Yuxarı

Ordular üz-üzə: Kim daha güclüdür?

Ordular  üz-üzə: Kim  daha güclüdür?

  Fikrət Sadıxov: "Rusiya Ermənistanın əsas sponsorudur, arxasında dayanan bir ölkədir” Azərbaycan Silahlı Qüvvələri son illər xeyli güclənib. Cənubi Qafqazın ən güclüsü sayılan ordumuz döyüş əzmini və potensialını ötən ilin aprelində Qarabağda baş verən hərbi toqquşma zamanı da sübut etdi. Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti davam etdikcə hərbi qarşıdurma təhlükəsi də qalır. Qarabağda müharibə yenidən alovlanarsa, kim üstün gələcək? Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusundan üstün cəhətləri hansılardır? Bir çox hesabatlarda Azərbaycanın hərbi qüdrəti Ermənistandan bir dəfə yarım çox olaraq qiymətləndirilib. İki ölkə ordusunun hərbi gücü haqqında məlumatlardan birində bildirilir ki, Ermənistan ordusunun ümumi sayı 2016-cı ildə 44.8 min nəfər olub. Ölkədə ehtiyatda olan canlı qüvvənin sayı isə 210 min nəfərdir. 2015-ci ildə Ermənistan hərbi büdcəsi 412 milyon dollar (ümum daxili məhsulun 3,8%-i) olub. İİSS təşkilatının hesabatına əsasən, Ermənistan ordusunun 100-150 tankı (T-72, T-55, T-54), 300-600 piyadaların döyüş maşını (PDM-1, PDM-1K, PDM-2, BRM-1K) və zirehli transportyoru (BTR-60, BTR-70, BTR-80), 200-ə yaxın artilleriya qurğusu var. Quru qoşunları isə Kruq, Kub, C-75 Dvina, C-125 Peçora zenit-raket komplekslərinə malikdir. İrəvanın balansında həmçinin 15 hərbi təyyarə (Su-25, Su-25UBK), 30 vertolyot (Mi-24P, Mi-24K, Mi-24R, Mi-8MT, Mi-9, Mi-2), 15 təlim təyyarəsi olan L-39 və Yak-52, 15 pilotsuz aparat - Krunk və Baze mövcuddur. Ermənistanın qırıcı təyyarələri yoxdur Ölkənin raketdən müdafiə sistemləri hər birində 12 buraxılış qurğusu olan 5 C-300PC diviziyasına malikdir. Bununla bərabər, 4,5 min nəfər Daxili İşlər Nazirliyi və Sərhəd Qoşunlarında xidmət edir. Hazırda DİN-in balansında 50 ədəd piyadaların döyüş maşını (PDM-1, BMD-1), 20 zirehli transportyor (BTR-60, BTR-70, BTR-152) var. Sərhəd Qoşunları 40 ədəd piyadaların döyüş maşınına (PDM-1, BMD-1, BRM-1K), 20 zirehli transportyora (BTR-60, BTR-70) malikdir. Məlum olduğu kimi 2016-cı ilin sentyabrında Rusiya Ermənistana “İsgəndər” raketdən müdafiə sistemləri verib. Azərbaycan ordusunun ümumi sayı isə 2016-cı il üçün 66.950 nəfərdir. Ölkənin ehtiyatda olan hərbi qulluqçularının sayı 300 min nəfərdir. Keçən il ölkənin hərbi büdcəsi 1,74 milyard dollar olub (ümum daxili məhsulun 2,71%-i). Ordunun təchiz olunduğu hərbi texnikanın böyük hissəsi Rusiya və SSRİ istehsalıdır. İİSS-in hesabatında Azərbaycan ordusunun 300-450 tanka sahib olduğu göstərilir. Onun 100 ədədi 2010-2014-cü illərdə Rusiyadan alınmış müasir T-90C, yerdə qalanları isə İsraillə əməkdaşlıq nəticəsində modernizasiya olunmuş T-72, T-55 tanklarıdır. Ölkə ordusu 200 ədəd piyadaların döyüş maşını (PDM-1/2/3, BRM-1, BMD-1), 500 zirehli transportyor və zirehli avtomobil (MT-LB, BTR-60/70, Marauder, Matador), 500 artilleriya qurğusu ilə (SSRİ, Rusiya, Türkiyə və İsrail istehsalı olan reaktiv yaylım atəşi sistemləri, TOS-1A sistemləri, özüyeriyən artilleriya qurğusu 2C9 Nona-C, özüyeriyən tank əleyhinə raket kompleksləri Xrizantema-C) təchiz edilib. Azərbaycanın Quru Qoşunlarında Kruq, Osa-1T, Strela-10, 1500 raketi olan 300 İqla-S zenit raket kompleksi var. Burada həmçinin 400 tank əleyhinə raket kompleksi mövcuddur. Ölkə donanması 20 gəmidən təşkil olunub. Azərbaycan Hərbi Hava Qüvvələrində ən azı 35 hərbi təyyarə (MiQ-29, MiQ-29UB, Su-25, Su-25UB), 20-30 nəqliyyat və təlim təyyarəsi (An-12, L-39, Yak-40), minimum 60 vertolyot (Mi-24, Mi-17, Mi-8, Mi-2), İsrail istehsalı olan pilotsuz uçan aparatlar mövcuddur. Hava hücumundan müdafiə qüvvələri isə C-75 Dvina, C-125 Neva, C-200 Veqa, Buk-M1, C-300PMU2 (minimum iki diviziya), Tor-M2E, İsrail istehsalı olan Barak-8 zenit raket komplekslərinə sahibdir. Azərbaycanda 15 mindən çox insan Sərhəd Qoşunları, Sahil-Mühafizə Xidməti və Daxili Qoşunlarda xidmət edir. Sərhəd Qoşunları 150 ədəd piyadaların döyüş maşını (PDM-1/2), 20 zirehli transportyor (BTR-60/70/80), 20 hərbi vertolyot - Mi-35M-ə sahibdir. Sahil Mühafizə Xidməti isə ABŞ, İsrail və SSRİ istehsalı olan 10 gəmi ilə təchiz edilib. Ermənistan Adi Silahların İxtisarına Dair Konvensiyanı pozur Bəzi mənbələrdə göstərilir ki, Ermənistan işğal altındakı Dağlıq Qarabağda gizli ordu saxlayır. Separat rejimin ərazisində 18-20 minlik ordu var. Dağlıq Qarabağda 200-300 tank (T-72 və T-55), 230 artilleriya qurğusu, 10 Mi-24 və Mi-8MT vertolyotu, Kruq, C-125 Peçora, İqla zenit raket kompleksi saxlanılır. Bu mənada Ermənistan Adi Silahların İxtisarına Dair Konvensiyasından kənara çıxaraq, gizli silahlar saxlayır. Hansı tərəf daha çox silahlanıb? Ermənistan silahlanma indeksinə görə son üç ildə dünyada üçüncü yeri tutur. Bonn Beynəlxalq Konversiya Mərkəzinin beynəlxalq silahlanma indeksinə dair hesabatında, İsrail, Sinqapur və Ermənistan dünyanın ən çox silahlanmış ölkələri elan edilib. Hər üç dövlət artıq 3-cü ildir dünya üzrə silahlanma indeksində davamlı olaraq öncül yer tutur. İnform.az bu barədə Ermənistan mediasına istinadən məlumat yayıb. Hesabat hər min nəfər əhali üzrə adambaşına düşən hərbçilərin sayına, hərbi xərclərin ÜDM-ə nisbəti, hərbi xərclərin səhiyyə xərclərinə nisbətinə, həmçinin ordunun və ağır silahların say göstəricisinə müəyyən edilir. Hesabatda qeyd edilir ki, Ermənistan Avropada ən çox silahlanmış ölkədir. İkinci yeri Rusiya, üçüncü yeri Kipr, dördüncü yeri isə Azərbaycan tutur. 2007-2009-cu illərdə Ermənistan silahlanmanın səviyyəsinə görə 8-ci, 2010-2012-ci illərdə isə 4-cü, 2013-cü ildən başlayaraq dünyanın 3 ən çox silahlanmış dövləti sırasında yer alır. Ermənistanda isə diqqəti çəkən 280 km-lik raket kompleksinin alınması olub. Hesabatda bu raketin Azərbaycanın, az qala, istənilən nöqtəsini vurmaq iqtidarında olduğu vurğulanır. SIPRI həm Ermənistan, həm də Azərbaycanın əsas silah təchizatçısının Rusiya olduğunu deyir. Politoloq Fikrət Sadıxovun fikrincə, Azərbaycan hərbi potesialına görə kifayət qədər güclü bir dövlətdir. Ermənistan isə kasıb ölkə olduğuna görə, silahlanmanı əsasən xarici dövlətlərin köməyi hesabına təmin edir: "Rusiya Ermənistanın əsas sponsorudur, arxasında dayanan bir ölkədir. Rusiya silahları aşağı qiymətə satmaqla Ermənistanın silahlanmasında maraqlı olduğunu sübut edir. Ermənistan başqa ölkələrdən də silah alır. Çox güman ki, həmin silahların satış qiymətləri də güzəştli olur. Ermənistan kimi kiçik, yoxsul ölkənin bu qədər silahlanmaya malik olması təəccüb doğurur. Mənə elə gəlir ki, Ermənistanın adının hesabata salınması da bununla bağlıdır". Tərəflərin silah statistikası... Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu - SIPRI-nın silahlanma haqda illik hesabatında maraqlı məqamlar yer alıb. “Silahla təchizatda beynəlxalq meyllər-2016” adlanan hesabatda Azərbaycanın da həmişəkindən çox silah aldığı qeyd olunur. Dünyanın 40 ən böyük silah istehsalçısının müştəriləri siyahısında Azərbaycan 21-ci yeri tutub. Bonn Beynəlxalq Konversiya Mərkəzinin beynəlxalq silahlanma indeksinə dair hesabatda Ermənistanla müqayisədə Azərbaycanın dəfələrlə çox silahlandığı vurğulanır. 2012-2016-cı illərdə Azərbaycanın silah idxalını 2007-2011-ci illərə nisbətən 75% artırdığı, Ermənistandan 20 dəfə artıq silah aldığı qeyd olunur. Həm də Azərbaycanın müxtəlif tipli döyüş ləvazimatlarıyla təchiz olunduğu, tank, zirehli maşın, ballistik raket əleyhinə müdafiə sistemləri, döyüş təyyarələri əldə etdiyi deyilir. Xatırladaq ki, bu günlərdə silahlanma və təksilah məsələləri problemləri üzrə Beynlxalq Stokholm Araşdırmalar İnstitutu (SİRPİ) Azərbaycanın 2015-2016-cı illərdə aldığı silah sistemləri haqqında məlumatlar dərc edib. İnstitutun yaydığı məlumatda Azərbaycanın əsas silah idxalçıları kimi İsrail, Rusiya və Türkiyənin adları çəkilir. SİPRİ-nin hesabatına görə, ötən il Azərbaycan Silahlı Qüvvələri İsraildən 248 milyon dəyərində müasir silahlar və radar sistemləri alıb. Bunlar “OPV-62” gözətçi gəmiləri, “Orbiter-1K” patrul döyüş sursatı, “Barak-8” zenith-raket kompleksləri, “EL/M-2080 Green PLine” raket əleyhinə müdafiə sistemləri radarları, tank əleyhinə idarə olunan yüngül “LAHAT” (“Közərmə”), “Spike-NLOS” universal raketləri, “EL/M-2288 AD-STAR” radar qurğuları, “Haqor” uçuşsuz kəşfiyyat-zərbə aparatları, “SandCat” zirehli avtomobili və onun təmin olunmuş modeli olan “SandCat Spike-LR”, “Spike MR/LR” universal raketləridir. SİRPİ 2016-cı ildə İsrailin Azərbaycana “Tamir” raketləri ilə təchiz olunmuş “Dəmir günbəz” hava hücumundan müdafiə sistemləri satması barədə məlumatlara mailk olduğunu xəbər verir. Bundan əlavə Azərbaycanın 2012-2016-cı illərdə idxal etdiyi silahların 3.6%-ni Belarusdan, 22%-i İsraildən, 69%-ni Rusiyadan aldığı göstərilir. SIPRI-nın hesablamalarına görə, 2012-2016-cı illərdə Rusiya istehsalı olan silahların 4-5%-ni Azərbaycanla Venesuela alıb. İsrailin ixrac etdiyi silahların 13%-nin, Belarus silahlarının 11%-nin müştərisi Azərbaycan olub. Bütün bunlardan əlavə silahların keyfiyyətinə görə Azərbaycan Ermənistandan üstündür. Silahlanmaya görə Ermənistan dünyada üçüncü yerdə dayansa da, silahlarının keyfiyyətinə görə geridədir. Ermənistanın hərbi-texniki sektorda əməkdaşlıq etdiyi ölkə əsasən Rusiyadır. Daha doğrusu Rusiya simvolik qiymətlərlə Ermənistana müəyyən hərbi texnikalar verir. Məhz ötən il bu silah satışının bəzilərinin şahidi olduq. Məsələn, ötən il Moskva ilə İrəvan arasında ikinciyə 200 milyon dollarlıq kredit ayrılmasına dair saziş imzalandı və Rusiya Ermənistana silahı kredit yolu ilə verdi. Ermənistan bu sazişlə Rusiyadan "Smerç" reaktiv yaylım atəşi sistemləri və onun sursatlarını, "İqla-S" zenit-raket sistemləri, yerüstü radiotexniki kəşfiyyat kompleksi "Avtobaza-M", TOS-1A ağır odatanları, 9M113M idarəolunan raketləri, RPG-26 qumbaraatanları, Draqunov snayper tüfəngləri, "Tiqr" zirehli avtomobilləri, mühəndis və rabitə vasitələri aldı. “İsgəndər” operativ taktik raket kompleksini də bu sıraya aid etmək olar. Bəzilərinin ermənilərdə bu raketin olmasından narahatlıq keçirməsinə, deyə bilərəm ki, əlbəttə “İsgəndər” döyüş başlığı daşıyır, dağıdıcı və öldürücüdür. Lakin Azərbaycan hava hücumundan müdafiə imkanlarına görə, kifayət qədər imkanlara malik ölkədir. Hələ sovet dövründə Azərbaycan, xüsusilə Abşeron yarımadası SSRİ-nin hava hücumundan müdafiə sisteminin ən güclü qoruduğu ərazilərdən biri idi. SSRİ dağılsa da bu müdafiə sistemi olduğu kimi qaldı. Son 15 il ərzində isə Azərbaycanın hərbi hava qüvvələri və hava hücumundan müdafiə sistemi daha da təkmilləşdirilib və modern texnologiyalarla təchiz edilib. Buna misal olaraq Azərbaycanın İsraildən “Barak-8” və “Dəmir günbəz” raketdən müdafiə sistemləri 130-150 radusda hədəfi vura bilən EXTRA raketləri, Pakistandan orta və uzaq mənzilli “Şahin -1“ və “ Şahin-2” raketlərinin almasını misal gətirə bilərik. Mətbuatda yayılan son məlumatlara görə Azərbaycan Pakistanla “JF-17-Thunder” bombardımançı təyyarələri almaq barədə razılaşma əldə edib ki, bütün bu göstəricilər Azərbaycanın hərbi potensialının daha güclü olduğunu deməyə əsas verir. Alçina Amilqızı





Həftənin ən çox oxunanları