Yuxarı

Putindən “narıncı inqilab” hədəsi

Putindən  “narıncı  inqilab”  hədəsi

  İkibaşlı mesaj nəyə xidmət edir? Arzu Nağıyev: “O, ilk növbədə Rusiyanı sığortalamağa çalışır” Rusiya prezidenti Vladimir Putin keçmiş Sovet respublikalarında inqilab təhlükəsindən danışıb. “Cümhuriyət” qəzeti xəbər verir ki, Putin “rəngli inqilab”ları həyata keçirmək üçün bir sıra nəzəriyyələrin olduğunu diqqətə çatdırıb. “Biz dünyanın müxtəlif regionlarında həyata keçirilən müxtəlif nəzəriyyələri bilirik. Bu da həmin regionlarda vəziyyətin gərginləşməsi ilə nəticələnir.  Təbii ki, biz buna yol verməməliyik və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzv olan tərəfdaşlarımızı dəstəkləyəcəyik”, - deyə Rusiya prezidenti bildirib. Putinin mesajı əslində kimə ünvanlanıb? Keçmiş sovet coğrafiyasında inqilab ehtimallarının müzakirə olunmadığı vaxt Kreml başçısının bu məsələni gündəmə gətirməsi təsadüfi hesab olunmur. Putinin iddiasına bu baxımdan bir neçə prizmadan baxmaq olar. İlk növbədə o sual yaranır ki, həqiqətən KTMT və digər respublikalarda bu gün inqilab həyata keçirmək mümkün ola bilər? KTMT-də (Rusiya, Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan) bu az ehtimal olunan məsələdir. Çünki Rusiyanın bu ölkələrdəki siyasi-hərbi varlığı ən az yaranacaq xaosu rüşeymində öldürmək imkanı verir. Düzdür, inqilab əvvəldən proqnozu sevməyən və hadisələrin gedişində, bir sıra hallarda isə gözlənilmədən ortaya çıxan siyasi prosesdir, amma bütün hallarda Kremlin KTMT məkanında belə bir halın baş verməyəcəyinə əmindir. Həmin ölkələrdəki dövlət başçılarının birbaşa Kremlə tabe olması və müxalifətə xarici dəstəyin olmaması da bu ehtimal sıfırın altına endirir. Gürcüstan, Ukrayna və Moldova Putinin mesajının ikinci tərəfinə gəlincə, şübhə yoxdur ki, bu, KTMT ölkələrinə hesablanmayıb, məsələnin görünməyən tərəfində Putinin potensial KTMT üzvləri hesab etdiyi ölkələr - Azərbaycan, Ukrayna, Moldova və Gürcüstan var. Özbəkistanı da bu sıraya qatmaq olardı, amma hakimiyyətə yeni gəlmiş Şövkət Mirziyoyevin birbaşa Rusiyaya bağlı olduğu heç kəsə sirr deyil. Azərbaycanın da daxil olduğu digər ölkələrə gəlincə, Gürcüstanı çıxmaq şərtiylə həmin dövlətlərdə inqilab üçün real zəmin var. Əvvəlcə Gürcüstan məsələsinə toxunaq, əgər bu ölkədə inqilab baş verəcəksə, bunu Qərb yox, Rusiya həyata keçirə bilər. Çünki Gürcüstanın mövcud hakimiyyəti xarici siyasətdə Rusiyaya yox, Qərbə inteqrasiya xəttini seçib. Bu siyasətin tərkib hissəsi kimi Avropa İttifaqı ilə assosiasiya sazişi də imzalanıb. Amma müxalif cəbhədə Rusiyanın mövqelərinin həddən artıq zəif olması və cəmiyyətin işğal faktoruna görə Kremlə olan düşmən münasibəti, Şimaldan gələn “soyuq inqilab küləyi”nin qarşısını kəsir. Amma nəzərə alsaq ki, son seçkilərdə Aİ ilə assosiasiya sazişi imzalamış Moldovada Rusiyayönümlü siyasi qüvvə hakimiyyətə gəlib, bu baxımdan Qərbin iştirakı ilə bu ölkədə inqilab baş verə bilər. Ukraynada da eyni vəziyyətdir. Düzdür, Poroşenkonun başçılıq etdiyi komandanı hakimiyyətə ABŞ və Aİ gətirib, amma son zamanlarda Qərbdə, xüsusilə Donald Trampın Amerikada hakimiyyətə gəlməsindən sonra narazılıq artıb. Poroşenkonun Donbasdakı gərgin vəziyyətin qarşısını ala bilməməsi və regionda artan müharibə ehtimalının Kiyevdə narazılığı artırması Ukraynada növbəti inqilab ehtimalını artırır. Belə bir vəziyyətdə də Rusiya müxalifətdəki güclü dayaqlarından istifadə edərək, proseslərin mərkəzində yer ala bilər. Azərbaycanda inqilab ehtimalı Azərbaycanda siyasi gərginlik üçün münbit şərait var. Amma buna zəmin yaradan total sosial-iqtisadi böhran hələ siyasi böhranla müşayiət olunmur. Digər yandan Qərb Azərbaycanda inqilabi gedişlərlə möhkəmlənmək marağından uzaqdır, indiyədək də buna cəhd etməyib. Ölkə müxalifəti ilə də bu yöndə işləməyib. Heç Azərbaycanda keçirilən seçkilərdə bir dəfə də Qərb, yaxud ABŞ-ın əvvəldən hazırladığı namizədi ilə iştirakı olmayıb. Amma Rusiya baxımından vəziyyət bir qədər fərqlidir. Mövcud hakimiyyətdən xarici siyasətdə konkret mövqe - öz maraqlarını müdafiə edən münasibət istəyən Kreml rəsmi Bakının balans siyasətindən narazıdır. Bu baxımdan Qərb yox, Rusiya hakimiyyəti öz maraqlarına uyğun formada qurmağa cəhd edə bilər. Başqa sözlə, Putinin potensial KTMT üzvü kimi baxdığı bu ölkələrə o mesajı verir ki, xarici siyasətdə Rusiyanın maraqlarına cavab verən mövqe sərgiləsinlər. Necə ki, Kreml digər respublikaları KTMT-yə üzv edərək bu ölkələri inqilablardan sığortaladığını düşünür. İndi Putinin bu bəyanatını bu baxımdan həmin ölkələrə xəbərdarlığı kimi də, təzyiqi, yaxud hədəsi kimi də başa düşmək olar. Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanı Avrasiya İttifaqı, Gömrük Birliyi və KTMT-də görmək istəyən Putin bu məqsədini həyata keçirmək üçün istənilən vasitəyə əl ata biləcək tipdən liderdir. “Bu, Putinin atmaq istədiyi siyasi addımlardan xəbər verir” Politoloq Arzu Nağıyev “Cümhuriyət” qəzetinə bildirib ki, Rusiya KTMT-ni öz maraqlarının geniş spektrdə müdafiə olunması üçün yaradıb. A.Nağıyevin sözlərinə görə, Rusiya müxtəlif dövlətləri bura cəlb etməklə, özünü kənardan gələn təhlükələrdən qorumağa çalışır: “Əgər Ermənistan, Belarus və Orta Asiya ölkələri bu qurumun üvüdürlərsə, Kreml necə iddia edə bilər ki, bu ölkələrdə çevriliş baş verə bilməz? Düşünürəm ki, Putinin bu açıqlaması atmaq istədiyi siyasi addımlardan xəbər verir. Rusiyanın öz daxilindəki gərginlik pik həddə çatıb. Federasiyanın 11 subyektində  müsəlmanlar yaşayır. Onların  xarici dövlətlərlə əlaqələri var. Xarici xüsusi xidmət orqanlarının dini faktordan istifadə etmək ehtimallarının yüksək olmasına görə Putin belə bəyanatlarla çıxış edir. Əlbəttə, bu bəyanatın bir tərəfi KTMT üzvlərinin sayının artırılması istiqamətindədir. Amma bu o demək deyil ki, Azərbaycan, yaxud digər ölkələr bu birliyi üzv olmağa razılıq verəcəklər. İlk məqam Rusiyanın öz maraqlarından ibarətdir”. Politoloq qeyd edib ki, KTMT üzvü olan dövlətlərin digər ölkələrlə ayrı-ayrılıqda münasibətləri var: “Həmin ölkələri sadəcə hərbi blok birləşdirir. Blokun da nizamnaməsinə görə, hansısa üzv dövlətə hərbi müdaxilə olarsa, digər üzv ölkələr bunun qarşısının alınması üçün birlikdə hərəkət edə bilərlər. Azərbaycanın bu gün əsas problemi, Dağlıq Qarabağ münaqişəsidir. Əgər Azərbaycan öz daxili problemini həll edirsə, buna kənardan hansısa blokun müdaxiləsi yolverilməzdir. Bu sadəcə təxribat və quldurluq ola bilər. Düşünürəm ki, bu bəyanatla Putin ilk növbədə Rusiyanı sığortalamağa çalışır” Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları