Yuxarı

Putin Ağ Evin hədəfində

Putin Ağ Evin hədəfində

Məhəmməd Əsədullazadə: "ABŞ çalışacaq ki, Putinin siyasi mövqeyini zəiflətsin”

Rusiya ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasında yaranan gərginlik getdikcə kəskinləşir. Bu gərginlik  geosiyasi proseslərə də ciddi şəkildə təsir göstərir. Bu günlərdə Rusiya-ABŞ münasibətlərini dəyərləndirən ABŞ dövlət katibi Reks Tillerson deyib:  "Rusiya ilə münasibətlərimizin vəziyyəti bizi və dünya ölkələrininin ümumi marağına uyğun deyil, ancaq bu münasibətlərin yenilənməsi (perezaqruzka) mümkün deyil”. ABŞ dövlət katibi açıq şəkildə bəyan edib ki, Putin administrasiyası iqtidardan getmədiyi müddətdə ABŞ-Rusiya münasibətləri bərpa olunmayacaq.

AXCP üzvü, politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, böyük güclərin toqquşması Ukraynada başladı, Yaxın Şərqdə davam edir:

"Rusiyanın 2008-ci il avqustunda Gürcüstana qarşı işğalçılıq siyasətinin qarşısının alınmaması, analoji prosesin 2014-cu ilə Ukraynaya qarşı davam etməsinə səbəb oldu. ABŞ başda olmaqla, Qərb ölkələri Rusiyanın Krımı ilhaqından  sonra bu ölkəyə sanksiyalar tətbiq etdi. Şərqi Avropa ölkələrini Rusiyanın təcavüzündən qorumaq üçün ABŞ -ın NATO ilə birgə öz ordusunu Polşa və Baltikyanı ölkələrdə yerləşdirməsi gərginliyi artırdı.

Ukraynanın Donbas və Luqansk separatçılarına dəstək verən Rusiyanın Minsk və "Normand formatı” çərçivəsində əldə olunan razılaşmalara əməl etməməsi vəziyyəti bir az da mürəkkəbləşdirdi. Putinin Ukraynaya qarşı işğalçılıq siyasətinin məqsədi ABŞ-ın Rusiya sərhədləri yaxınlığında demokratik rejim qurmasının qarşısını almaqdır.Eyni zamanda Putin Suriyaya qoşun çıxartmaqla Rusiyanın beynəlxalq güc olduğunu nümayiş etdirdi”.

Politoloq hesab edir ki, münasibətlərin gərginləşməsinin səbəbi Rusiyanın kompromisə getməməsidir:

"Putin ümid edirdi ki, Trampla ortaq məxrəcə gələrək Suriya böhranında özünün fövqəldövlət statusunu qəbul etdirəcək. Rusiya ilk əvvəl Suriya danışıqlarında ABŞ-ı kənarda saxlasa da Şeyrat aviabazasının Pentaqon tərəfindən raketlə vurulmasından sonra bu ölkənin maraqlarını nəzərə almağa başladı.Tillerson və Rusiya XİN başçısı Lavrov iki ölkənin toqquşan maraqlarını həll etmək üçün görüşlər keçirir.Görünən odur ki, Rusiya Suriya və Ukraynada tutduğu mövqeləri əldən vetmir, kompromisə getmir.

Trampın Gürcüstanın ərazi bütövlüyü və separatçı qurumları ilə bağlı qanun lahiyəsini imzalaması Rusiyaya Cənubi Qafqazda bir mesajdır.Görünür, artıq ABŞ üç regionda Rusiyanın işğalçı siyasətinə qarşı mübarizəyə başlayıb.Rusiyaya qarşı sanksiyalar tətbiq edilməklə, bu prosesi aparırlar”.

Məhəmməd Əsədullazadə hesab edir ki, Putin hal-hazırda Avropa İttifaqını dağıtmaq üçün əlindən gələni edir:

"Putin kiber hücumla ABŞ-ın müttəfiqi Avropa İttifaqının parçalanması üçün əlindən gələni edir. Aİ ölkələri daxilində  müxtəlif siyasi partiyaları dəstəkləyir və hakimiyyətə gətirməyə çalışır. Balkanlarda da ABŞ-Rusiya siyasi toqquşması davam edirdi, Monteneqro NATO-ya üzv edildikdən sonra proses nisbətən sakitləşib.Dünyanın ayrı-ayrı regionlarında mübarizə aparan ABŞ və Rusiyanın siyasi əlaqələrinin normallaşması mümkün deyil.  Tərəflər o zaman  razılığa gələ bilər ki, Putin Yaxın Şərqdən və Ukraynadan çəkilsin.

Qonşu dövlətlərə qarşı təzyiqdən istifadə etməsin.G20 zirvəsində Tramp-Putin görüşməsi də sadəcə, ümumi dialoq üçün bir fürsət olacaq.İki lider danışıqlar sürəcinin aparmasına razılaşacaqlar.Suriyada iki tərəf əks qütbdə, Ukraynada da həmçinin.Lavrov-Tillerson görüşmələrində razılığın əldə olunmaması, ABŞ -ın Putin Rusiyası ilə nə qədər çətin bir rejimlə qarşılaşdığının fərqindədir.Buna görə də Rusiya ilə əlaqələrin düzəlməyəcəyi anonsunu verir.

Qeyd edim ki, ABŞ çalışacaq ki, sanksiyaları davam etdirsin və gücdən istifadəni masaya gətirsin.Danışıqlarda Putinin şərtləri ilə qarşılaşdıqlarına görə, belə müzakirələrin əhəmiyyət kəsb etmədiyini görürlər.Suriya münaqişəsində iki ölkənin problemləri daha da dərinləşəcək.Mümkündür ki, ABŞ Suriyaya hərbi müdaxiləyə keçsin.Bu da Rusiyanın kəskin reaksiyası ilə üzləşəcək.Bu reaksiya Ukraynada özünü göstərə bilər.Ola bilər ki, Ukrayna yenidən geosiyasi mübarizədə plasdarma çevrilsin. ABŞ çalışacaq ki, gələn il Rusiyada prezident seçkiləri ərəfəsində müxalif qüvvələri dəstəkləsin,  Putinin siyasi mövqeyini zəiflətsin”. 

Vilayət Muxtar





Həftənin ən çox oxunanları