Yuxarı

İŞİD əvəzinə Kürdüstan

İŞİD əvəzinə Kürdüstan

Sədrəddin Soltan: "Bundan sonra bölgədə onları YPG və PYG əvəzləyə bilər"

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Kəşfiyyat idarəsinin keçmiş rəisi, istefada olan general-polkovnik İsmayıl Hakkı Pekin maraqlı açıqlama ilə çıxış edib. O, deyib ki, ABŞ Suriyani parçalamaq istəyindədir və bunun üçün plan qurur. İstefada olan general-polkovnikin sözlərinə görə kürdlərin çoxluq təşkil etdiyi Demokratik Suriya Qüvvələrinin Rakkanı tərk etmələri üçün İŞİD terrorçularına dəhliz verməsi ABŞ-ın Suriyanı parçalama planının tərkib hissəsidir: 

"Xəritəyə baxanda görürük ki, Fərat çayının şimal-şərq sahilindəki bölgələr ABŞ-la sıx əməkdaşlıq edən PYD/YPG terrorçu qruplarının nəzarəti altındadır.ABŞ oradan Cerablusa qədər olan bölgəni kürd qruplarına verməyi planlaşdırır, əməkdaşlığın əsas səbəbi də budur.Açıqlamadan da aydın görünür ki, ABŞ-ın Suriyanı parçalamaq məqsədinin arxasında kürd dövlətinin yaranması durur.

Mövzu ilə bağlı "Cümhuriyət” qəzetinə danışan "Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib ki, Suriya, İraq və başqa ərəb dövlətləri, Səudiyyə Ərəbistanı da daxil olmaqla XX əsrin ortalarında meydana çıxmış dövlətlərdir:

 "Onların demək olar ki, hamısı, yəni ərəb dövlətlərinin əraziləri ya səfəvilərin, qacarların, ya da ki, osmanlıların hakimiyyəti altında olublar.Sonrakı dövrlərdə bu ərazilərdə ingilislərin, fransızların köməyilə dövlətlər yarandı.XX əsrin ortalarında isə ABŞ həmin əraziyə nüfuz etməyə başladı. Həm Suriya, hə də İraqdakı hakimiyyət Sovet İttifaqına bağlı idi. Hər iki dövlət sosialist yönlü siyasi ideoloji hakimiyyət idi. Hadisələrin inkişafı göstərir ki, elan edilmiş böyük Yaxın Şərq planı (Böyük Orta Doğu) bölgədəki ərəb dövlətlərinin, bundan əlavə Türkiyənin, İranın parçalanmasına və yeni dövlətlərin yaranmasına istiqamətlənib.

İndi İraqın şimalında kürd muxtariyyəti adında bir yerli idarəetmə forması yaradılıb.Bunlar davamlı surətdə beynəlxalq ictimaiyyəti, Qərbi təhdid edirlər ki, müstəqillik haqqında referendum keçirə bilsinlər.Açıq-aydın görünür ki, İraq ərazisi bir dövlət kimi artıq parçalanıb.Oxşar vəziyyət Suriyada da getməkdədir.Məsələn, Suriyanın şimal hissəsi terrorçu PKK-nın Suriyadakı qolları PYD və YPG-nin nəzarəti altındadır.Onların rəhbərliyi altında fəaliyyət göstərən Suriya demokratik qüvvələri bu məsələlərə nəzarət edir.

ABŞ da Türkiyə və beynəlxalq ictimaiyyəti inandırmağa çalışır ki, silahı PKK-ya deyil, Suriya demokratik qüvvələrinə verir. Amma onların hamısının alt yapısında İraqda baş verən Kürd muxtariyyəti adı altında gedən proses Suriyada da təkrarlanır. İraqda bu məsələni Bərzani və Talibanın başçılıq etdiyi siyasi təşkilatlar həyata keçirdi.Suriyada isə bu prosesi PYD və YPG həyata keçirir.Amma ideya eynidir”.

Bölgədə kürd dövlətinin yaradılması nəyə xidmət edəcək? 

Sədrəddin Soltan bu məsələyə də toxunub. O, qeyd edib ki, şübhəsiz ki, bu məsələdə ilk növbədə İsrailin təhlükəsizliyi dayanır: 

"Bundan əlavə bölgədə enerji yataqlarına nəzarət etmək məsələsi dayanır. Qərbdə, xüsusilə, ABŞ-dan asılı ola biləcək bir dövlətin yaranması məsələsi ortaya çıxır. O perspektivə ABŞ bölgədəki strateji tərəfdaşı olan Türkiyəni, yaxud Səudiyyə Ərəbistanını dəyişə bilər. Həmin bölgəyə ehtimal edilən və nəzərdə tutulan kürd dövləti vasitəsilə nəzarət etməyi planlaşdırır.

Perspektivə görə Səudiyyə Ərəbistanının ərazisində də parçalanmanın yaranması mümkündür.Ola bilər ki, Yəməndə də yeni bir hadisələr inkişaf etsin.Amma hələlik iki ölkənin ərazi bütövlüyü, bu ölkələrin ərazisinə yeni bir dövlətin doğması istiqamətində fəaliyyət göstərir. O da danılmaz faktdır ki, YPG Rakkadan İŞİD-in geri çəkilməsi məsələsini razılaşdırıb. İŞİD PKK-nın Suriyadakı qolları ilə danışığa gedərək Rakkadan geri çəkilməyə başlayır.ABŞ iddia edir ki, silahları PKK-nın oradakı qollarına müvəqqəti olaraq verib.Rakka və Suriya terrorçulardan azad olunduqdan sonra o silahları geri alacaq.İndiyə qədər belə bir hadisə olmayıb.

Məsələn, Əfqanıstan məsələsi buna örnəkdir.1979-cu ildə ABŞ ayrı-ayrı dini, ideoloji qrupları silahlandırdı. O savaş bu günə qədər getməkdədir. Ola bilər ki, perspektivli ölkədə kürd dövləti heç yaranmasın.Amma kürdlərdən ibarət terrorçu, silahlı qruplaşmalar yaransın və böyük dövlətlərin maraqlarına çıxan qüvvələrdən istifadə etsin.Bununla yanaşı İŞİD-i perspektivdə əvəz edə bilən qüvvələr ortaya çıxa bilər.Yəni, bu günə qədər İŞİD, Əl-Qaidə var idi.Bundan sonra bölgədə onları YPG və PYG əvəzləyə bilər”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları