Yuxarı

Qızılı ucuzlaşdıran seçki

Qızılı ucuzlaşdıran seçki

Əkrəm Həsənov: “Bu, maliyyə bazarında olan möhtəkirlərin əməlidir” Fransada prezident seçkisinin ilk turunun ardından qızılın qiymətində ucuzlaşma qeydə alınıb. Buna səbəb isə iqtisadi inkişaf yönümlü Emmanuel Makronun seçkinin ikinci turunda qələbə qazanacağı və bunun nəticəsində investorların riskli aktivlərə yönəlməsilə qızılın qiyməti düşüb. Qızıl 1.5 faiz olmaqla 2 martdan bəri ən kəskin şəkildə ucuzlaşaraq unsiyası 1265.51 dollara qədər endikdən sonra, 1273.64 dollara gəlib. Qızıl və yen ucuzlaşarkən avro güclü yüksəlib. Ekspertlərin qənaətincə, ABŞ dolları Avro qarşısında, Fransada prezident seçkisinin ilk turunun nəticəsi məlum olduqdan sonra ucuzlaşıb. Ən yüksək səsi yığan Yürüş Hərəkatının lideri Emmanuel Makron və həddindən artıq sağçı Milli Cəbhə Partiyasının lideri Marina Le Pen 7 mayda keçiriləcək ikinci tur səsverməsində yarışacaqlar. Keçirilən sorğular, ikinci turu Macronun qazanacağına işarə edir. Avropa Birliyi və Avro əleyhdarı Le Penin seçkini uduzacağı gözlənilir və bu da Avronun bahalaşması ilə nəticələnir. Həmçinin Makronun ikinci turda iştirak etməyə haqq qazanması, yarışın Avropa Birliyi əleyhdarı Le Pen ilə kommunistlərin dəstəklədiyi Jean-Luc Melenchon-un arasında keçəcəyi  ssenarisini aradan qaldırıb və bu vəziyyət, Avroya münasibətdə risklərin azalmasına və investorların riskli aktivlərə yönəlməsinə səbəb olub. “Qara qızıl”a gəlincə, dünya bazarlarında qiyməti bahalaşıb. Belə ki, London və Nyu-York birjalarında keçirilən hərracların nəticələri bəlli olub. Məlumata görə, London birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti 0,52 faiz artaraq bir barelə görə 52,23 dollar olub. Nyu-York birjasında WTI neftinin bir bareli 0,44 faiz bahalaşaraq 49,84 dollara satılıb. Maraqlıdır, qızılın qiymətdən düşməsi valyuta bazarlarına necə təsir göstərəcək? “Le Penin prezidentliyi  Fransanı AB-dən çıxarmağa doğru apara bilər” İqtisadçı-ekspert Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, bu, maliyyə bazarında olan möhtəkirlərin əməlidir: “Fransada təhlükə var ki, prezident Milli Cəbhə Partiyasının lideri Marina Le Pen olsun. Onun da prezidentliyi faktiki Fransanı Avropa Birliyindən çıxarmağa doğru apara bilər. Bu halda da avro zəifləyir, dollar bahalaşır, dünyada yeganə ehtiyat vasitəsi neft güclənir və qızıl qiymətdən düşür. Amma bu ehtimalın özü azdır. Əvvəla Le Penin ikinci turda prezident seçilmə ehtimalı aşağıdır. O, birinci turda əhalinin yalnız 22 faizinin səsini qazanıb. Avropa Birliyindən çıxmağın da tərəfdarı odur. Bu o demək deyil ki, sabah Fransada ümumxalq səsverməsi olsa, o, AB-dən çıxacaq. Ümumiyyətlə, fransızların AB-dən çıxmaq ehtimalı azdır. Əgər tarixə baxsaq, Avropanı birləşdirmək ideyasını XIX əsrin əvvəlində Fransa imperatoru verib. O zaman ingilislər buna imkan vermədi. İndi də ingilislər çalışır ki, Avropa Birliyin dağıtsınlar”. Əkrəm Həsənovun sözlərinə görə, uzunmüddətli perspektiv üçün qızılın qiyməti yalnız artmağa doğru gedəcək: “Çünki heç nə ilə təmin edilməmiş kağız pul sisteminə etimad getdikcə azalır, o cümlədən Amerika dollarına belə. Çünki Amerika dövriyyəyə həddən artıq təmin edilməmiş dolar buraxır. Buna görə də ən etimadlı aktiv qızıldır. Hesab edirəm ki, qısa müddətli dövrdə qızıl əvvəlki qiymətinə qayıdacaq”. İqtisadçının qənaətincə, qızılın qiymətdən düşməsinin neftə təsiri yoxdur. Yeganə Oqtayqızı  





Həftənin ən çox oxunanları