Yuxarı

Türkiyə-Rusiya münasibətlərində çat

Türkiyə-Rusiya münasibətlərində çat

Məhəmməd Əsədullazadə: “Ankaranın ABŞ-ı dəstəkləməsi Rusiya ilə münasibətlərdə ciddi problemlər yaradacaq” 2015-ci ilin noyabrında Rusiyaya məxsus hərbi təyyarənin Türkiyə sərhədlərini pozduğuna görə Türk Hərbi Hava Qüvvələri tərəfindən vurulması iki ölkə arasında münasibətləri kəskinləşdirdi. Qarşılıqlı ittihamlar şəkildə müşahidə olunan qarşıdurma hətta müharibə həddinə qədər gəlib çatmışdı. Lakin bir müddət sonra Türkiyə prezidentinin rusiyalı həmkarına yazdığı “üzrxahlıq” məktubu Rusiya-Türkiyə münasibətlərinə nisbətən istiləşmə yaratdı. Bir neçə gün öncəyə qədər davam edən qarşılıqlı münasibətlər, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Suriyada Əsəd rejiminə aid olan hərbi bazanı bombalamasından sonra fərqli məcraya yönəldi. Türkiyənin bu əməliyyatda Rusiyanın əksinə olaraq ABŞ-ı dəstəkləməsi və bu əməliyyatın davam etdirilməsinin vacibliyini vurğulaması Rusiyanı narazı saldı. Türkiyə rəsmilərinin ABŞ-ı dəstəkləyən bəyanatlarla çıxış etməsi da məsələni alovlandıran əsas amillərdən oldu. Bu prosesin gedişatında Rusiya-Türkiyə münasibətlərinin yenidən kəskinləşəcəyi proqnozlaşdırılır. Qeyd edək ki, Türkiyə-Rusiya münasibətlərinin bərpasından sonra da Rusiya tərəfi Türkiyədən ixrac olunan kənd təsərrüfatı məhsullarının ölkəyə daxil olmasına qoyduğu qadağanı qüvvədə saxlayırdı. Bu isə haqlı olaraq iki ölkə arasında münasibətlərin tam şəkildə bərpa olmadığını göstərirdi. Belə görünürdü ki, Rusiya və Türkiyə sadəcə olaraq Suriya məsələsinin çözülməsinə razılaşmışdı və bərabər hərəkət edirdi. Ancaq son olaydan sonra Türkiyənin ABŞ-ı dəstəkləməsi Rusiyanın narazılığına səbəb oldu. Ekspertlər hesab edir ki, ABŞ Suriyanı bombalamağa davam edərsə və bu prosesdə Türkiyənin də dəstəyini alarsa, bu Rusiya və Türkiyə yeni qarşıdurmanın yaracağına səbəb olacaq. Qeyd edək ki, Rusiya-Türkiyə münasibətlərinin yaxınlaşmasından ən çox narahat olan tərəf məhz ABŞ idi. ABŞ öz strateji müttəfiqi hesab etdiyi Türkiyəni itirmək niyyətində deyildi. Bu baxımdan ABŞ-ın Suriyanı vurmasının da səbəbi kimi, Türkiyə-ABŞ münasibətlərinin yenidən bərpa olmasına nail olmaq göstərilir. Politolq Məhəmməd Əsədullazadə “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, ABŞ və Türkiyə arasında yeganə həll olmayan problem ABŞ-ın kürd təşkilatı YPG-yə verdiyi dəstəkdir: “ABŞ-ın ötən həftə Suriyanın “Şeyrat Aviabazası”na 59 raket zərbəsi endirməsi Suriya münaqişəsində ciddi dönüşə səbəb oldu. Artıq ABŞ və Rusiya Suriya münaqişəsində və Yaxın Şərq uğrunda həlledici mərhələyə qədəm qoydu. Rusiyanın birbaşa iştirakı ilə qurulan Rusiya-Türkiyə və İran ortaqlığı Suriya problemini həll etmək üçün yanvar ayından müəyyən ortaq xətt həyata keçirsə də tərəflər arasında ziddiyyət qalmaqda idi. Rusiya ABŞ qarşısında taktiki gediş edərək, Suriya məsələsində ABŞ-ı kənarda saxlamağa müəyyən dərəcədə nail oldu. ABŞ ənənəvi müttəfiqi olan Türkiyənin israrlarına baxmayaraq Ağ Evin YPG-yə dəstəyi nəticəsində iki ölkə arasında ciddi fikir ayrılıqları yarandı və problem hələ də davam edir”. Politoloq hesab edir ki, ABŞ Türkiyənin Rusiyanın orbitinə keçməsini qəbul etmir və Türkiyəni yanında görmək üçün dövlət katibi Tillersonu Ankaraya göndərib: “İki ölkə arasında əldə olunmuş razılıqlar olsa da YPG məsələsində fikir ayrılıqları həll olunmadı. Türkiyə nə qədər Rusiya ilə Suriyada ortaq siyasi gedişlər etsə də tərəflərin bir-birlərinə etimad mühiti zəif idi. Çünki, Rusiya PKK-nı terror təşkilatı kimi tanımır və Moskvada YPG ofisi fəaliyyət göstərir. Bu kimi problemlərə görə Türkiyə-Rusiya əlaqələri kövrək olaraq qalır. ABŞ-ın Suriyaya ilk zərbəsindən sonra Türkiyə siyasətində ciddi dönüş edərək, ilk dəstəyi bildirdi və bu hücumun ardıcıl olmasınının vacibliyini qeyd etdi. Ardınca Bəşər Əsədin devrilməsini və Rusiyanın Əsədə dəstəyini dayandırması üçün çağırışlar etdi”. “Türk axını” ertələnəcək” M.Əsədullazadənin sözlərinə görə Türkiyənin ABŞ-ı dəstəkləməsi Rusiya ilə münasibətlərdə ciddi problemlər yaradacaq: “Nəzərə almaq lazımdır ki, Türkiyə bir müddət Əsədin devrilməsini arxa plana keçirmişdi. Artıq ABŞ-Türkiyə yaxınlaşması, Rusiya-Türkiyə münasibətlərində ciddi şəkildə çatlar yaradır. İki ölkə yenidən ciddi problemlərlə qarşılaşacaq. İqtisadi əlaqələr davam etsə də siyasi kriz davam edəcək. Rusiya səfirini bir müddət Türkiyəyə göndərməyəcək. “Türk Axını” layihəsi qeyri-müəyyən müddətə təxirə salınacaq. Rusiyanın Suriyadan çıxması, Türkiyənin milli təhlükəsizlik maraqlarına cavab verir. ABŞ -Türkiyə yaxınlaşması, regionda ümumi təhlükəsizliyə töhfə verəcək”. Vilayət Muxtar





Həftənin ən çox oxunanları