Yuxarı

İran hakimiyyətindən Azərbaycana qərəzli mövqe

İran hakimiyyətindən Azərbaycana qərəzli mövqe

  Təbii fəlakət qurbanlarından da qisas alırlar Sədrəddin Soltan: “Fəlakət qurbanlarının sayı gizlədilir” Ötən gün Güney Azərbaycanda baş vermiş təbii fəlakət İran rejiminin xislətini üzə çıxardı. Təbii fəlakət qurbanlarının taleyinə biganəlik molla rejiminin azərbaycanlılara qarşı düşmənçilik siyasətini davam etdirdiyini göstərdi. Daşqın nəticəsində həlak olanların sayı 48-ə çatsa da, İran hakimiyyəti məsələnin üzərindən səthi keçdi. Sanki heç bir hadisə baş verməyib. Yerli sakinlər dövlət qurumlarının biganəliyindən şikayətləniblər. Qeyd edək ki, bu məsələ parlamentin də gündəmində olub. Urmiyəni təmsil edən deputat, İran parlamentindəki Azərbaycan fraksiyasının rəhbərlərindən biri Nadir Qazipur hökuməti biganəlikdə suçlandırıb.  Eyni zamanda 48 nəfərin ölümünə baxmayaraq bütün ölkədə yox, ancaq hadisənin baş verdiyi Şərqi Azərbaycan vilayətində matəm elan edilməsinə qarşı çıxıb. Qeyd edək ki, bu İran rejiminin azərbaycanlılara qarşı göstərdiyi ilk laqeydlik deyil. Molla rejimi dəfələrlə azərbaycanlılara qarşı ayrıseçkilik edib və görünən odur ki, hələ də rəsmi Tehran bu siyasətini davam etdirir. Bir neçə il öncə Bəzirgandan 12 min ailənin evsiz qalması ilə nəticələnən güclü zəlzələ zamanı da İran hakimiyyəti güneyli soydaşlarımıza eyni münasibəti göstərib. Bu da o, zamanlar İran parlamentində təmsil olunan azərbaycanlı deputatların kəskin etirazına səbəb olmuşdu. Qeyd edək ki, həmin vaxt zərərçəkən ailələrə yardım məqsədilə ayrılan 1 milyon tümən (oxu: o, zaman 300 dollar) hakimiyyət nümayəndələr tərəfindən mənimsənilmişdi və zərərçəkən ailələrə verilməmişdi. “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Cümhuriyət” qəzetinə şərhində deyib ki, İran hakimiyyətinin Güney Azərbaycan türklərinə göstərdiyi laqeyd münasibəti rejimin mahiyyətindən irəli gəlir: “Bir neçə il öncə Qaradağ mahalında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı da  İran hakimiyyəti laqeydlik göstərmişdi. O, zaman Azərbaycan əhalisi və dövləti özü müstəqil şəkildə Güney Azərbaycana müstəqil şəkildə yardım etmişdi. Təbii ki, biz heç kim üçün təbii fəlakətin baş verməsini arzu etmirik. Bütün hallarda bu arzuolunan hal deyil. Bir neçə gün öncə İranın Xorasan əyalətində zəlzələ baş verdi və nəticədə xeyli insan tələf oldu. Bəlli oldu ki, nüvə başlığı düzəltmək iddiasında olan, Suriyada, İraqda müharibə aparan Tehran hakimiyyətinin əhalisi özü hansı vəziyyətdə yaşayır. Güney Azərbaycanda baş verən təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına münasibət də Tehran hakimiyyətinin mahiyyətindən irəli gəlir. Yəni, insanlar Allah ümidinə qalıb. Bu dövlətin fövqəladə hallar üçün ayırdığı büdcə daha çox Tehran hakimiyyətinin hikkəsinə və maraqlarının qorunmasına xərclənir. Burada təkcə Qaradağda baş vermiş zəlzələnin, bu günlərdə baş verən daşqının nəticələrinin aradan qaldırılmasından söhbət getmir. Bundan öncə Ərdəbildə baş vermiş zəlzələdə də eyni addım atılmışdı. Hələ 1988-ci ildə Mazandaranda baş verən fəlakətə də Tehran hakimiyyəti laqeyd münasibət göstərmişdi. Elə görünür ki, sanki təbii fəlakətin nəticələrini aradan qaldırmağa İran hakimiyyəti ərinir. Boş-boş vədlər verilir”. Zərərçəkənlərə kompensasiya vermək istəmirlər Ekspert həmçinin bildirib ki, İran hakimiyyəti hadisə zamanı həlak olan qurbanların sayını da gizlədilir. S.Soltan deyib ki, bunun səbəbi isə ödəniləcək kompensasiyaların verilməməsidir: “Çünki, təbii fəlakət nəticəsində həlak olan şəxslərin ailələrinə yardım edilməlidir. Demək ki, ya bu yardımlar edilməyəcək, ya da edilən yardımlar şəffaf deyil. Bununla da hadisənin miqyası azaldılır. Hadisənin başvermə səbəbləri gizlədilir. Məsələn, körpülərin, binaların tikintisində standartlara əməl edilmədiyindən baş verən fəlakətlər ört-basdır edilir. Bütün bunların günahı isə təbii fəlakətlərin üzərinə qoyulur. Bu tip məsələlərdə İran hakimiyyətinin Güney Azərbaycana laqeydliyi özünü açıq şəkildə büruzə verir. Niyə bu bölgədə evlər dağılır, körpülər uçur? Çünki, bu bölgədə yaşayan insanların sosial durumu çox aşağı səviyyədədir. Evlər  çiy kərpiclə tikilir, sel də gəlib yuyub aparır. Odur ki, bu mövcud hakimiyyətin mahiyyəti budur”. Vilayət Muxtar





Həftənin ən çox oxunanları