Yuxarı

Məmurların yarısı FETÖ-çü çıxdı

Məmurların yarısı FETÖ-çü çıxdı

Elşən Manafov: "Qərb və müxalifətin Ərdoğan hakimiyyətinə olan iradları daha da kəskinləşəcək”

Türkiyədə FETÖ istintaqı çərçivəsində əməliyyatlar davam edir. Həbs edilən FETÖ-çuların əksəriyyəti dövlət orqanlarından çıxır. Bu günlərdə Ankara Prokurorluğu tərəfindən "Bylock" istifadə etdiyi təsbit edilən 60 nəfər Ankara Böyükşəhər Bələdiyyəsi, 19 nəfər rayon bələdiyyələrində işləyən, ümumilikdə 79 nəfər haqqında nəzarət qərarı verilib. Bundan əlavə, prokurorluq tərəfindən 30-u İnkişaf Nazirliyi, 30-u Milli Təhsil Nazirliyinin keçmiş əməkdaşı olmaqla 60 nəfər üçün də saxlanma qərarı verildiyi bildirilib. 

Şübhəlilərdən 56 nəfərinin sözügedən bələdiyyələrdə çalışdığı, 23-nün isə qurumlardan xaric edildiyi barədə məlumat verilib. Qeyd edək ki, bundan əvvəl də iyulun 15-də dövlət çevrilişinə cəhd hadisələrindən sonra Ədalət və İnkişaf Partiyasından 300 nəfər çıxarıldı. Bunu Türkiyənin hakim Ədalət və İnkiaf Partiyasının (AKP) Qaziantepdən olan millət vəkili Şamil Təyyar "TGRT Haber”də yayımlanan "Neler Oluyor” verilişində bildirib. Onun sözlərinə görə, partiyadan çıxarılanlar arasında əyalət məclisinin sədri, bələdiyyə sədri, bələdiyyə Məclis üzvü də var: "Bunlar deyilmir, açıqlanmır. Sanki hər şeyə göz yumulur. Bundan sonra da mübarizənin daha güclü şəkildə davam edəcəyini düşünürəm”. Məlumata əsasən, həmin 300 nəfər Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əməkdaşlıqda şübhəli bilinən Türkiyə üzrə polis, jandarm və sahil mühafizə xidməti əməkdaşlarının birgə keçirdiyi "Hüzur Türkiyə- 6” ("Əmin-aman Türkiyə-6”) əməliyyat nəticəsində axtarışda olan 1485 nəfər tutulub. Əməliyyat ölkənin 81 əyalətində eyni vaxtda keçirilib.

Məlumata görə, bu ilin yanvarından başlayan "Hüzur Türkiyə” əməliyyatı nəticəsində barələrində axtarış elan olunan 7 min 855 nəfər tutulub ki, onların böyük bir qismi FETÖ-çüdür. FETÖ-çü olduqları müəyyənləşən şəxslərin çoxunun məmur və hökumət üzvləri olduğu söylənilir. 

Məsələ ilə bağlı politoloq Elşən Manafov "Cümhuriyət” qəzetinə bildirib ki, yüksək sayda məmur oldusunun ələ keçirilməsi göstərir ki, ölkə qanunçuluğun möhkəmləndirilməsi və nizam-intizamın yaradılması  yönündə tədbirləri davam etdirəcək: "Türkiyədə bu tədbirlərin həyata keçirilməsi hüquqi müstəvidə həllini tapmalıdır. Türkiyə müxalifəti və Qərb  tərəfindən Ərdoğan hakimiyyətinə olan iradlar daha da kəskinləşəcək. Ərdoğan tərəfindən bütün məmur ordusuna qarşı həyata keçirilə biləcək tədbirlər Avropa Birliyi və Türkiyə arasında onsuz da kifayət qədər olan gərginliyin daha da artmasına səbəb olacaq.

Avropa institutları bu prosesdə Türkiyəni demokratik idarəetmə prinsiplərinə əməl etməməkdə suçlandıracaq. Nəzərə alsaq ki, ABŞ -da prezident Trampla  Ərdoğanın görüşü cəmi 20 dəqiqə çəkmişdi. Əslində razılıqlar əldə olunmamışdı. Düşünürəm ki, Avropa dövlətləri Türkiyənin  Avropa Biliyinə üzvlük məsələsini birdəfəlik qapamağa çalışacaqlar. Məraqlı məqam da ondan ibarətdir ki, Avropa Birliyi tərəfindən təzyiqlərin güclənəcəyi halda Türkiyənin bu birliyə olan qalan ümidləri alt-üst olunacaq. Bu isə Türkiyənin xarici siyasətində müəyyən dəyişikliklərin həyata keçirilməsinə səbəb olacaq”.

Politoloqun sözlərinə görə hazırda regional və qlobal təhlükəsizlik məsələlərində Türkiyə Rusiya və İranla eyni mövqedən çıxış edir: "ABŞ-ı isə narahat edən əsas məqam bundan ibarətdir. Avropa Biliyinin bu hadisələrdən istifadə edərək, Ərdoğana qarşı irəli sürəcəyi ittihamlar həm birliyin, həm də Türkiyənin özünün maraqlarına cavab verməyəcək. Bu iki qurum arasında yaşanan gərginlik həm də Almaniyadakı türk icmasına təsirsiz ötüşməyəcək. Şübhəsiz ki, bu məsələ Türkiyə hakimiyyətinin içərisinə sirayət etdikcə, hökumət ciddi tədbirlər görməyə məcbur qalacaq.

Əgər bu tədbirlər müxalifət tərəfindən anlayışla qarşılansa, Türkiyə cəmiyyətində vəhdət və birlik olsa, Avropa Birliyi ilə Türkiyə arasında yaşanan gərginlik Türkiyə dövlətçiliyi üçün ciddi şəkil almayacaq. Amma müxalifət Ərdoğan iqtidarının bu addımlarını özünün maraqları naminə istifadə etməyə çalışacaqsa, bu Türkiyədə parçalanmanın daha da dərinləşməsinə və ölkənin müstəqil dövlət kimi siyasət yeritməsinə mane olar. Bu isə Avropa institutlarının müvafiq qurumlarının maraqlarına cavab verəcək”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları