Yuxarı

Qarabağda savaş: Qələbə üçün cəmi 1 ay

Qarabağda savaş: Qələbə üçün cəmi 1 ay

Üzeyir Cəfərov: ”Döyüş əməliyyatları aylarla davam edə bilər”

Ramil Məmmədli: ”Ordumuza 30 gün bəsdir”

Abuzər Əbilov: ”Lokal əməliyyatlar üçün çox böyük vaxt lazım deyil”

Ötən ilin aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin regionun ən güclüsü olduğunu bir daha göstərdi. Ordumuz qısa zaman kəsiyində və az qüvvə ilə işğalçı Ermənistan ordusunu ağır məğlubiyyətə uğratdı. Bununla da erməni hərbçilərin təsəvvüründə yaranmış ”məğlubedilməzlik” mifi darmadağın edildi.Ancaq bütün bunlara baxmayaraq 20 ildən artıqdır ki, işğal faktı davam edir.Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışsa da, işğalçı Ermənistan hakimiyyəti hər dəfə müxtəlif bəhanələrlə prosesi uzadır.Bəs Azərbaycan hərbi müdaxilə hesabına Qarabağı neçə günə azad edə bilər?

 ”Cümhuriyət” qəzetinə açıqlamasında keçmiş hərbçi, ehtiyatda olan pokovnik-leytenant Üzeyir Cəfərov  deyib ki, bu döyüş əməliyyatlarının uğurundan asılı olacaq: ”Bir peşəkar kimi Qarabağın azadlığı üçün gün söhbəti etməyə bir qədər çəkinirəm. Ona görə ki, müharibə uğurlu da olar, uğursuz da. Uğurlu əməliyyatlar aparılarsa, 2 həftə ərzində düşməni tamamilə ram etmək mümkündür. Yox, əgər döyüşlər planlaşdırılan kimi getməsə, bu məsələ aylarla da davam edə bilər.1994-cü ilin uğurlu qış əməliyyatları zamanı Füzulinin 22 kəndi və indi haqqında daha çox danışılan Cocuq Mərcanlını işğaldan azat etdik.Amma onu da deyim ki, o, ana qədər ermənilər çox rahat şəkildə irəliləyirdilər.Ancaq Azərbaycan hərbçilərinin öz vəzifələrinə məsuliyyətlə yanaşması nəticəsində düşmən çox ağır zərbə aldı və qaçmağa başladı.Ona görə də Qarabağın neçə günə azad olunması döyüşün necə keçməsindən və veriləcək qərarlarından asılı olacaq”.

Hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib ki, Azərbaycan ordusuna torpaqları işğaldan azad etmək üçün 30 gün kifayət edər: ”Əgər hərbi əməliyyatlar zamanı heç bir problem yaranmazsa, maksimum 30 günə Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağı azad etməyə qadirdir”.

Polkovnik-leytenant Abuzər Əbilov isə 20 gün ərzində Qarabağı bütövlükdə azad etməyin mümkün olduğunu dedi: ”Lokal əməliyyatlar üçün çox böyük vaxt lazım deyil. Bütövlükdə Qarabağı azad etmək üçün təxminən 2 həftə vaxt lazımdır.Aran Qarabağda isə bu əməliyyatları 3 günə yekunlaşdırmaq mümkündür.Çünki, Qarabağın relyefi həddindən artıq mürəkkəbdir.Digər tərəfdən düşməni qiymətləndirməmək peşəkar hərbçinin qəbahətidir.Azərbaycan Ordusu indiki səviyyədə yaxşıdır, hazırlıqlıdır.Hesab edirəm ki, 20 gün ərzində bütövlükdə işğal faktını tamamilə aradan qaldırmaq olar”.

Vilayət Muxtar
Cebhe.info





Həftənin ən çox oxunanları