Yuxarı

Erməni təxribatlarına qarşı İsrail taktikası

Erməni təxribatlarına qarşı İsrail taktikası

Üzeyir Cəfərov: “Düşmən ön nöqtələrdən bizə qarşı narahatlıq yaradırsa, sərt şəkildə cavablandırılmalıdır” Ramil Məmmədli: “Yalnız bu şəkildə təxribatların qarşısını ala bilərik” Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, aprel ayının 16-dan qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə genişmiqyaslı təlimlər keçiriləcək. “Cümhuriyət” qəzeti Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimlərə 30 min nəfərədək şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq. Təlimlər zamanı çətin relyef şəraitində müasir ümumqoşun döyüşü və əməliyyatlarının keçirilməsinin müxtəlif üsulları məşq etdiriləcək. Qəbul edilmiş qərara əsasən, qoşunların və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına yerdəyişməsi, səfərbərlik ehtiyatlarının toplanılaraq təyinatı üzrə göndərilməsi, zərbə qruplaşmalarının yaradılması və müəyyən olunmuş istiqamətlərdə tətbiqi, döyüş aviasiyasının ehtiyat aerodromlarına köçürülməsi, eləcə də raket və artilleriya qoşunlarının ehtiyat atəş və start mövqelərinə çıxarılması icra olunacaq. Təlimlər aprelin 21-dək davam edəcək. Təxribatların qarşısını necə almaq olar? Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərindən son zamanlardan iriçaplı pulemyotlardan və minaatanlardan mövqelərimizə qarşı təxribat cəhdlərinin artdığını nəzərə alan ekspertlər ordumuzun təlimlərə başlamasını təsadüfi hesab etmirlər. Ehtimal olunur ki, bu düşmənin ehtimal olunan irimiqyaslı təxribat planlarına qarşı hazırlıq xarakteri daşıyır. Ümumiyyətlə, hərbi mütəxəssislər keçən il baş verən aprel döyüşlərindən sonra düşmənin artan təxribat addımlarının qarşısına keçməyin bir sıra yollarının olduğunu bildirirlər. Bunun üçün bir sıra taktikaların bu gün dünyanın ayrı-ayrı regionlarındakı münaqişələrdə istifadə edildiyi bildirilir. “Ermənilərə qarşı sərtliyi artırmaq lazımdır” Hərbçi-ekspert Üzeyir Cəfərov “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycan ordusu indiyədək erməniləri gərginlik altında saxlamalıydı. Ü.Cəfərovun sözlərinə görə yanvar ayının əvvəlində Azərbaycan ordusu demək olar ki, hər gün bir erməni zabiti, yaxud əsgərini sıradan çıxarırdı: “Hərbi texnikalarını da cavab atəşi ilə susudururdu. Bu vaxt həm Ermənistan daxilində böyük narahatlıq vardı, həm də ermənilər təxribata əl atmaqdan çəkinirdilər. Ermənilərin təxribatlarının qarşısını ancaq ən amansız tədbirlərlə almaq olar. Belə olan halda da ermənilərin ağılları başlarına gəlib, özlərinə zərər verəcək addımlardan çəkinərlər. Amma onlar görəndə ki, Azərbaycan humanistlik göstərir, bu zaman mövqelərimizi atəşə tuturlar. Biz görəndə ki, ermənilər təkcə avtomat və pulemyotlardan yox, minaatanlar və digər iriçaplı silahlardan istifadə edirlər, Azərbaycan ordusu müdafiə nazirinin göstərişi ilə düşmənin həmin nöqtələrini susdurmaq üçün lazım olan tədbirləri görməlidir”. Ekspert qeyd edib ki, aprel döyüşlərində Azərbaycan düşmənin təxribatlarına ağır cavab