Yuxarı

Qarabağda həlledici savaş

Qarabağda həlledici savaş

Elxan Şahinoğlu: "Atəşkəs rejimi də intensiv formada pozulursa, hərbi toqquşma ehtimalı yüksəkdir"

ABŞ Milli Kəşfiyyat Agentliyi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilginc iddia ilə çıxış edib. 

"Cümhuriyət” qəzeti xəbər verir ki, agentlik il ərzində Dağlıq Qarabağda tammiqyaslı müharibənin olacağını bildirib: 

"Tərəflərin kompromislərə getmək niyyətinin olmaması və ölkələr daxilində artan təzyiqlər bu il Azərbaycanla Ermənistan arasında Qarabağda tammiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilər."

Hesabatı agentliyin direktoru Daniel Kouts ABŞ Konqresinə təqdim edib: 

"Azərbaycanla Ermənistan arasında separatçı Dağlıq Qarabağ regionuna görə gərginlik 2016-cı ilin aprelində alovlanıb. Və hər iki tərəfin kompromislərə getmək niyyətinin olmaması, daxili təzyiqlərin artması nəticəsində 2017-ci ildə tammiqyaslı hərbi əməliyyatların başlanması imkanları qalır”.

Hərbi toqquşmanı labüd edən amillər

Ekspertlər hesab edirlər ki, il ərzində Ermənistan və Azərbaycan arasında həlledici müharibənin olacağını labüd edən məsələ Rusiya ilə bağlıdır. Məlumdur ki, Rusiya tərəfindən ilin əvvəlində 3 mərhələli həll planı gündəmə gətirilib. Kremlin baş ideoloqu Aleksandr Duqin Bakıda olarkən 5 rayonun Azərbaycana qaytarılmasından danışdı. Duqindən əvvəl isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanı Avrasiya İttifaqında görəcəklərindən məmnun olacağını deməklə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeniliklərin olduğu təəssüratını yaratdı. Hesab etmək olar ki, Duqin məhz bu yeni planının anonsunu vermişdi. Ekspertlərin ehtimallarına görə, Rusiya Dağlıq Qarabağ münaqişəsini il ərzində həll etməyi planlaşdırır. Planın bir müddət əvvəl Moskvada olan Ermənistan prezidentinə çatdırıldığı və anlaşmanın olduğu deyilir. Belə ki, rayonların mərhələli formada müharibəsiz Azərbaycana qaytarılacağının Ermənistan ictimaiyyətində narazılıq yaradacağını göz önünə alan Sarkisyan bunu müharibə yoluyla həllinə razılaşıb. Ehtimallara görə, savaşın ilk mərhələsində 5 rayonu azad edəcək Azərbaycan, ikinci mərhələdə 2 rayonu götürəcək və bundan sonra Dağlıq Qarabağın statusunun müəyyən olunmasıyla bağlı danışıqlar başlayacaq.

"Hərbi toqquşma qaçılmazdır”

Politoloq Elxan Şahinoğlu "Cümhuriyət” qəzetinə açıqlamasında il ərzində Ermənistan və Azərbaycan arasında müharibənin olacağını istisna etməyib. E.Şahinoğlu Amerika kəşfiyyatının hesabatını ciddi hesab edir: 

"ABŞ kəşfiyyatının hesabatından əvvəl də məlumdur ki, atəşkəs kövrəkdir, danışıqlarda irəliləyiş yoxdur. Müəyyən ümidlər vardı ki, böyük dövlətlər Ermənistana təzyiq edəcəklər, amma bu baş vermir. Bütün bunlar ondan xəbər verir ki, münaqişənin diplomatik yolla həll variantı mümkün deyil. Atəşkəs rejimi də intensiv formada pozulursa, hərbi toqquşma ehtimalı yüksəkdir. Guya indiki halda sakitlikdir, amma hər gün atəşkəs pozulur, itkilər də var. Bu baxımdan ABŞ-ın iddiası ilə müəyyən qədər razılaşmaq olar. Lakin qarşıdurmanın başlayacağı konkret tarixi əvvəldən müəyyən etmək çətindir. Yay ayları yaxınlaşdıqca, hərbi toqquşma ehtimalı da artır”.

"Ermənistan üçün ağır müharibə olacaq”

Hərbçi-ekspert Üzeyir Cəfərov "Cümhuriyət” qəzetinə bildirib ki, ABŞ-ın iddiasına həqiqət var. Ü.Cəfərov hesab edir ki, bu, ciddi təhlillərə hesablanmış hesabatdır: 

"Nə qədər ki, Dağlıq Qarabağla bağlı beynəlxalq qurumlar ədalətli mövqe tutmayıblar, bizim müharibəyə başlamaqdan başqa yolumuz qalmır. Azərbaycanın öz suverenliyini təmin etmək üçün atacağı addım budur ki, düşmən qüvvələrini öz ərazilərindən sıxışdırıb çıxarsın. Ermənistana indiki status-kvo sərf edir. Bunun üçün də maksimum formada vaxtı uzatmağa çalışır. Mənasız görüşlər, həmsədrlərin regiona məntiqsiz səfərləri, həmsədrlərin dəyişdirilməsi, cəbhə xəttində baş verən təxribatlar Ermənistanın maraqlarına xidmət edən məsələlərdir. 

Böyük dövlətlərdə də bilirlər ki, Azərbaycanın bundan sonra uzun müddət gözləmək limiti yoxdur. Buna görə də hesab edirəm ki, il ərzində real döyüş əməliyyatları başlaya bilər. Çünki Ermənistan tərəfi Azərbaycana qarşı çox ciddi təxribatlar törədir. Azərbaycan heç bir halda bunu cavabsız qoymayacaq. Hərbi toqquşma aprel döyüşlərindən tam fərqli və ciddi olacaq. Bu müharibə Ermənistan üçün ağır nəticələrə gətirib çıxaracaq”. 

Ekspertin sözlərinə görə, Fransa, ABŞ və Rusiya başa düşür ki, Azərbaycan bu dəfə yağlı vədlərə inanmaq fikrində deyil: 

"Biz 2016-cı ilin aprelindən 2017-ci ilin aprelinədək gözləyirdik ki, nəhayət Ermənistanı başa salan tapılacaq. Amma biz gördük ki, bunun qarşılığında gözlərimizin qarşısında düşməni silahlandırırlar. Başda Rusiya olmaqla, Ermənistana arxada silah verən dövlətlər bir daha özlərini bizə sübut etdilər ki, çox da özümüzü sakitləşdirməməliyik. Bu dövlətlər üzdə Azərbaycanın üzünə gülüb, arxada satmağa hazırdırlar”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları