Yuxarı

Mərkəzi Asiya terror yuvasına çevrilir

Mərkəzi Asiya  terror yuvasına çevrilir

  Özbəklər Suriyadakı “İmam Buxari”nin dəstəsində döyüşür Aprelin 7-də İsveçin paytaxtı Stokholmda baş vermiş terror aktı dünyanın nəzərini yenidən Mərkəzi Asiyaya çevirib. Buna səbəb terror aktını törədən şəxsin Özbəkistan əsilli olmasıdır. Son dövrlər beynəlxalq terror təşkilatlarının sıralarında Mərkəzi Asiya ölkələri vətəndaşlarının artması diqqəti cəlb edir. Xatırladaq ki, Türkiyəyə “Reina” klubunda kütləvi qətliamı özbəkistanlı Abdülkadir Maşaripov həyata keçirmişdi. Aprel ayının 3-də Sankt-Peterburqda metronun Qırğızıstan əsilli Əkbərjon Cəlilov tərəfindən partladıldığı bildirilir. Nəhayət, İsveçdə baş verən faciəni özbək Rəhmət Akilovun törətməsi bütün dünyanı bir sual üzərində düşünməyə vadar edir: “Mərkəzi Asiyada nə baş verir?” ABŞ politoloqu Pol Qobl Mərkəzi Asiyada radikal islamçılığın əsasının hələ Sovet dövründə qoyulduğunu deyib. Ekspertin bu fikri Mərkəzi Asiyada ilk növbədə, islamçılığın tarixinə nəzər salmağı zəruri edir. Qeyd edək ki, tarixən Mərkəzi Asiyada islamçılıq milli və dünyəvi dəyərləri üstələyib. SSRİ dövründə də Mərkəzi Asiya xalqları öz fundamental dini ənənələrini qorumaga çalışıblar. Ancaq Sovet dövründə panislamizmə qarşı mübarizə məsələn, Tacikistandan və ya Özbəkistandan daha çox Azərbaycanda aparılırdı. Doğrudur, Buxarada fəaliyyət göstərən Ali Dini Mədrəsə SSRİ Dövlət Təhlükəsizlik Xidmətinin nəzarətində olsa da Mərkəzi Asiyada dini-ideoloji mərkəz rolunu oynayırdı. SSRİ əhalisi arasında müsəlmanların ən geniş və kompakt yaşadığı bölgə Mərkəzi Asiya olduğundan Buxara Mədrəsəsində təhsil alan gələcək dini liderlərin əksəriyyəti bu regionun payına düşürdü. Yəqin ki, cənab Pol Qobl da məhz bunu nəzərdə tutur. Üçüncüsü, SSRİ-nin 10 il Əfqanıstanda apardığı mənasız müharibədən məglub cıxması bu regionda radikal islamçılıgın, əsasən də siyasi islamın mövqeyinin güclənməsi üçün şərait yaratdı. Cəmi iki il sonra SSRİ-nin dağılması Əfqanıstanda dini terrorizmin qələbəsinə yol açdı. Bu isə 1990-cı illərin ortalarında Özbəkistanda və Tacikistanda silahlı islamçı müxalifətin meydana çıxmasına səbəb oldu. Aparılan araşdırmalar da Qazaxıstanda və Mərkəzi Asiyada radikal islamçılığın məhz post-Sovet dövründə sürətlə yayıldığını göstərir. Bu proses bir neçə mərhələdən keçib. SSRİ-nin dağılmasından dərhal sonra Qazaxıstan və Mərkəzi Asiya üzrə Ruhanilər İdarəsinin (SADUM) tabeliyindən kənar dini cərəyanlar yayılmağa başladı. Mərkəzi Asiyada islamçılığın oyanışı həm də çoxsaylı məscidlərin tikilməsi ilə müşahidə olunurdu. Bölgədə “müstəqil müsəlmanların” meydana çıxması Mərkəzi Asiyada islam tarixində yeni mərhələnin başlanğıcı hesab edilir. Onlara qarşı ilk sərt reaksiyanı Özbəkistana həmin dövrdə prezidentlik edən, mərhum İslam Kərimov verdi. SADUM-a tabe olmayan və rəsmi dövlət orqanları ilə razılaşdırılmamış bütün dini cərəyanlar qeyri-qanuni elan edildi. 1992-ci ildən başlayaraq, SADUM əhatə etdiyi respublikalarda bir-birinin ardınca hakimiyyətin nəzarətinə götürüldü. Bir il sonra isə adı dəyişdirilərək Özbəkistan Dini İdarəsi yaradıldı. 1998-ci ildə qəbul edilmiş qanuna əsasən, Özbəkistan Müsəlmanlar İdarəsinin funksiyası məscidlərə imamları təyin etmək və dəyişmək, mədrəslərdə dini ədəbiyyata senzura tətbiq etmək, məscidlərdə işə düzələn şəxslərin “siyasi natiqlik” qabiliyyəti üzrə testdən keçirməkdir. Belə ki, imamlar milli himni, prezident Kərimovun yazı işlərinin məzmununu bilməli, mövcud konstitusion quruluşa və dövlət başçısının ölkədə sabitliyin və rifahın dəstəklənməsi siyasətinə sədaqətini nümayiş etdirməlidir. 1998-ci ildə Özbəkistanda imamlara müstəqil dini ədəbiyyat oxumaq və minarələrdən yüksək səslə azan vermək qadağan edildi. Rəsmi Daşkənd bölgədə ekstremizmə qarşı mübarizədə ortodoksal hənəfiliyə qayıdışın təbliğini ÖMİ-nin qarşısına əsas vəzifələrdən biri kimi qoyub. Bu məqsədlə 2000-ci ildə ÖMİ “Müqəddəs Dinin Müdafiəsi, Fundamentalizmə və Müxtəlif Dini Ekstremist Ənənələrə Qarşı Mübarizə” Proqramını qəbul edib. Bununla da hənəfiliyin statusu rəsmən təsbit edildi və imamlara qeyri-hənəfi baxışlara qarşı çıxmaq həvalə edildi. Dini ədəbiyyat hakimiyyətin monopoliyasına götürülüb və islami kitablarda əsasən hənəfi lideri Muhəmmədcan Xundustaninin fikirləri nəşr olunur. Dini təhsil tam dövlət nəzarətinə alınıb. Qorbaçov dövründə Özbəkistan SSR-də açılmış mədrəsələrin bir çoxu bağlanıb və gün cəmi 10-u qalıb. Dini təhsil əsasən Daşkənd İslam Universitetində verilir. Burada oxuyan tələbələrə yüksək səviyyədə dini elmlər və xarici dillər tədris olunur. Özbəkistan hakimiyyəti müstəqil müsəlman dedikdə bir qayda olaraq, vəhabiləri nəzərdə tutur. Ekspertlər isə bildirirlər ki, ərəb ixracı olan vəhabilikdən fərqli olaraq, hənəfilik milli ənənəyə uyğunlaşıb. Məhz buna görə ÖMİ “Hizbut-Təhrir” terror təşkilatının üzvü və tərəfdarları olan insanlarla və onların ailələri ilə əlaqələri kəsməyə çağıran fətva verib. Bütün bu qadağalara baxmayaraq, Özbəkistanda 1990-cı illər siyasi islamın sürətlə yayılması və radikal dini müxalifətin meydana çıxması ilə müşahidə olunur. 1991-ci ilin yanvar ayında, yəni, hələ SSRİ dağılmamış Özbəkistan İslam Dirçəliş Partiyasının yaranması bu prosesin ilk cücərtisi idi. Bir il sonra yaradılan dini yönümlü Adalot Partiyasının (Ədalət) Fərqanə Vadisinə təsiri böyük olub. Əfqanıstanda arası kəsilməyən müharibə və qonşu Tacikistanla münaqişə Kərimov hakimiyyətinə ölkədə sabitiliyi təmin etmək adı ilə ÖİDP-nı və Ədalət Partiyasının fəaliyyətini qadağan etmək üçün ciddi əsas yaratdı. 1994-cü ilin payızında məşhur Hafiz Dodahon Hasan həbs edildi. 1997-ci ilin dekabr ayında Nəmanqanda dindarlarla polis arasında baş verən atışmanın vəhabilər tərəfindən təşkil olunduğu bildirilirdi. 1998-ci ilin mart ayında isə Əndican vilayətinin baş imamı Əbdülkali-kori Mirzoyevin həyatına sui-qəsd təşkil etməkdə ittiham edilərək Daşkənd məscidinin rəsmi imamı Obidxon-kori Nazarov həbs edildi. O, Özbəkistan prezidentinə tabe olmaq istəmirdi. 1990-cı illərin sonlarında Özbəkistanda məscidlərin dövlət reyestrinə alınmaması dini ekstremizmə qarşı mübarizəyə çevrildi. Fərqanə vadisindəki məscidlər demək olar ki, qeydiyyata alınmırdı. 1990-cı illərdə Əndican vilayətində tikilmiş 2200 məsciddən cəmi 42-i qeydiyyata alınıb. Nəmanqanda 1000 məsciddən 240-ı saxlanılıb. Tahir Yuldaşevin oğlu İŞİD-in Özbəkistan qolunu təşkil edir 1990-cı illərin ortalarında Əbdüvohid Yuldaşev Özbəkistan dini-silahlı müxalifətinin liderinə çevrildi. “Hizbut-Təhrir” terror təşkilatına yaxınlığı ilə seçilən Yuldaşev 1996-2000-ci illərdə 4 dəfə həbs edilib. 1999-cu ildə Daşkənddə baş verən silsilə partlayışlardan sonra ölkədə ekstremizmə qarşı güclü mübarizə başlanır. 2002-ci ilin avqust ayında isə Özbəkistanda 35 yaşlı dini fəal Müzəffər Avazov həbsxanada işgəncələr nəticəsində həyatını itirir. Rəsmi qurumlar isə onun “Hizbut-Təhrir” terror təşkilatı ilə bağlı olduğunu bəyan edirdi. 1996-cı ildə Özbəkistan İslam Hərəkatı təsis olunur. Tahir Yuldaşev və Cümə Namaqoninin rəhbərliyi ilə yaradılmış hərəkatın məqsədi ölkədə Kərimov rejiminə son qoymaq, Özbəkistanı islam dövlətinə çevirmək idi. 2000-ci il noyabr ayının 17-də Tahir Yuldaşev terror aktının təşkilində və dövlət çevrilişinə cəhddə ittiham edilərək Özbəkistan Ali Məhkəməsi tərəfinfən barəsində ölüm hökmü çıxarılır. Bir müddət sağ qalan Yuldaşev 2009-cu ilin avqust ayında Pakistana keçmək istəyərkən Əfqanıstandakı anti-terror koalisiyasının raket zərbəsi ilə vurularaq məhv edilib. 2001-ci il 11 sentyabr terror aktının ardınca ABŞ-ın Əfqanıstanda hərbi əməliyyatlara başlaması Özbəkistanda radikal islamçılara qarşı mübarizədə yeni mərhələnin başlanğıcı sayılır. Əfqanıstanla sərhəd bölgələrdə dini-terrorçu təşkilatların məhv edilməsində maraqlı olan Vaşinqton Kərimov rejimi ilə sıx əməkdaşlıq qurdu. Özbəkistanda hərbi baza yerləşdirən ABŞ Əfqanıstandan sıxışdırılan “Əl-Qaida” terrorçularının Mərkəzi Asiyaya keçməsinin qarşısının alınmasında maraqlı idi. Bu, prezident Kərimova radikal islamçılığa qarşı mübarizədə Mərkəzi Asiyada ən gülü ordu formalaşdırmaq imkanı yaratdı. 2005-ci ilin may ayında isə Əndican vilayətində baş vermiş etiraz aksiyası ordu tərəfindən gülləbaran edilmişdi. Özbəkistan hakimiyyəti aksiyanın dini ekstremistlər təşkil edildiyini bildirsə də, beynəlxalq hesabatlarda etirazçıların sosial tələblərlə meydana çıxdığı bildirilirdi. Rəsmi məlumatlarda 94 terrorçunun öldürüldüyü xəbər verilirdi. Müstəqil müşahidəçilərin açıqlamasına görə Əndicanda 500 nəfərdən artıq dinc insan həlak olmuşdu. Ağ Evin bu hadisəyə görə Kərimov rejiminə sanksiya tətbiq etməsinə cavab olaraq Özbəkistan prezidenti Amerika hərbi bazasını ölkədən çıxartdırdı. Lakin 2012-ci ildə ABŞ qoşunlarının Əfqanıstandan çıxması “Əl-Qaida” və İŞİD terror qruplaşmalarının Mərkəzi Asiyaya yayılması üçün əlverişli şərait yaratdı. Mərkəzi Asiyada terrorçuluğun inkişafının digər səbəbi kimi İŞİD terror təşkilatının meydana çıxması göstərilir. Suriya, İraq, Liviya və digər ölkələrdə fəaliyyət göstərən İŞİD-ə qoşulmaq üçün Əfqanıstandan gedən terrorçular əsasən Mərkəzi Asiya-Rusiya-Türkiyə marşrutu üzrə hərəkət ediblər. Bu da öz növbəsində, Mərkəzi Asiyada, o cümlədən Özbəkistanda dini terrorizmin inkişafına təkan verib. Onu da qeyd edək ki, Fərqanə Vadisindəki Özbəkistan İslam Hərəkatı İŞİD-ə biət etdiyini bəyan edib. Bu isə Əfqanıstanın Türkmənistanla sərhəddəki Nanqanhar əyalətində “Vilayəti-Xorasan” adlı xilafət yaratmağa hazırlaşan İŞİD-in Özbəkistana sirayət etməsi üçün real təhlükə yaradıb. Xatırladaq ki, 2016-cı ilin dekabr ayının 31-də İstanbul şəhərinin “Reina” gecə klubunda kütləvi qətl törədən Abdülkadir Maşaripov məhz Əfqanıstanda təlim keçdiyini bildirmişdi. Beynəlxalq Böhran Qrupunun 2015-ci ilin yanvar ayına olan məlumatına görə həmin dövrdə Mərkəzi Asiya ölkələrindən Suriyada və İraqda 2 min nəfərdən 4 min nəfərə qədər İŞİD-çi döyüşür. Özbəkistandan olan İŞİD üzvləri Suriyada “İmam Buxari” terror dəstəsində döyüşür. “İmam Buxari” adından yayılan açıqlamada dəstənin Suriyadan Əfqanıstana qayıdarkən xeyli itki verdiyi bildirlir. Ancaq onların Suriyanın hansı ərazisində döyüşdüyünə dair konkret informasiyalar və xəritə yoxdur. Terrorizmin Analizi və Öyrənilməsi Konsorsiumu Beynəlxalq Analitik Mərkəzin verdiyi məlumata görə “İmam Buxari” Dəstəsinin tərkibində təxminən 500 nəfər yaraqlı döyüşür. Yaraqlı qrupun Əfqanıstandakı üzvlərinin sayı məlum deyil. Böyük əksəriyyəti özbəklərdən olan dəstəyə Əfqanıstan, Tacikistan və Qırğızıstandan olan terrorçular da daxildir. “İmam Buxari” Dəstəsinin Əfqanıstan qolunun İŞİD-lə düşmən münasibətdə olan “Taliban” hərəkatının tərəfində döyüşdüyünə dair məlumatlar var. Mart ayının 1-də YouTube sosial şəbəkəsində yerləşdirilmiş videoda İBD-nin Suriyanın İdlib əyalətində zenit-raket qurğusundan atəş açdığı görünür. Mart ayının 9-da və 15-də yerləşdirilmiş videomaterialda isə “İmam Buxari” yaraqlılarının Əfqanıstanda vuruşduğu nümayiş etdirilir. Rəsmi dairələrin rəyinə görə bu təxribatçı material özbək terrorçuların Susiyada, yoxsa Əfqanıstanda itki verdiyini müəyyən etməyə çətinlik törədir. Əfqanıstan Milli Ordusunun baş qərargah rəisi, general Qadim şah Şahimin verdiyi açıqlamaya görə, 2016-cı ildə Əfqanıstanda 1955 nəfər İŞİD-çi məhv edilib ki, onların da 11 nəfəri özbəkdir. Fərqanə vadisini nəzarətdə saxlayan Özbəkistan İslam Hərəkatı isə son illər iki fraksiyaya bölünüb. 2015-ci ilin noyabr ayında Zabul əyalətində baş vermiş döyüşlərdən sonra təşkilatın böyük hissəsi İŞİD-in tərəfinə, digər hissəsi “Taliban”ın tərəfinə keçib. Sonuncu sonradan müstəqil fəaliyyət göstərdiyini elan edib. Əfqanıstan dövlət orqanlarının açıqlamasına görə Sari-Pul əyalətinin kəndlərində ÖİH-nın mərhum sədri Tahir Yuldaşevin oğlu İŞİD-ə qoşulmaq üçün əsgər toplamaqla məşğuldur. Ancaq onun adı açıqlanmır. (ardı gələn sayımızda) Müşfiq Abdulla





Həftənin ən çox oxunanları