Yuxarı

Azərbaycan "İslam NATO-su”nda?

Azərbaycan

Elçin Mirzəbəyli: "Azərbaycan qoşulmama hərəkatının üzvüdür, müstəqil siyasət yürüdür”

Elşən Mustafayev: "NATO heç vaxt gələcəkdə özünə qarşı çevriləcək hərbi blokun qurulmasına imkan verməz”

İsrail kəşfiyyatına yaxınlığı ilə seçilən "Debka” informasiya agentliyi sensasion iddia ilə çıxış edib. "Cümhuriyət” qəzeti xəbər verir ki, İsrail kəşfiyyatına istinad edən mənbə ABŞ-ın "İslam NATO-su” qurmağa başladığını yazıb. Azərbaycan, Türkiyə, ərəb və digər müsəlman-islam dövlətlərinin iştirak edəcəyi layihənin yaxın günlərdə Səudiyyə Ərəbistanına səfər edəcək ABŞ prezidenti Donald Tramp tərəfindən region dövlətlərinə çatdırılacağı qeyd olunur. 

"Debka” yaxın günlərdə Səudiyyə Ərəbistanının payaxtı Ər-Riyad şəhərində keçiriləcək Amerika - İslam sammitində məsələnin müzakirə olunacağı diqqətə çatdırılıb. Türkiyə və Azərbaycanın da sammitə dəvətli olduğu bildirilib. 18 ölkənin iştirak edəcəyi sammitə İran dəvət olunmayıb. İsrail kəşfiyyatının iddiasına görə, "İslam NATO-su” Trampın Səudiyyə səfəri və sammitdən sonra elan olunacaq: "İranın başı prezident seçkisinə qarışıb. Rəsmi Tehran ər-Riyadda baş tutacaq Amerika - İslam toplantısını narahatlıqla izləyir. Çünki qurulması planlaşdırılan hərbi birliyin məqsədi İŞİD-lə mübarizə olmayacaq. "İslam ordusu” İran, İraq, Suriya və "Hizbullah”a qarşı mübarizə aparacaq. "İslam NATO-su” ABŞ tərəfindən Yaxın Şərqdəki böhranla mübarizə üçün qurulur. İslam İttifaqı ABŞ və İsrail tərəfindən dəstəklənəcək”.

"Rusiya və İranın təxribatı ola bilər”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli "Cümhuriyət” qəzetinə açıqlamasında belə bir layihənin və Azərbaycanın burada iştirakının mümkünsüzlüynə diqqət çəkib. Partiya yetkilisi İsrail KİV-lərinin bu iddiasını əsassız hesab edib: "Kəşfiyyat strukturlarının adıyla yayılan məlumatlar absurddur. Kəşfiyyat strukturları heç vaxt məlumat yaymırlar. Əgər məlumatı yayırlarsa, bu zaman üçüncü tərəfdən istifadə edirlər. Bir sıra hallarda kəşfiyyat KİV-lərə istinad edir. Amerika və İsrail kəşfiyyatlarının adlarından yayılan məlumatları əsassız hesab edirəm. Qənaətimə görə, bu ayrı-ayrı siyasi mərkəzlərin ictimai rəyi öyrənmək üçün ortaya atdıqları informasiyalardır. Bütün belə məlumatlarda qeyri-ciddilik var. Kəşfiyyat məlumatı açıqlanırsa, bu, artıq kəşfiyyat məlumatı deyil”.

Elçin Mirzəbəyli "İslam NATO-su”nun ortaya çıxacağını da düşünmədiyini diqqətə çatdırıb: "Birləşmiş Ştatlar bu addımı niyə atmalıdır? Eyni dinin daşıyıcı olan ölkələri bir araya gətirməkdə hansı marağı ola bilər? Bu mümkün olacağı halda belə, Azərbaycanın burada iştirak edəcəyini düşünmürəm. Azərbaycan öz inkişafını müstəqil siyasətdə görür. Eyni zamanda Qoşulmama Hərəkatına üzv olmaqla, Azərbaycan hərbi-siyasi bloklara qoşulmayacağını rəsmi şəkildə bəyan edib. Burada müxtəlif maraqlı qüvvələr yer ala bilər. Ola bilər ki, bu məlumat ya Rusiya, ya da İran tərəfindən İsrailin adından gündəmə gətirilib. İran diqqəti Səudiyyə Ərəbistanına yönəltmək üçün bundan istifadə edə bilər. Eyni zamanda mümkündür ki, Azərbaycanda keçirilən İslam Həmrəyliyi oyunları hansısa qüvvələrin maraqlarına uyğun deyil. Bununla bağı da Azərbaycanın adı belə informasiyalarda hallandırıla bilər. Bütün hallarda bu informasiya təxribat xarakterlidir və əsassızdır”.

"NATO özünə problem axtarmır”

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) sədrinin beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev "Cümhuriyət” qəzetinə İsrail KİV-lərində yayılmış bu məlumata o qədər də inanmadığını deyib. AMİP rəsmisinin sözlərinə görə, bu, gündəmi dəyişmək üçün ortaya atılmış məlumatdır: "ABŞ-ın NATO-dan kənar hansısa hərbi blok yaradacağı inandırıcı deyil. İslam dünyasının özündə də belə birləşməyə meyil yoxdur. Bu baxımdan müsəlman ölkələrinin ABŞ-ın təsiri altında, ya da bundan kənarda hərbi blokda birləşəcəklərini düşümürəm. Məsələn, müsəlman ölkəsi olan Türkiyə NATO-da təmsil olunur. Buna görə də zaman-zaman Türkiyənin problemlərlə üzləşdiyinin şahidi oluruq. Bu baxımdan da "İslam NATO-su” adlı anlayışın reallaşacağına inanmıram. NATO-nun özü də heç vaxt gələcəkdə özünə qarşı çevriləcək hərbi blokun qurulmasına imkan verməz. NATO özünə problem axtarmır. İsraili başa düşmək olar, çünki İsrailin ərəb dövlətləri və bir sıra digər müsəlman ölkələriylə münasibətləri normal deyil. Hesab edirəm ki, İsrailin narahatlığı da buradan doğur. Amerikanın ərəb dövlətlərinə təzyiq rıçaqları var, amma bunun hərbi blokun qurulmasına gətirib çıxaracağı ehtimalı məntiqli deyil”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları