Yuxarı

Düşmən ordusunda vahimə

Düşmən  ordusunda  vahimə

  Üzeyir Cəfərli: “Bu ilin üç ayında Ermənistanda ölən və yaralıların sayı 30-u keçib” Qarabağ cəbhəsində işğalçı Ermənistan daha çox hərbçi itirir. Düşmənin təmas xəttində törətdiyi təxribatlara görə, itkilərinin sayı xeyli artıb. Ermənistanın rəsmi saytlarında itkiləri ilə bağlı yayılan məlumatlar bunu deməyə əsas verir. Ümumiyyətlə, bildirilir ki, 2015-ci ildən etibarən ermənilərin itkiləri çoxalıb. Düşmən tərəfi zaman-zaman açıqlamalarında qeyd edir ki, nə qədər çox itki itirirsə, bir o qədər vahiməyə düşür. Yəni say artdıqca, onların qorxusu və təlaşı daha da artmış olur. Qeyd edək ki, Xəzər Hərbi Tədqiqatlar İnstitutunun məlumatına görə, 2017-ci ilin ötən müddətində Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda ən azı 19 hərbi qulluqçu dünyasını dəyişib. Dünyasını dəyişənlərin 12 nəfəri döyüş, 7 nəfəri isə qeyri-döyüş itkisidir. Məlumatda qeyd edilir ki, Silahlı Qüvvələrin 12 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub. Bundan başqa 2 hərbçi xəstəlik nəticəsində, 2 nəfərin intihar etdiyi, 2 nəfərin isə bədbəxt hadisədən (qar uçqunu və tank altında qalma) dünyasını dəyişdiyi bildirilir. 1 nəfərsə əsgər yoldaşının açdığı atəş nəticəsində dünyasını dəyişib. Maraqlıdır, düşmən ölkədə göstərilən müddətdə nə qədər hərbçi dünyasını dəyişib. Hərbi ekspert Üzeyir Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, 2017-ci ilin üç ayı müddətində Ermənistan tərəfi 17 nəfər hərbçisini itirdiyini açıqlayıb: “Yanvar və fevral aylarında Ermənistan daha çox hərbçi itirib. Amma bu rəqəmləri bir qədər ört-basdır etdilər. Amma mətbuat üzərindən bildiyimiz rəqəmlər 17-dir. Ermənistan üçün müəyyən manevrləri etmək asandır. Onlar yaralıları gah Xankəndi hərbi xəstəxanasına aparırlar, gah da müəyyən yerlərdə saxlayırlar və müəyyən müddətdən sonra açıqlayırlar. Dəqiq bilməsəm də, təxminən bu ilin üç ayı müddətində Ermənistanda ölən və yaralıların sayı 30-u keçib. Amma 20-yə yaxın itkiləri var. Əslində düşmənin itkiləri ilə Azərbaycanın itkilərinin müqayisəsinin ona görə tərəfdarı deyiləm ki, itki sayı Azərbaycanda daha çoxdur. Əsgərlərimiz ön cəbhədə, döyüş nöqtələrindədir”. “Sarkisyanın yeni naziri uğurlu kadr deyil” Ekspertin sözlərinə görə, düşmən tərəfi nə qədər çox itirirsə, bir o qədər sarsılır və onları vahimə basır: “Azərbaycan ordusu bir an belə onlara imkan verməməlidir ki, nəfəs alsınlar. Zərbə nə qədər çox olarsa, ictimaiyyət də bir o qədər sərt təpki göstərir. Bundan əlavə Serj Sarkisyanın seçdiyi müdafiə naziri Vigen Sarkisyan bir o qədər uğurlu kadr deyil. O, hərbidən bir o qədər də anlayışı olmayan bir şəxsdir. Ermənistanda vəziyyət o qədər də ürəkaçan deyil. O mənada ki, Qarabağın və Ermənistanın silahlı qüvvələrində gərginliyi var. Bu özünü açıq şəkildə göstərir. Bu yaxınlarda Ermənistanın silahlı qüvvələrində bir əsgər yaralanmışdı. Valideyn oğluna baxımsızlıq ucbatından şikayətlənirdi. Deyirdi ki, övladı niyə başqa torpaqlarda yaralanmalıdır? Qarabağı Azərbaycan ərazisi saydıqları üçün artıq belə çıxışlar edirlər”. Alçina Amilqızı





Həftənin ən çox oxunanları