmasını bəyan edirsə, bu o deməkdir ki, İran odla oynayır. İranın qarşısını almaq və onu terrordan çəkindirmək üçün ABŞ-ın planı olmalıdır. Bu plan olarsa, İranda demokratik islahatların aparılması və bu islahatlar çərçivəsində ölkədəki fars olmayan etnik qrupların milli azadlıqlarının təmin olunması, aşağı-yuxarı səviyyədə mümkün ola bilər. Əgər Donald Tramp bu tip bəyanatları yalnız kiməsə xoş gəlmək, İranı qorxutmaq üçün verirsə, deməli, Tramp avantüra ilə məşğuldur. Bölgədə millətlərin haqlarının təmin olunması və ya dövlətlərin ərazi bütövlüyünün qorunması (İraq və Suriyanı nəzərdə tuturam) kimi məsələləri Tramp administrasiyasından gözləmək sadəlövhlükdür. Bu, o anlama gələ bilər ki, Tramp boş-boş vədlər verməklə məşğuldur və İrana da sadəcə olaraq mesaj göndərir ki, İran hakimiyyəti özünü yaxşı aparmasa, Tramp hakimiyyəti tərəfindən hansısa təzyiq və qadağalarla üzləşə bilər. Bu sayaq məsələlər fundamentaldır. Çünki ABŞ-ın sabiq prezidenti Corc Buş illər öncə İranı şərq üçbucağından biri adlandırmışdı. Biri Şimali Koreya, biri İran, digəri isə Kuba idi. İndi Kuba ilə dostlaşıb, Şimali Koreya ilə İran qalıb. Bunun əsasında o vaxtı Buş İrana qarşı müxtəlif sanksiyalar tətbiq etdi. İndi isə Donald Tramp İrana qarşı müxtəlif bəyanatlar səslənidirir. Bu bəyanatların arxasında hansısa planı varmı və bundan sonra Tramp hansı addımlar atacaq, hər halda bunu gələcəkdə görəcəyik”.“İrana qarşı hərbi əməlliyat olmayacaq”ABŞ-ın İrana hərbi müdaxilə imkanları nə qədər realdır və mümkün görünürmü? Ekspert bunun gediaşatdan asılı olan bir məsələ olduğunu deyib: “Son 20-25 il ərzində silahlı münaqişə nəticəsində parçalanmış dövlətlərin ərazisində hələ ki, sabitlik yoxdur. Məsələn, 1979-cu ildən bəri SSRİ, ABŞ, sonradan Rusiya tərəfindən Əfqanıstana hərbi müdaxilə oldu. 40 ilə yaxındır ki, Əfqanıstanda sabitlik yoxdur. Əksinə, orda müxtəlif terrorçu qruplaşmalar “at oynadır”. Son 10 ilə yaxın dövr ərzində Yəmən, Liviya, Suriya və İraqdakı hadisələr göstərir ki, hərbi müdaxilələr nəticəsində dövlətlərdə dəyişikliklərin baş verməsi prosesi daha ciddi və daha ağırlarla nəticələrə gətirib çıxarır. Eyni zamanda Suriya, İraq və Yəmən İranla müqayisə olunası da deyil. Çünki bu dövlətlər sonradan ingilislərin dəstəyi ilə yaradılıb. Onların bir hissəsi Osmanlı dövlətinin ərazisi olub. Bu baxımdan İranı “banan” dövlət saymaq düzgün deyil. Çünki İran dünyada pozuculuq fəaliyyətilə məşğul ola biləcək şəbəkəyə malikdir. Əgər İran Argentinada yəhudi mərkəzini partlatmaqda ittiham olunursa, yaxud Suriyada, İraqda rejimləri müdafiə edə bilirsə, Yəməndə qiyamçıları müdafiə edə bilirsə, Səudiyyə Ərəbistanında müxtəlif aksiyalar törədə bilirsə və dünyanın müxtəlif ölkələrində çeşidli pozuculuq fəaliyyətilə məşğul ola bilirsə, deməli o, nə Bəşər Əsədin başçılıq etdiyi rejimə, nə də ki, Səddam Hüseyninin başçılıq etdiyi dövlətə oxşamır. İrana hərbi müdaxilə oluna bilər, amma bunun sonrakı mərhələsi hansı fəsadları verə bilər, bunu demək, bir qədər çətindir. Çünki İranın arxasında dayanan qüvvələrdən biri Rusiya və Çindir. ABŞ prezidenti İranı terrorçu dövlət adlandıranda Rusiyanın müxtəlif rəsmiləri bəyan etdilər ki, İran terrorçu dövlət deyil. Bu, o deməkdir ki, ABŞ İrana hərbi müdaxilə edərsə, o zaman Rusiya Suriyadan da fərqli və daha güclü şəkildə İranı müdafiə edəcək. Rusiya da, Çin də çox gözəl bilir ki, İran bölgədə ən yaxın və ən etibarlı müttəfiqidir. O rejimin məhv olması Rusiya və Çinin bölgədə oynatdığı “atların” geri qaytarılması deməkdir. Məsələn, Suriyaya birbaşa giriş yoxdur, amma Rusiya İran vasitəsilə həmin ölkənin ərazisinə raket atdı. Həmçinin Rusiya İranı müdafiə etmək üçün Xəzərdən hər cür istifadə edə bilər. Bu baxımdan yaxın dövrdə İrana qarşı hərbi əməliyyatlar gözlənilmir”.Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları