Yuxarı

ABŞ-dan "demokrat silləsi"

ABŞ-dan

Dövlət Departamenti Azərbaycana yardımı niyə dayandırdı?

Sərdar Cəlaloğlu: "Bununla müsəlman ölkələrinə təzyiq edirlər"

Elçin Mirzəbəyli: "Bu məsələdə qərəz axtarmağa ehtiyac yoxdur"

ABŞ Dövlət Departamentinin xətti ilə bir sıra inkişaf etməkdə olan ölkələrə ayrılan maliyyə yardımı azaldılacaq və tamamilə ləğv ediləcək. "Cümhuriyət" qəzeti "Foreign Policy"-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin 15 səhifəlik büdcə sənədində deyilir.  Prezident Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra tərtib edilən plan özündə inkişaf etməkdə olan ölkələrə yardımın üç dəfə azalmasını ehtiva edir.

Sənəd layihəsinə görə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Belarus kimi ölkələrə Dövlət Departamenti xətti ilə maliyyə yardımı ləğv edilə bilər. Ermənistana maliyyə yardımı 77,3%, Moldovaya 47,4%, Ukraynaya 68,8% azalacaq. Azalma həmçinin Gürcüstana da şamil olunacaq. Sənəddə, həmçinin ölkə xaricində layihələrlə məşğul olan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin ABŞ Dövlət Departamenti ilə birləşdirilməsi planı yer alıb

Yardım niyə dayandırıldı?

ABŞ-ın yardımı dayandırdığı ölkələrin ümumi xarakteristikasında ortaq bir məsələ var: Dövlət Departamenti vətəndaş cəmiyyəti və demokratiyanın inkişafında potensialı olmayan dövlətləri siyahıdan çıxarıb. Orta Asiya, Belarus və Azərbaycana zaman-zaman ABŞ-dan demokratiya sahəsindəki problemlərə görə xəbərdarlıqların edildiyini hər kəs bilir. Bu baxımdan hesab etmək olar ki, ABŞ qərarı verərkən Azərbaycanla yanaşı maliyyə yardımını dayandırdığı digər dövlətlərdə demokratiya sahəsində ciddi islahatların aparılmayacağını nəzərə alıb. Ekspertlər qərarı bu baxımdan həmin ölkələrə vurulan "demokrat silləsi" adlandırırlar.

"Azərbaycana təzyiqin bir formasıdır"

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "Cümhuriyət" qəzetinə açıqlamasında ABŞ-ın bu qərarının Azərbaycana təzyiq vasitəsi olduğunu istisna etməyib. S.Cəlaloğlu məsələni həmçinin islam və xristian dinləri arasında gedən kəskin qütbləşmə prosesi ilə də əlaqələndirib: "Dünyada son vaxtlarda islam və xristian dinləri arasında münasibətlərin sürətlə pozulması prosesi gedir. Avropa İttifaqının Türkiyəyə qarşı aqressiv siyasəti, Avropa Şurasının bu ölkə ilə bağlı qərar qəbul etməsi, indi də Amerikanın Azərbaycanla bərabər digər müsəlman dövlətlərinə yardımı dayandırdığı halda, xristian ölkələrinə bu yardımları dayandırmaması göstərir ki, dünyada sürətlə xristian-müsəlman qarşıdurması dərinləşir. Bu qərarı da bu məsələdə maraqlı olan siyasi qüvvələrin ABŞ-ın xarici siyasətinə təsirləri kimi qəbul edirəm".

ADP sədri bunun ABŞ-ın Azərbaycan və digər müsəlman ölkələrinə qarşı təzyiq vasitəsi olduğunu deyib: "Bunların hamısı təzyiqdir. Əgər münaqişə vəziyyətində Amerika iki ölkədən birinə yardım edib, digərinə bu yardımı dayandırısa, demək ki, münaqişə tərəflərindən biri Amerika tərəfindən müdafiə olunur. Bu, dövlətlərarası münasibətlərdə beynəlxalq hüquq normalarının kobud formada pozulması deməkdir. Amerika açıq formada Azərbaycanla düşmən münasibətində olan Ermənistanı dəstəkləyir, bu qərar da bunun açıq formada nümayişidir".

"Qərəz axtarmağa ehtiyac yoxdur"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Elçin Mirzəbəyli "Cümhuriyət" qəzetinə ABŞ-ın Azərbaycana ayırdığı maliyyə yardımını dayandırmasının arxasında xüsusi məqamların olmadığını deyib. E.Mirzəbəyli hesab edir ki, bu, o qədər də ciddi məsələ deyil: "Bu, Trampın əvvəllər verdiyi açıqlamalarla bağlıdır. Seçkidən əvvəl Tramp vəd vermişdi ki, Amerika vətəndaşlarının ödədiyi vergiləri uğursuz layihələr və ayrı-ayrı dövlətlərə xərcləməyəcək. Bu baxımdan da qərarın qəbul ediləcəyi gözlənilirdi. Ermənistana gəlincə, ABŞ-dan bu ölkəyə ayrılan maliyyə vəsaitini erməni diasporunun hesabına ödənilir. İndi bu vəsaitin azaldılması, faktiki olaraq, ABŞ-dan Ermənistana yardımın dayandırılması deməkdir. Ümumiyyətlə, Ermənistana o qədər də böyük vəsait ayrılmır ki, bunun Azərbaycana hansısa təsiri olsun. Konkret olaraq, bu məsələdə qərəz axtarmağa ehtiyac yoxdur. Bu, Azərbaycana təzyiq deyil. Çünki ABŞ Azərbaycanla yanaşı, bir çox ölkələrə də yardımı dayandırıb. Ukrayna kimi böyük yardımlara ehtiyacı olan bir dövlətə də yardımı iri həcmdə azaldıb".

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları