Yuxarı

Qarabağ Ermənistana niyə 1 günlük verildi?

Qarabağ Ermənistana  niyə 1 günlük verildi?

  Fransalı namizəd arxivdə “eşələnir” Nəsiman Yaqublu: “Xruşşov demişdi ki, Dağlıq Qarabağ heç vaxt Ermənistanın ola bilməz” Fransa prezidentliyinə namizəd, sabiq baş nazir Fransua Fiyon Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin davam etməsi ilə bağlı narahatlığını bəyan edib. Fransua Fiyon öz açıqlamasında ermənilərin xeyrinə birtərəfli mövqe nümayiş etdirib. O, 2016-cı ilin aprel ayında cəbhə xəttində baş vermiş 4 günlük müharibəni Azərbaycanın zorla Qarabağı almaq cəhdi kimi yozub. “Şiddətli toqquşma qeyri-sabit sülhlə başa çatıb" - deyə Fiyon bildirib. Onun sözlərinə görə vəziyyət bu gün də təhlükəli olaraq qalır və Qarabağ bölgənin barıt çəlləyidir. Fransua Fiyon ermənilərin maraqlarına uyğun olaraq Dağlıq Qarabağın tarixini saxtalaşdıran bəyanat verməklə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alıb: “Münaqişə Stalinin (SSRİ-nin sabiq rəhbəri-müəll.)faktiki olaraq Qarabağı Ermənistandan ayırıb Azərbaycana birləşdirməsi ilə yaranıb. Bu gün problemi sülh yolu ilə həll etmək lazımdır, digər yol yoxdur” deyə siyasətçi fikrini  əsaslandırıb. Prezidentliyə namizədin belə bir açıqlama ilə çıxış etməsi erməni diasporasının dəstəyini qazanmaq üçündür. Qeyd etmək lazımdır ki, ATƏT-in Minsk Qrupuna həmsədrlik edən bir dövlətə prezident seçilə biləcək bir şəxsin birtərəflilik mövqeyini pozması beynəlxalq hüquq normalarına ziddir. Tarixi mənbələrə əsasən Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradılması məsələsi belə əks olunub. Ermənistan SSR Azərbaycana məxsus Qarabağın dağlıq hissəsini ələ keçirməyə çalışırdı. Sovet rəhbərliyi - Moskva Ermənistanın Qarabağla bağlı iddiasını təmin etməyə qərar verdi. Rusiya Kommunist (bolşeviklər) Partiyasının Qafqaz Bürosu bu məsələni müzakirəyə çıxardı. Büronun 1921-ci il iyulun 4-də keçirilən iclasında Dağlıq Qarabağın Ermənistana verilməsi haqqında qərar qəbul edildi. N.Nərimanovun qəti etirazından sonra iyulun 5-də Qafqaz Bürosu yeni qərar qəbul etdi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın və inzibati mərkəzi Şuşa şəhəri olmaqla, ona vilayət muxtariyyəti verilsin. 1921-ci il iyulun 19-da N.Nərimanov Tiflisdə Azərbaycan, Gürcüstan və Ermənistan Sovet respublikaları arasında sərhəd məsələlərinin müəyyənləşdirilməsinə həsr edilmiş iclasın qərarını belə şərh edib: "Sovet Konstitusiyası çərçivəsində Vilayət İcraiyyə Komitəsi başda olmaqla, daxili özünüidarə hüququ verilməklə Dağlıq Qarabağ Sovet Azərbaycanının ayrılmaz hissəsi kimi qalacaq". N.Nərimanov Dağlıq Qarabağa muxtariyyət statusunun verilməsini Rusiyanın Azərbaycanın başına gətirdiyi fəlakətlərin başlanğıcı hesab edirdi. Azərbaycan hökuməti daxilində milli kommunistlərin bir qrupu bu qərarın icrasına qarşı iki il müqavimət göstərdi. Moskvanın təzyiqi altında Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi yalnız 1923-cü il iyulun 7-də Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradılması haqqında qərar verdi. Vilayətin inzibati mərkəzi kimi Xankəndi seçildi. İki ay sonra ermənilər Azərbaycan hökumətinin razılığını almadan, Xankəndinin adını dəyişərək xalqımızın qəddar düşməni Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırdılar. Tarixçi-alim Nəsiman Yaqublu məsələ ilə bağlı “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Dağlıq Qarabağın ayrıca muxtar vilayət şəklində mövcudluğu yalnız Sovet dövlətinin vaxtında olub. Orada ermənilər bolşeviklərin himayədarlığı nəticəsində belə bir qurumu yaratdılar. Hətta Azərbaycanda çıxan sovet qəzetlərində bəzi informasiyalarda gedirdi ki, bu nə addır? Yəni, istehza ilə narazılıqlar bildirilirdi. O dövrdə Qarabağın Azərbaycandan tam şəkildə ayrılması söhbəti də var idi. Sadəcə olaraq buna qarşı müəyyən müqavimətlər göstərildi, etirazlar səsləndi. Nəriman Nərimanovun da bu məsələdə kifayət qədər fəaliyyəti oldu. Həmin vaxt Azərbaycanda olan gizli müxalifət qüvvələrinin təpkiləri həddindən artıq çox oldu. Onlar bu məsələyə ciddi etiraz etdilər. Bu məsələni 1923-cü ildə ruslar, yəni bolşeviklər süni şəkildə yaradıblar. Təkcə Qarabağa deyil, Naxçıvana da iddia edirdilər. Bildirirdilər ki, Naxçıvanı da Azərbaycandan ayırmaq lazımdır. Bu ona görə edilirdi ki, Azərbaycana ermənilərin vasitəsilə təzyiq mexanizmindən istifadə olunsun”. Tarixçi qeyd edib ki, 1965-ci ildə ermənilər özlərinin qondarma genosid gününün 50 illiyini qeyd edəndə də onlar bu gündən sui-istifadə etdilər: “Həmin dövrdə SSRİ Ali Sovetinin sədri Anastas Mikayanın gücündən istifadə edib Dağlıq Qarabağın məsələsini yenidən qaldırdılar. Yəni, Qarabağı ayırıb Ermənistana birləşdirmək istədilər. Sovet dövlətinin başçısı Nikita Xruşşov bunu etiraz etmiş və bildirmişdi ki, heç vaxt Dağlıq Qarabağ Ermənistanın ola bilməz. Ona görə də Fransa prezidentliyinə namizəd olan Fransua gedib tarixi yaxşı oxusun. Görsün ki, hansı mənbələrdə bu məsələ necə qoyulub. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu sadəcə, ermənilərin Azərbaycanın müstəqilliyinə təzyiq vasitəsi olaraq yaradılmış qondarma bir bölgə adıdır”. Qeyd edək ki, Azərbaycan SSR-in dövlət xadimi Əliheydər Qarayev 1920-ci ildə parlamentdə çıxış edərək Qarabağı ermənilərə verməyi təklif edib. Nəriman Nərimanovun cavabı isə ona çox ağır olub. Nəsiman Yaqublu bu məsələyə də toxunaraq əslində həmin təşəbbüslə ermənilərin özlərinin çıxış etdiyini deyib: “Onlar hər zaman Rusiyadan dəstək alıblar. 1828-ci ildəki Azərbaycan ərazilərində ilk dəfə olaraq erməni vilayəti yaradıldı. Ermənilər bu dəstəyi hiss edəndən sonra daha da aktivləşməyə başladılar və Dağlıq Qarabağ məsələsini də özləri irəli sürüblər. Bu hələ əsrin əvvəllərində ermənilərin Qafqazda fəallaşması və məskunlaşması proqramının bir tərkib hissəsidir. Sadəcə, Gürcüstanda bu iş alınmadığına görə onlar öz fəaliyyətlərini Azərbaycan ərazilərinə keçirdilər və burada da kifayət qədər istədiklərinə nail ola bildilər. Azərbaycan torpaqlarını aldılar, qədim İrəvan vilayətində özlərinin paytaxtlarını yaratdılar. Tədricən bu prosesə həmişə Rusiya dəstək verib”. Alçina Amilqızı





Həftənin ən çox oxunanları