Yuxarı

Separatçıların şübhəli fəallığı

Separatçıların şübhəli fəallığı

Aqil Camal: “Onların arzuları qəbiristanlıqda dəfn olunacaq”Mübariz Göyüşlü: “Belə adamlar talışları təmsil etmir və edə də bilməz”Son zamanlar Rusiyapərəst qüvvələrin və etnik separatçı qüvvələrin fəallaşması müşahidə edilir. Bir neçə gün öncə separatçı qüvvələr bu günlərdə vəfat etmiş tanınmış şair, Milli Azadlıq Hərəkatının fəallarından biri  Əli Nasirin məzarı üzərinə bədnam  Əlikram Hümmətovun bayrağını sancıblar. Şairin məzarı üzərinə sancılmış qondarma TMR-in bayrağının fotoları sosial şəbəkələrdə yayılıb və ictimaiyyətdə narahatlıq doğurub.“Türküstan” qəzetinin baş radaktoru Aqil Camal “Cümhuriyət” qəzetinə açıqlamasında bölücü qüvvələrin bu əməlini pisləyib və bildirib ki, onların arzuları gözündə qalacaq: “Qəbristanlıqda göstərilmiş o nümayişkaranə cəhd ilk növbədə ora toplaşan adamların uzaq miqyaslı pis niyyətlərindən xəbər verir. Bir insan dünyadan köçübsə o müəyyən dini ayinlərin icrasıyla dəfn olunmalıdır. Əgər həmin şəxs ictimai əhəmiyyət kəsb edirsə, o dövlət və ya rayon rəhbərliyi səviyyəsində dəfn olunur. Bu cür cəhdlər isə çox gülünc görünür. Çünki, qəbiristanlıqda gizlincə şəkil çəkdirib, sonra sosial şəbəkələr vasitəsilə geniş kütlələrə çatdırmaq əslində onların çevrələrinin dar olmasından xəbər verir. Şəkildən də göründüyü kimi bunu cəmi 4-5 nəfərdən ibarət bir qrup edib. Onlar bayraq hesab etdikləri kiçik bir parçanı qəbrin üstünə qoyaraq şəkil çəkdiriblər. Hesab edirəm ki, onların bu fəaliyyəti və arzuları da elə o qəbiristanlıqda dəfn olunacaq. Nə onların bu aksiyanı həyata keçirdikləri bölgənin əhalisi, nə də Azərbaycan 90-cı illərdəki xalq, dövlət deyil. Nəinki onlardan qat-qat güclü olan təşkilatların da Azərbaycanda fəaliyyətinə imkan verilməyəcək”.“Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü də bu cür separatçılığı, etnik ayrı-seçkiliyi qızışdıranların hərəkətlərini pislədiyini deyib: “Azərbaycan burada yaşayan türklərin, talışların, ləzgilərin, kürdlərin və digərlərinin ümumi vətənidir. Bu vətəni qorumaq üçün adları qeyd edilən millətlərin nümayəndələri şəhid olub, qazi olub. İndi bu vətəni bölmək, bölücülüyü qızışdıran hərəkətlər etmək nəyə və kimə lazımdır? Belə adamlar talışları təmsil etmir və edə də bilməz. Azərbaycan vətəndaşı olan talışlardan onlara heç bir dəstək yoxdur. Olsa, orada biz minlərlə insanı görərdik. Bir qrup adamın, xaricdən maliyyələşən, xaricdən ideoloji dəstək alan şəxslərin anti-Azərbaycan fəaliyyətidir bunlar. Onların bölücülük hərəkətləri heç bir nəticə verməyəcək. Eyni zamanda vəfat etmiş şəxsin məzarından siyasi divident toplamağa, bölücülük ideyalarını həyata keçirməyə çalışanların nə qədər aciz olmasının əyani sübutudur bu şəkil.Mən inanıram və ümid edirəm ki, bu məsələ xüsusi xidmət orqanlarımızın nəzərindən yayınmayacaq. Müvafiq qurumların bu şəxslərlə bağlı zəruri tədbirlər görəcəyinə inanıram. Belə addımları ilə zəhərli toxumlar səpməyə çalışanların hərəkətlərini bir daha pisləyirəm, onlara qarşı ziyalılarımızı da fəal və aktiv vətəndaş mövqeyi göstərməyə səsləyirəm”.Vilayət Muxtar 





Həftənin ən çox oxunanları