Yuxarı

Ermənistanda siyasi gərginlik artır

Ermənistanda siyasi  gərginlik artır

  Ovik Abramyan yenidən fəallaşır Sabiq baş nazir siyasi manevrlərə başladı Ermənistanın sabiq baş naziri Ovik Abramyan hazırkı hökumətin fəaliyyətində irəliləyişlər gördüyünü deyib. O, həmçinin aprelin 2-də keçirilmiş parlament seçkilərindən sonra formalaşması hazırkı baş nazir Karen Karapetyana həvalə ediləcək Nazirlər Kabinetinin Ermənistan iqtisadiyyatının sağlamlaşdırılmasına, sabit inkişafına kömək edəcəyinə, daxili və xarici problemlərini aradan qaldıracağına ümid etdiyini deyib. Abramyanın sözlərinə görə, sabiq baş nazirin dövründə olduğu kimi, xalq bu müsbət dəyişiklikləri hələ görmür. “İnsanlar bunu görməyə bilər, ancaq zaman keçdikcə dəyişikliklər çox olacaq”. Ovik Abramyan özünün gələcək siyasi fəaliyyəti barədə danışmaq istəməyib. O, yalnız hakimiyyətdən hər hansı belə bir təklif almadığını deməklə kifayətlənib. Yanvar ayında hakim Respublika Partiyasından istefa verərək müxalifətə keçən eks-baş nazirin indi gözlənilmədən hökumətin xeyrinə reveranslar etməsi siyasi marağa səbəb olub. Çünki müxalifətə keçdikdən sonra Ovik Abramyan daha çox hakimiyyətə qarşı tənqidi mövqe nümayiş etdirib. 2016-cı ilin sentyabr ayında məhz Ovik Abramyanın vəzifədən çıxarılaraq Karen Karapetyanla əvəz edilib. Abramyanın ERP-dən istefa verməsindən sonra prezident Serj Sarkisyan iclasların birində hakim partiyanı tərk etmək istəyənləri “Sınmış tabağının qarşısında qalacağı” ilə hədələyib. “Bu ana çaydan ayrılan qol kimidir. Həmin su yenidən geri qayıtmır və quruyur. Bu təbiətin qanunudur. Bizdən də heç kim bu qanuna qarşı çıxa bilməz”- deyə S.Sarkisyan xəbərdarlıq edib. Abramyan üçün özünün biznes-imperiyasının çay kimi quruyan aqibəti həmin vaxt realist və həm də dəhşətli görünürdü. Görünür, Abramyan oliqarx Qagik Tsarukyanı özünün himayəçisini seçməklə lazımi çıxış yolu tapdı. Sonuncunun “müxalifətçi” fəaliyyəti bir ildən artıqdır onu gözdən salmışdı. Görünür, "Çiçəklənən Ermənistan”ın liderini nümunə kimi gözləri qarşısına gətirən, Abramyan vəziyyəti qarışdırmamaq qərarına gəldi və əvvəlcədən kölgəyə çəkildi. Sabiq baş nazirin son açıqlamalarının hakimiyyətlə bəzi razılaşmalardan irəli gəldiyinə dair ehtimallar səslənir. Bu sövdələşmələrin nəticəsini cəmiyyət yaxın həftələrdə, yeni hökumətin formalaşması nəticəsində görəcək. Yəni, söhbət Ovik Abramyana hansısa vəzifənin verilməsindən gedir. Abramyan yalnız K.Karapetyanın baş nazir postuna namizədliyini dəstəkləmək qarşılığında onun hökumətdə vəzifə alması mümkün ola bilər. Ancaq prezident Sarkisyanın buna imkan verəcəyi də şübhə doğurur. Onu da qeyd edək ki, keçmiş baş nazirin siyasi jestləri bununla yekunlaşmır. Maraqlıdır ki, O.Abramyan yalnız hakimiyyət düşərgəsinə deyil, eyni zamanda Sarkisyana qatı müxalifətdə olan Levon Ter-Petrosyanın da ətrafına yaxın addımlar atmağa başlayıb. O, hökumətin fəaliyyətini təqdiq edən açıqlamasını Ermənistan SSR-ə Sovet dövründə rəhbərlik etmiş, 1997-ci ildə isə respublika parlamentinin spikeri seçilərək güllələnmiş Karen Demirçyanın qəbrini ziyarət edərkən deyib. Məlum olduğu kimi K.Demirçyanın oğlu, Ermənistan Xalq Partiyasının sədri Stepan Demirçyan aprelin 2-də keçirilmiş parlament seçkilərində Levon Ter-Petrosyanın liderlik etdiyi Ermənistan Milli Konqres blokundan deputatlığa namizəd olub. Karen Demirçyanın 85 illik yubiley tədbirinə qatılan Ovik Abramyan onun ailəsi ilə yaxın münasibətdə olduğunu deyib. Ovik Abramyanın siyasi cəhətdən yenidən fəallaşması onun həm hökumətə, həm də radikal müxalifətə paralel reveranslar etməsi ilə müşahidə olunur. Görünür, yüksək reytinqə malik olan sabiq baş nazir müxalifətdəki mövqelərini möhkəmləndirməklə yanaşı, özünün biznes imperiyasını qorumaq üçün hakimiyyətin daxilində də dayaqlar axtarmağa başlayıb. Müşfiq Abdulla





Həftənin ən çox oxunanları