vermək məcburiyyətində qaldı: “İndi eyni qaydada Azərbaycan tərəfi bu məsələləri həll edə bilər. Düşmən ön nöqtələrdən bizə qarşı narahatlıq yaradırsa, yaxud yaradacaqsa, Azərbaycan bunu sərt şəkildə cavablandırmalıdır. Azərbaycanın müdafiə naziri də dəfələrlə bildirib ki, Ermənistan ordusu təxribatları davam etdirəcəksə, Azərbaycan əsgəri ən ağır silahlarla onu susduracaq. Bu prosesi davam etdirmək lazımdır. Çünki yanvarda seçilən bu taktika öz effektini verirdi. Hər gün erməni hərbçilər həyatlarını itirdikcə, yaralandıqca, Ermənistan hərbi komandanlığı da gərgin anlar keçirirdi. Hətta, daxildə hərbi-siyasi rəhbərliyə qarşı etiraz aksiyaları keçirildi. Bunun tərkib hissəsi kimi müdafiə naziri Seyran Ohanyan öz postundan uzaqlaşdırıldı. Başqa sözlə, Azərbaycan bu addımları davamlı formada atmalıdır”. “Qərargah məntəqələrini davamlı olaraq zərbə altında saxlamalıdır” Hərbçi-ekspert Ramil Məmmədli “Cümhuriyət” qəzetinə deyib, düşmən təxribatlarının qarşısının alınmasının yeganə yolu, Azərbaycanın hərbi əməliyyatlara başlamasından keçir. R.Məmmədli təklif edir ki, Ermənistan ordusunun Dağlıq Qarabağda yerləşən müdafiə xətti və hücuma hazır olan eşalonlarını, hərbi hissələrini darmadağın edib əraziləri təmizləmək lazımdır: “Düşmən ordusu işğal ərazilərində qaldıqca, bu təxribat halları davam edəcək. Bu halda prosesin qarşısını almaq mümkün olmayacaq. Ermənistan dəfələrlə atəşkəs anlaşmasının şərtlərini pozaraq təxribatlara əl atıb, mövqelərimizə qarşı təxribat həyata keçirib, hücumlar, hərbi əməliyyatlar təşkil edib, yeni ərazilər ələ keçirməyə çalışıb. Əvvəllər müəyyən mənada istəklərinə nail ola bilirdilər. Amma Azərbaycanın müdafiə naziri düşmənin mövqelərimizə qarşı təhlükə yaradan, hərəkət edən bütün nöqtələrini, hərbi texnikalarını, canlı qüvvələrini vurmaq əmrini verib. Bununla da düşmən canında qorxu hiss edə bilir. Bütün hallarda isə təxribatların qarşısını ancaq, təhlükə və təxribat mənbəyi olan düşmən mövqelərini tamamilə məhv etməklə almaq olar”. Ekspert vurğulayıb ki, Ermənistan son zamanlarda ordunun komplektləşdirilməsi işini həyata keçirir: “Ermənistan son bir ildə işğal altında olan ərazilərdəki hərbi qüvvələrini yenilməyə, mobilləşdirməyə, gücləndirməyə xidmət edən müəyyən addımlar atır. Bunun qarşısının alınması üçün də düşmənin təmas xəttindən dərinlikdə yerləşən mövqelərinə zərbələr endirilməli və məhv edilməlidir.  Bu taktika zaman-zaman İsrail ordusu tərəfindən Fələstinin Qəzza və digər bölgələrdəki mövqelərinə qarşı istifadə olunur. İsrail Fələstin tərəfindən özünə qarşı təhlükə hesab etdiyi və birləşmə nöqtələri olan mövqelərini aviazərbələrlə dağıdır. Meydana çıxa biləcək təhlükələrin qarşısı bu yolla alınır. Hesab edirəm ki, Azərbaycan ordusu bu taktikadan istifadə edərək erməni hərbi qüvvələrinin dərinlikdə yerləşən hərbi birləşmələrini, qərargah məntəqələrini davamlı olaraq zərbə altında saxlamalıdır, məhv etməlidir. Yalnız bu şəkildə təxribatların qarşısını ala bilərik”. Mənsur Rəğbətoğlu  





Həftənin ən çox oxunanları