Yuxarı

Kreml üçün önəmli üç region

Kreml üçün önəmli üç region

İlham İsmayıl: "Rusiya ilk olaraq Suriyadan çıxarılacaq”

Suriya, Ukrayna və Koreya yarımadası Rusiya üçün strateji cəhətdən vacib ərazilərdir. Bunu Federasiya Şurasında çıxışı zamanı Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib. Qeyd edək ki, son günlər hər üç istiqamətdə vəziyyət gərginləşib. ABŞ-ın və Avropa Birliyinin Ukrayna münaqişəsinə və Krımın işğalına görə Rusiyaya tətbiq olunan sanksiyaları qüvvədə saxlaması Kremli çətin vəziyyətə salıb. Şərqi Avropada və Baltikyanı bölgədə Rusiya ilə NATO arasında hərbi-siyasi qarşıdurma artır. 

Ona görə də Ukraynada baş verənlər Rusiya üçün ərazi münaqişəsi müstəvisindən çıxaraq geostrateji əhəmiyyətə malik regional təhlükəsizlik məsələsinə çevrilib. Ukraynada mövqeləri zəifləyən Moskva Suriyada öz mövcudluğunu qorumaqdan ötrü prezident Bəşər Əsədə tam dəstək verir. ABŞ-ın Yaxın Şərqdə geosiyasi mövqelərini gücləndirmək istiqamətində fəallığının artması Rusiya tərəfindən narahatlıqla qarşılanır. Amerika prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfəri və 55 müsəlman dövlətinin iştirakı ilə terrorizmə qarşı koalisiya yaratmaq planı İranın Suriyadan və Yəməndən çıxarılması ilə nəticələnə bilər. Bu isə Bəşər Əsəd rejiminin hakimiyyətdən getməsi deməkdir. ABŞ-ın Suriya böhranının həllində qələbəsi və Rusiyanın bölgədə hərbi varlığının əsas səbəbi olan B.Əsədin hakimiyyətdən salınması Kremlin maraqlarına ciddi təhlükə yaradır. Çünki Rusiya silahlı qüvvələrinin Suriyanı tərk etməsi Moskvanın Aralıq dənizinə yeganə çıxış imkanını bağlamaqla yanaşı, ərəb dünyasındakı geosiyasi mövqelərini itirməsi deməkdir. Ona görə də çox güman ki, Kreml Suriyada hərbi mövqelərini qoruyub saxlamağa çalışacaq. Ancaq Rusiya Suriyadakı mövcudluğunu davam etdirmək üçün Əsəd rejiminin yıxılmasında Qərblə kompromisə də getməyə cəhd edə bilər. 

Şimali Koreyaya gəlincə, bu təhlükə Rusiyanın sərhədlərinə getdikcə daha çox yaxınlaşır. Siyasi müşahidəçilər S.Şoyqunun çıxışından sonra diqqəti daha çox ABŞ-ın Koreya yarımadası ətrafında hərbi fəallığının artması və KXDR-ə qarşı raket zərbələri endirməsi ehtimalına çəkir. Bildirilir ki, Moskva ABŞ-ın Şimali Koreyaya hücumuna maneə yaradır. Bununla yanaşı, Şimali Koreyanın qitələrarası "Punkkton-2” raketini sınaqdan keçirməsini Rusiya milli təhlükəsizliyi üçün ciddi təhdid hesab edir. Rusiyanın Uzaq Şərqdə və Qırğızıstandakı Rusiya hərbi bazaları yüksək döyüş vəziyyətinə gətirilib. Xatırladaq ki, mayın 14-də sınağı keçirilən "Punkkton-2” raketi Rusiyanın Primorsk vilayətindən 100 km aralıda dənizə düşüb. Əgər Şimali Koreyaya qarşı hərbi əməliyyatlar başlayarsa, Pxenyan ABŞ-ı, Cənubi Koreyanı və Yaponiyanı uzaq mənzilli raketlərdən, həmçinin nüvə silahından cavab zərbəsi kimi istifadə edəcəyi ilə hədələyir. Regionda nüvə müharibəsinin baş verməsi ehtimalı Rusiyanı da ciddi narahat etməyə başlayıb.  

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl hesab edir ki, hər üç region Rusiya üçün strateji cəhətdən mühüm önəm daşıyır: 

"Ukrayna ilə Şimali Koreya Rusiya ilə həmsərhəddir. Lakin Ukraynana bu gün başqa siyasət aparır və Qərblə yaxınlıq nümayiş etdirir. Ukraynanın Avropaya inteqrasiyasını və NATO-ya üzv olması ehtimalını Rusiya özü üçün təhlükə sayır. Şimali Koreyada isə mövcud rejim dağılsa, məlumdur ki, Cənubi Koreya ilə birləşəcək. Bu halda birləşmiş Koreya Amerika ilə müttəfiqlik münasibətləri quracaq. Rusiya da prosesin belə istiqamətdə inkişaf etməsini istəmir. Eyni zamanda, Qərb öz sərhədləri yaxınlığında Amerikaya meylli yeni gücün yaranmasına razı deyil. Şimali Koreyadakı totalitar rejim Rusiyanı qane edir və bu ölkə Rusiyanın forpostudur. 

Suriyaya gəlincə onu demək olar ki, Yaxın Şərqdə, o cümlədən İsrailə qarşı bütün təxribatlar bu ölkənin əli ilə törədilib. Bu gün Suriyadakı rejim dəyişsə, Rusiyanın fövqəldövlət kimi Yaxın Şərqdə heç bir rolu qalmayacaq. Hazırda Rusiya maliyyə baxımından nə qədər baha başa gəlsə də Suriyada nüfuz savaşı aparır. Bu mənada Rusiya Suriyada dirəniş göstərir”. 

İlham İsmayıl onu da qeyd etdi ki, yaxın perspektivdə Moskva adıçəkilən regionlarda özünün hərbi-siyasi iştirakını qoruyub saxlaya biləcək. Amma müəyyən müddətdən sonra Rusiya Suriyada, Ukraynada və Şimali Koreyadakı geosiyasi dayaqlarını itirəcək:

"Rusiya ilk olaraq Suriyadan çıxarılacaq. Sonra da tədricən Ukraynadan çıxarılacaq. Donbasda təzyiqlərini nə qədər davam etsə də həmin ərazi artıq  Rusiyanın əlindən gedib. Prezident Trampın Ukraynaya ayrılan vəsaiti 58 faizdən artıq azaltsa da bu ölkə Qərb üçün strateji əhəmiyyət daşıyır. Bütün bunların sonunda Rusiya məğlub olacaq. Hər üç bölgədə Rusiya yaxın gələcəkdə mövqelərini itirəcək ”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları