Yuxarı

“Referendum oyunu” erməniləri böldü

“Referendum oyunu” erməniləri böldü

Əli Orucov: “Münaqişənin həlli danışıqlar yoluyla mümkün deyil”Üzeyir Cəfərov: “Azərbaycan bu addımların qarşısını almalıdır”Azərbaycanın Ermənistan ordusu tərəfindən işğal olunmuş Dağlıq Qarabağdakı separatçı rejim “referendum” keçirməyə hazırlaşır. Dağlıq Qarabağın adının dəyişdirilməsini və separatçı rejimi “parlament idarəçiliyi”nə keçirməyi nəzərdə tutan “referendum” fevralın 20-də keçirilməlidir. Azərbaycan tərəfi məlumatlar Ermənistan KİV-lərində yayıldıqdan sonra məsələyə münasibət bildirib. ATƏT-in Daimi Şurasının iclasında Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə qanunsuz “referendum” keçirilməsi məsələsi ilə bağlı müzakirə aparılıb.Belə ki, ATƏT-in Daimi Şurasının iclasında Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyi tərəfindən Ermənistanın işğal edilmiş ərazilərdə qanunsuz “referendum” keçirmək niyyəti ilə bağlı məsələ qaldırılıb. Bu, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinə (Rusiya, Fransa və ABŞ) çatdırılıb. Qeyd olunub ki, Azərbaycan tərəfi beynəlxalq ictimaiyyətin, o cümlədən Minsk Qrupunun həmsədr ölkələrinin mövqeyi fonunda Ermənistanın sözügedən təxribatçı addımı bir daha nəzərdən keçirəcəyinə, münaqişə zonasında vəziyyəti gərginləşdirən, ümumilikdə regionda sülh və sabitliyi təhdid edən addımlardan əl çəkərək, münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında tezliklə həlli məqsədilə substantiv danışıqlara cəlb olunacağına ümid edir.“Referendum”un pərdəarxası məqamlarıAnalitiklər cəbhə xəttində gərginliyin pik həddə olduğu vaxt ermənilərin bu addımının vəziyyəti daha da çətinləşdirəcəyini iddia edirlər. Erməni politoloqlar da bunun Ermənistan və Azərbaycan arasında savaşa səbəb olacağını istisna etmirlər. Politoloq Aleksandar İskandaryan deyib ki, Qarabağda yeni müharibə gözləniləndir. Analitik Stepan Safaryan da “referendum”u savaş hazırlığıyla əlaqələndirib. Qarbabağdakı ermənilər isə vəziyyətin gərginləşəcəyini nəzərə alaraq, “referendum”a qarşı çıxıblar. Hətta, Ermənistanın Daşnaksütyun Partiyası bəyanat yayaraq, rəsmi İrəvan və separatçı rejimi geri addım atmağa çağırıb. Bəyanatda bildirilib ki, “DQR”-də “referendum” münaqişənin həllini çətinləşdirəcək: “Bu daxili çaxnaşmalara da səbəb olacaq. Daxili çaxnaşma isə Qarabağın itirilməsinə gətirib çıxara bilər. Münaqişə danışıqlar masasına qayıtmalıdır”.Ermənistan KİV-lərinin iddialarına görə, Ermənistan rəhbərliyinin “referendum” təşəbbüsünə Azərbaycan tərəfinin addımı daha sərt ola bilər. Ehtimal var ki, ermənilər beynəlxalq təşkilatlar və rəsmi Bakının çağırışlarına adekvat cavab verməsələr, Azərbaycan alternativ variantları nəzərdən keçirsin. Lakin savaş ehtimalının müzakirə olunduğu vaxt erməni mənbələr daha ilginc iddialarla çıxış ediblər. Həmin mənbələrin iddialarına görə, prezident Serj Sarkisyan Qarabağda “referendum” keçirməklə parlament seçkilərinə hazırlaşan Ermənistan cəmiyyətinin diqqətini cəbhə xəttinə yönəltmək istəyir. Yəni, bunun savaş ehtimalını gücləndirəcəyini nəzərə alan Sarkisyan bu gedişlə seçkilər başlamamışdan qalibiyyətini əvvəldən elan etmək niyyətindədir.“Ya danışıqlar dayandırılmalıdır, ya da...”Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov “Cümhuriyət” qəzetinə bildirib ki, ermənilərin Qarabağın adını dəyişdirmək cəhdləri qıcıqlandırıcıdır. Ə.Orucov bunu Dağlıq Qarabağın Azərbaycanın bir parçası, tarixi, coğrafi və toponim olaraq da Azərbaycana məxsus olmasıyla əlaqələndirib: “Ermənilərin bu cəhdləri danışıqlar prosesini pozmaq niyyətlərindən xəbər verir. Ermənistan və bu qondarma ölkənin əlaltısı olan separatçı rejim açıq formada göstərir ki, danışıqlar prosesində konstruktiv mövqedə olmayacaqlar, sülh prosesi də vaxt uzatmaqdan başqa heç nə deyil. Amma biz bəzən cavab verməyə gecikir, hansısa proses başlayan kimi əl-ayağa düşməyə başlayırıq. Separatçı rejimin başçısı Bako Saakyan “referendum” elanı verəndə Azərbaycan Xarici İşlər Nazirliyi və dövləti dərhal buna kəskin reaksiya verməliydi. Məsələni dünya miqyasına çıxarmaq lazım idi ki, bunun qarşısı alınsın. Amma təəssüf ki, referendum adı altında keçirilən bu şouda bir sıra xarici dövlətlərin nümayəndələrinin iştirak edəcəyi haqda məlumatlar yayılıb”.AMİP yetkilisinin sözlərinə görə, Azərbaycan hakimiyyəti birdəfəlik başa düşməlidir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli danışıqlar yoluyla mümkün deyil. Erməni hakimiyyəti də bunu açıq formada göstərib. Bu gün də görüşlərin heç bir nəticəsi yoxdur. Ya danışıqları dayandırmaq, ya da Azərbaycanın lehinə olan məsələləri masaya qoyub danışıqları başqa istiqamətə yönəltmək lazımdır. Niyə BMT Təhlükəsizlik Şurası, Avropa Parlamenti və İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qətnamələr indiyədək masanın üzərinə qoyulmayıb? Biz həmişə gecikirik, günahı həmişə kimdəsə axtarırıq. Daha doğrusu, Azərbaycan hakimiyyəti məsuliyyətdən canını qurtarmaq istəyir. Bu gün Dağlıq Qarabağ kimi təqdim edirlər. Sabah “ad dəyişdikdən” sonra hansı adla təqdim edəcəklər, hansı adla danışıqlarda müzakirələr aparacaqlar? Bunun özü Azərbaycanın xarici siyasətinin bərbad vəziyyətdə olduğunu göstərir. Başa düşmək lazımdır ki, ermənilərin bu addımlarının qarşısında lazım olan işləri görməmək, münaqişənin həllinə ciddi şəkildə mənfi təsir edir, regionda stabilliyin pozulması üçün şərait yaradır”.“Diplomatik səylər artırılmalıdır”Hərbçi-ekspert Üzeyir Cəfərov “Cümhuriyət” qəzetinə bildirib ki, ermənilər zaman-zaman qondarma əməllərini ortaya atırlar: gah “referendum”, gah hərbi təlimlər keçirirlər, gah da diqqəti cəlb etmək üçün digər addımları atırlar.Ü.Cəfərovun sözlərinə görə, ayın 22-də keçirilməsi nəzərdə tutulan “referendum” da bunlardan biridir: “Bu addımı sadəcə diqqəti özlərinə cəlb etmək üçün atmaq istəyirlər. Məni ən çox Rusiya xarici işlər nazirinin ikibaşlı açıqlaması narahat edir. Rusiyanın bu mövqeyi də ermənilərə bir qədər ruh verib. Digər yandan Fransa prezidenti Fransua Ollandın açıqması da ermənilərə imkan verib ki, bu hoqqabazlıqlarının sayını çoxaltsınlar. Amma Rusiya, Fransa və digər dövlətlər də elan edirlər ki, Dağlıq Qarabağdakı separatçı rejimi “müstəqil dövlət” kimi tanımayacaqlar. Lakin zaman-zaman da bu dövlətlərdən ikibaşlı fikirlər də səsləndirilir ki, bu da separatçıları bir qədər də ruhlandırır”. Ekspertin sözlərinə görə, ermənilərin məqsədi budur ki, diqqətləri özlərinə cəlb etməklə yanaşı, qlobal proseslər fonunda özlərini gözə soxa bilsinlər: “Gah Moldovanın işğal olunmuş Dnestryanı, gah Moskva, gah da Gürcüstanın işğal edilmiş Abxaziya və Cənubi Osetiya bölgələrindəki separatçılarla görüşlər keçirirlər. Ermənilərin hansı tədbirlər görməsindən asılı olmayaraq, bütün hallarda Azərbaycan bu addımların qarşısını almalıdır. Çalışmalıyıq ki, Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağ münaqişəsində ədaləti mövqe tutsun, separatçıları öz ölkələrinə buraxmasınlar. Yaxın günlərdə hərbi prokuror Xanlar Vəliyev bildirdi ki, bu məsələlərlə bağlı Azərbaycan bir sıra dövlətlərə sorğular göndərib, amma bu sorğular lazımi şəkildə qiymətləndirilmir. Bunların hamısı ciddi məsələlərdir. Diplomatik səyləri bir qədər də artırmalıyıq ki, bu ünsürlər tezliklə aramızdan rədd olsunlar”.Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları