Yuxarı

İrandan gələn təhlükə

İrandan gələn təhlükə

Reallıq, yoxsa nəbz yoxlaması?Qabil Hüseynli: “İran Azərbaycanın güclənməsini, torpaqlarımızın işğaldan azad olmasını  istəmir”ABŞ Konqresinin Nümayəndələr palatasının xarici işlər üzrə komitəsinin rəhbəri, respublikaçı Ed Roys “İsrael Project” forumu zamanı İranın Azərbaycanın işlərinə müdaxiləsi ilə bağlı sensasion bəyanatla çıxış edib. Konqresmen bildirib ki, İran region ölkələrinə təhdid yaradır və bu ölkənin İnqilab Keşikçiləri Korpusu regional təhlükəsizlik üçün təhdiddir və sanksiyalara məruz qalmalıdır. Konqresmenin bildirdiyinə görə, İran, Yəmən, Bəhreyn kimi Yaxın Şərq ölkələrinə təhdid yaradır, husi qiyamçılarını Səudiyyə Ərəbistanına qarşı silahlandırır.Ed Roys İranın Azərbaycan üçün də təhdid olduğunu deyib. Onun sözlərinə görə, bu gün İran agentləri Azərbaycana soxulur, kəndlərdə insanları öz tərəflərinə çəkir, onlara bildirir ki, “Siz dünyəvi hökuməti niyə dəstəkəyirsiniz? Siz şiələrsiniz. Siz bu rejimi devirməyə çalışmalısınız”. Konqresmenin fikrincə, bu fəaliyyətlə məhz İnqilab Keşikçiləri Korpusu məşğuldur.Kəşfiyyat məlumatı, yoxsa siyasi gediş?ABŞ ilk dəfədir ki, İrandan Azərbaycana təhlükənin olması barədə “həyəcan təbili” çalır. Ehtimal olunur ki, ABŞ ciddi kəşfiyyat məlumatı olmadan belə bir bəyanatla çıxış etməzdi. Lakin bu, digər sualları da ortaya çıxarır. ABŞ İranı vurmaq ərəfəsində region dövlətlərini İrana qarşı çevirmək istəyir, yoxsa bu, narahatlığa səbəb olacaq ciddi əsasdır? Hər halda bunun ABŞ rəsmisinin kəşfiyyat məlumatlarına əsaslanaraq deməsi ehtimalı da gözardı edilməməlidir. Nəzərə alsaq ki, İsrail baş naziri Binyamin Netanyahunun Azərbaycana səfərindən sonra İran Azərbaycana qarşı aqressiyasını artırıb, hətta bölgədə Ermənistanla birlikdə Azad Ticarət Zonası yaratmaq barədə razılığa gəlib, bu, İranın Azərbaycana qarşı digər variantlarda da addımlar atacağı gözləntisini yaradır. Xüsusilə, ABŞ prezidenti Donald Trampın İrana müharibə elan etməsinin və İsrailin buna dəstək nümayiş etdirməsindən sonra İran KİV-lərində Amerika və İsrailin Azərbaycandan İrana qarşı poliqon kimi istifadə edəcəyi barədə iddiaların dolaşması Tehranın narahatlığından xəbər verir. Tehranın öz iddiasına inandığını da nəzərə alsaq, bu baxımdan müttəfiqlərin Azərbaycandan İran bu ehtimalın qarşısına keçməyə çalışacaq. Analitiklər bu baxımdan İranın bu təxribata əl atacağını istisna etməyərək, Ed Roysun bu bəyanatını ciddi hesab edirlər.“Xüsusi xidmət orqanlarında belə bir məlumat ola bilər”Politoloq Qabil Hüseynli “Cümhuriyət” qəzetinə amerikalı konqresmenin fikirlərini ciddi qəbul etmədiyini və bununla bağlı ciddi faktların olmadığını bildirib. Lakin bununla belə Q.Hüseynli ABŞ xüsusi xidmət orqanlarında belə bir məlumatın olması ehtimalını da gözardı etməyib: “Lakin İranın Azərbaycanın daxili işlərinə qarışması faktı dəfələrlə sübut olunub. Müstəqilliyinin ilk illərindən Azərbaycandakı məscidlərdə oturan İran mollaları müxtəlif moizələrlə insanları özlərinə yönəltməyə çalışırdılar. Son illərə qədər həmin mollalar Azərbaycanda mədrəsələr, “Quran” kursları açmaq işlərinə də əl atırdılar. Yalnız mərhum Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra bununla normal mübarizə aparıldı, İranın siyasi rəhbərliyi ilə danışıqlara başladı. Məhərrəm ayı və digər məsələlərin həllinə sistem gətirildi”.“İran pozuculuq işləriylə məşğuldur”Politoloq qeyd edib ki, 1994-cü ilin 4 iyun hadisələrində İranın Azərbaycandakı səfiri Nəhavəndiyanın Gəncəyə gedərək qiyam qaldırmış Surət Hüseynova “Quran” bağışladığını hələ də unutmamışıq: “İran ayətullahları və bir sıra qurumların rəhbərlərinin son zamanlarda Azərbaycana yönəlik bəyanatları da ürəkaçan deyil. “Sepah” başçısının İsrailə görə, Azərbaycanı təhdid etməsi də yaxın tarixdir. Ərdəbil şeyxinin Azərbaycanla bağlı verdiyi fətva da yadımızdadır. O, Azərbaycanı “dinsiz” adlandırmışdı. İllərdir, Ermənistana hər cür yardım edən, bu düşmən ölkə ilə Araz çayı üzərində körpü tikən, Qarabağdakı separatçı rejimin nümayəndələrini Tehrana səfərə dəvət edən və özünü “şiə dünyasının lideri” adlandıran molla rejimi həmin ermənilərin azərbaycanlılara qarşı hansı işkəncələri verdiklərini göz önünə gətirməlidir. İmam Hüseyn müsibətinə göz yaşı tökən mollalar bu müsibətin illərdir Qarabağda ermənilər tərəfindən təkrarlandığını görmür?”.Qabil Hüseynli hesab edir ki, İran Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad olmasını və ölkəmizin inkişafını istəmir: “Güney Azərbaycanda yaşayan və molla rejiminin təzyiqləri altında olan 35 milyon Azərbaycan türkünün də bizim yanımızda olması qənaətindəyəm. Amma molla rejimi 35 milyonun səsinin çıxmasına imkan vermir. İranda yaşayan 35 milyon azərbaycanlını və bu ölkənin bizə qonşu olmasını nəzərə alaraq, normal münasibətlərə davam etmək lazımdır. Bu münasibəti qarşı tərəf də pozmamalıdır. Amma təəssüf ki, İran buna əməl etmir”.Mənsur Rəğbətoğlu 





Həftənin ən çox oxunanları