Yuxarı

İŞİD Azərbaycan sərhədində

İŞİD Azərbaycan sərhədində

Terrorçu təşkilat Qafqazda boy göstərə bilər Arzu Nağıyev: “İŞİD-in hansısa regiona göndərilməsinə ehtiyac yoxdur, hər yerdə tərəfdarları var” Suriya və İraqda sıxışdırılan İŞİD terror təşkilatı potensial məskunlaşma ərazilərinə üz tutmağa başlayıb. Yayılan məlumatlara görə təşkilat üzvləri əsasən, gəldikləri ölkələrə üz tutmağa cəhd edirlər. ABŞ və İngiltərə mənbələrinin iddialarına inansaq, Yaxın Şərqdən Uzaq Şərqə hörümçək toru kimi uzanan İŞİD Azərbaycan sərhədlərinədək yayıla bilər. Yaxın Şərqdən çıxmağı planlaşdıran İŞİD-in artıq möhkəmlənmək üçün bəlli etdiyi nöqtələr də gün işığına çıxarılır: Orta Asiya, Rusiya, Balkan ölkələri, Əfqanıstan, Pakistan və s. Orta Asiya, Rusiya, Pakistan və Əfqanıstan İŞİD-in sıralarında keçmiş Sovet respublikalarından müsəlman əhalisinin sayı 20 milyon olan Rusiya, Azərbaycan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Özbəkistandan minlərlə militan döyüşür. Yaxın Şərqdə sıxışdırılan İŞİD-in dislokasiya kimi bu ölkələrə üz tutacağı istisna deyil. Amerikanın “The Soufan Group” Strateji Araşdırmalar Mərkəzinin hesabatına görə, keçmiş Sovet ölkələrindən İŞİD-in sıralarında 20  minə qədər döyüşçü var. Artıq bu regionda terror təşkilatının “Qafqaz Əmirliyi” adlı güclü qruplaşması var. “Qafqaz Əmirliyi” təşkilatı Dağıstan, Çeçenistan, Kabardin-Balkar, Qaraçay-Çərkəz və İnquşetiyadan olan miltinatları özündə birləşdirir. Bir sıra iddialara görə  “əmirliyin” sıralarında Azərbaycan vətəndaşları da var. Əvvəllər bu təşkilat “Əl-Qaidə”yə bağlı olsa da 2015-ci ildə İŞİD-ə biət etdi. Orta Asiya ölkələrində İŞİD-ə bağlı olan qruplaşmaların sayı kifayət qədər çoxdur. Özbəkistan İslam Hərəkatı, İslamçı Cihadçılar Qrupu kimi təşkilatlar Bağdadiyə biət etdiklərini açıqlayıblar. İŞİD regionun digər ölkələrində də varlığını təmin edib. Təşkilat Əfqanıstan və Pakistanda “Xorasan Əmirliyi” adlı altında fəaliyyət göstərir. Bundan başqa Çinin Şərqi Türküstandan olan cihadçılar da Suriya və İraqda İŞİD-in uğurları üçün tər tökürlər. Həmçinin Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistandan Yaxın Şərqdəki müharibələrə qatılanların sayı bu ölkələri təhdid edəcək qədər çoxdur. Qərb mənbələrinə görə bu regionda 5, yerli mənbələrə görə isə 10 minə qədər militan İŞİD-ə qoşulub. Misir və Liviya Terror təşkilatı Suriya və İraqla yanaşı onun üçün döyüşən digər ölkələrdə də öz varlığını təmin edib. İŞİD Misir və Liviyada da olduqca aktivdir. Terror təşkilatı eyni zamanda öz rəqibinə çevirdiyi “Əl-Qaidə”nin lövbər saldığı yerlərdə də möhkəmlənməyə davam edir. İŞİD-in Misirdəki qolu 2011-ci ildə bu ölkədə baş verən hadisələrdən sonra “Ənsar Beyt əl-Məqdis” adı altında formalaşıb. İŞİD-in Liviya qolu təşkilatın ən güclü qanadlarından hesab olunur. Təxribat və taktikası İŞİD-in Suriya və İraqdakı qollarına çox oxşayır. Balkan ölkələri Kosovo və Bosniya-Hersoqovinada, yəni, Balkan ölkələrində də İŞİD-in uzantıları var. Kosovodan İŞİD sıralarında 500-ə yaxın militanın döyüşdüyü bildirilir. Bir neçə il əvvəl isə Bosniyada yayılan bir video görüntüdə isə İŞİD militanı bu ölkəni qanda boğacaqları ilə təhdid etmişdi. İngiltərənin Kral Kollecinin siyasət mütəxəssisi Peter Numann Balkan ölkələrinin də İŞİD-in potensial hədəflərindən biri olduğunu deyib. Numann regionda müsəlmanların sayının çox olmasının gələcəkdə bu regiona militant axınını sürətləndirəcəyini bildirir. Məzhəb müxtəlifliyi olan Bosniyada sələfi və vəhabi kəndlərinin sayı kifayət qədər çoxdur. Üstəgəl Makedoniya və Serbiyanın Cənub bölgələrində də son zamanlarda İŞİD-ə bağlı olduğu bildirilən radikallar boy göstərməyə başlayıblar. “Terror aktlarını  İŞİD-in yerlərdəki uzantıları həyata keçirirlər” Politoloq Arzu Nağıyev “Cümhuriyət” qəzetinə bildirib ki, İŞİD ayrı-ayrı dövlətlərin xüsusi xidmət orqanlarının əllərində bir vasitədir. A.Nağıyev qeyd edib ki, zaman-zaman bu vasitədən istifadə edirlər: “Düşünürəm ki, bu terror təşkilatının hansısa regiona, yaxud dövlətə üz tutmasına, yaxud göndərilməsinə ehtiyac yoxdur. İŞİD-in demək olar ki, dünyanın hər yerində tərəfdarları var. Buna görə də İŞİD-in hansısa regiona göndərilməsinə ehtiyac qalmır. Çünki terror aktı törətmək üçün onların özlərinə yerlərdə komanda verirlər ki, öz planlarını həyata keçirsinlər. İŞİD-in bu gün hansısa bölgəyə getməsi və aksiya keçirməsi o qədər də effektli olmaz. Məlumdur ki, eyni zamanda dünyanın müxtəlif ölkələrində İŞİD-ə biət etmiş xüsusi qruplaşmalar da var. Həmin qruplaşmalar İŞİD rəhbərliyinin tapşırıqlarını can-başla yerinə yetirməyə hazırdırlar. Buna görə də hansısa bölgəyə üz tutması o qədər də vacib məsələ deyil. Terror aktlarını əsasən İŞİD-in yerlərdəki uzantıları həyata keçirirlər. Buna görə də İŞİD-in hansısa regiona üz tutacağı o qədər də real görünmür”. Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları